Milli Məclisdə Qərbi Azərbaycan müzakirəsi: qayıdışla bağlı təkliflər səsləndirildi

Aktual

03.03.2023 - 18:15

Parlamentdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib

Bu gün Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləməni parlamentin İnsan hüquqları komitəsi təşkil edib. İctimai dinləmədə deputatlar, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dinləmə iştirakçıları Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma ata-baba yurdlarına dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflər verəcəklər.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır: "Çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə bağlayır. Heydər Əliyevin bütün tərcümeyi-halı, keçdiyi yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi, müstəqil Azərbaycana qayıdışı və ikinci dəfə hakimiyyətə gəlməsi nəinki qərbi, bütövlükdə azərbaycanlıların son bir əsrlik taleyini özündə əks etdirir. Ona görə də qələbəmizin üçüncü ilində verilən qərarlar Ulu öndərin baxışlarını özündə əks etdirməklə gələcək nəsilləri də əhatə etməlidir”.

Komitə sədri: "Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik”

“Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil, belə demək mümkündürsə, “icma” ifadəsi şərti xarakter daşıyır, onu daxili siyasi mübarizə təşkilatı, iqtisadi mənfəət qrupu, mandat, vəzifə və imtiyaz uğrunda çarpışan qüvvəyə çevirmək nəzərdə tutulmur, son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir", - deputat qeyd edib.

Z.Oruc vurğulayıb ki, dünyanın yenidən bölüşdürüldyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır: "Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik, söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında- Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar. Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Prezidentin özəl günündə İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda həyacana, narahatlığa, əsəbi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, elə həmin gün nota verərək beynəlxalq təşkilatlara müraciət ediblər. Lakin İlham Əliyevin tarixi missiyası-dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaş məkanında birləşdirməkdir. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması, İrəvanla bağlı tarixi gerçəkləri və işğal coğrafiyamızın ümumi mənzərəsini yenidən canlandırması-1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması-bu proseslərin başlanğıcıdır”.

“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”

“Qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Lakin Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə bütövlükdə xalqımızın qarşısında irəli sürür”, - komitə sədri bildirib.

Z.Oruc bildirib ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır: "Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə".

“İrəvanın ermənilərə güzəşətə gedilməsi böyük tarixi səhv idi”

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyamız da hazırdır və Milli Məclisdə məsələ ilə əlaqədar dinləmələr keçirilir: "Son 200 ildə Qərbi Azərbaycanda yaşayan sondaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar ÇAR Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülməsi ilə başlayıb. Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar".

“İrəvanın ermənilərə güzəşətə gedilməsi böyük tarixi səhv idi və Azərbaycan Milli Şurasının həmin qərarı vermək hüququ yox idi. Həmin ərazilərin əhalisinin rəyi də nəzərə alınmamışdı. Eyni hal Zəngəzurun bölünməsində də yaşandı. Bu zaman da azərbaycanlıların rəyi soruşulmadı", - deyə Ələkbərli vurğulayıb.

İcma rəhbəri xatırladıb ki, Qərbi Azərbaycan İcması bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məktub göndərib: “Məktubda Qərbi Azərbaycan İcması adından Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini xahiş etmişik”.
“Eyni zamanda, məktubda İttifaqın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri yüksək qiymətləndirilib. Hazırda Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı da məsələyə toxunmuşuq. Biz Avropa İttifaqı ilə insan hüquqları, humanitar məsələlərlə bağlı əməkdaşlığa hazır olduğunu bildirmişik”, - Ə.Ələkbərli bildirib.

Nazir müavini: “Qərbi Azərbaycan məsələsini Azərbaycan və Ermənistan arasında bağlanılacaq sülh müqaviləsinin gündəliyinə əlavə etməliyik”

“Qərbi azərbaycanlılar könüllü olaraq geri qayıtmalıdır. Eyni zamanda Qərbi azərbaycanlıların təhlükəsizlik məsələsi də əsas gündəmdədir. Bu zaman Ermənistan öz üzərinə düşən vəzifəni yerinə yetirməli və məsuliyyət daşımalıdır”. Bu sözləri isə dinləmədə iştirak edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini vurğulayıb ki, Qərbi Azərbaycan məsələsini Azərbaycan və Ermənistan arasında bağlanılacaq sülh müqaviləsinin gündəliyinə əlavə etməliyik: “Bundan başqa, biz beynəlxalq təşkilatlar vasitəsilə Qərbi azərbaycanlıların hüquqlarını tam müdafiə edəcəyik. Ermənistan tərəfi onlara dəymiş ziyanı ödəməli, təhlükəsizliyini təmin etməlidir”.

“Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərin çox böyük məsuliyyət düşür", - Xələfov vurğulayıb.

Xələf Xələfov: “Bu məsələdə populizmə yol vermək olmaz”

Nazir müavini əlavə edib ki, Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür: “Bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir. Bu məsələdə populizmə yol vermək olmaz. Məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb".

“Hansısa Azərbaycan vətəndaşı düşünürsə ki, Azərbaycan torpaqları işğal olunmayıb...”

Politoloq Eldar Namazov çıxışında qeyd edib ki, Azərbaycana Qərbi Azərbaycana Qayıdış konsepsiyasından başqa yol xəritələri də lazımdır: “Bu istiqamətdə işlərimizi düzgün formalaşdırmaq üçün yol xəritəsi yaradılmalıdır. Biz bu yolda daha çox xarici auditoriya ilə işləməliyik. Beynəlxalq təşkilatlarda Qərbi azərbaycanlıların hüquqları tələb olunmalı, onlara dəyən ziyan tam araşdırılmalıdır”.

“Daxili auditoriyaya da nəzarət etmək lazımdır. Hansısa Azərbaycan vətəndaşı düşünürsə ki, Azərbaycan torpaqları işğal olunmayıb, oradan soydaşlarımız deportasiya edilməyib, onlarla bağlı qanunvercilik formalaşmalıdır. Tarixi faktları inkar etmək olmaz. Azərbaycan vətəndaşı belə düşünməli deyil”, - deyə namazov fikirlərinə əlavə edib.

“Azərbaycan tərəfi Rusiya ilə SSRİ-i tərkibinə hansı ərazilərlə qatıldığını müzakirə etməldir”

Deputat Fazil Mustafa “Qərbi Azərbaycan İcması haqqında" qanun layihəsinin hazırlanması təklif edib: "Biz bu məsələni konkretləşdirməli və hüquqi əsaslandırma ilə onun həllinə çalışmalıyıq. Məhz bu yolla torpaqlarımızı azad etdik. Ona görə də əsasən hüquq zəminində mübarizəni aparmalıyıq".

“Azərbaycan tərəfi Rusiya ilə SSRİ-i tərkibinə hansı ərazilərlə qatıldığını müzakirə etməldir”, deyən deputat Hikmət Məmmədov isə bildirib ki, Azərbaycan 1920-ci ildə SSRİ-nin tərkibinə necə qatılmışdısa, bununla bağlı Rusiya qarşısında iddia qaldırmalıdır: “Rusiya özünü SSRİ-nin davamçısı adlandırır. O zaman biz davamçı olaraq Rusiya ilə əraziləri müzakirə etməliyik”.

Müəllif: Anar Bayramoğlu