Moldovada hava şəraitinə görə məktəblər bağlanıb

Dünya

28.11.2023 - 03:17

Fəaliyyəti dayandırılan məktəblərdə 150 ​​mindən çox uşaq təhsil alır

Moldovada əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün 361 məktəbdə dərslər dayandırılıb.

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə yerli KİV ölkənin Təhsil və Elm Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, qərarlar yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib və 20-dən çox məktəbdə dərslər onlayn rejimdə keçirilir.

"Ümumilikdə, fəaliyyəti dayandırılan məktəblərdə 150 ​​mindən çox uşaq təhsil alır. Daha 3866 uşaq onlayn tədris prosesində iştirak edib", - nazirlikdən bildirilib.

Ötən gün nazirlik yerli hakimiyyət orqanlarına tövsiyə edib ki, qar fırtınası ilə əlaqədar təhsil müəssisələrinə giriş çətin və ya qeyri-mümkün olan ərazilərdə tədris prosesinin dayandırılması məsələsinə baxılsın.

Müəllif: Ayna.az