Krantin rejimi yumşaldılmalıdırmı – Biz “hə” deyirik, gürcülər isə tərəddüddədir

Aktual

24.08.2020 - 21:15

Baş infeksionist: “Açıq havada restoran və kafelərin, həmçinin çimərliklərin açılmasının virusun yayılmasına təsir edəcəyi barədə deyilənlərə inanmıram”

 

21 avqust 2020-ci il tarixində Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva karantin rejiminin yumşaldılması məsələsinə toxundu: “Karantin rejiminin yüngülləşdirilməsi prosesi mərhələlərlə gedir. Artıq bu gün biz yoluxmuş insanların sayında cüzi artım görürük. Ancaq rejimin sərtləşdirilməsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib”.

 

Göründüyü kimi, 5 avqust 2020-ci ildə ölkədə xüsusi karantin rejimi yumşaldıqdan sonra yoluxmuş insanların sayında cüzi artım müşahidə olunmağa başladı. Ölkədəki sərt karantinin yüngülləşdirilməsi çərçivəsində çimərliklər, açıq havada kafe və restoranların fəaliyyəti yenidən bərpa edildi.

 

Bəs, qonşu Gürcüstanda vəziyyət nə yerdədir? Və oradakı yetkililər ümumi gedişatla bağlı nə düşünürlər? Bu ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze AYNAA-ya açıqlamasında deyib ki, karantin rejiminin yüngülləşdirilməsi və ya ləğv edilməsi koronavirusa yoluxan insanların sayının artmasına səbəb ola bilər.

 

“Gürcüstan ərazisində çimərliklərin, o cümlədən açıq havada olan restoran və kafelərin fəaliyyəti hələ də bərpa edilməyib. Bütün bu addımlar koronavirusun Gürcüstanda yayılmasının qarşısını almaq üçün edilib və nəticəsini verməkdə də davam edir”, - o bildirib.

 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə fərqli düşünür. O AYNA-ya söyləyib edir ki, açıq havada restoran və kafelərin açılmasının və çimərliklərin fəaliyyətinin bərpasının koronavirusun yayılmasına təsir edəcəyi barədə deyilənlərə inanmır: “Hansı yerlərin açıq və ya qapalı olmasından asılı olmayaraq, ölkə vətəndaşları tibbi maskalardan istifadə etsələr və sosial məsafəni ciddi olaraq qorusalar, o zaman karantin rejiminin saxlanması zərurəti aradan qalxar”.

 

Misal olaraq qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 23 avqust 2020-ci il tarixində Azərbaycanda koronavirus infeksiyasına 169 yeni yoluxma halı qeydə alınıb. Elə həmin gün Gürcüstanda cəmi 17 yeni yeni yoluxma qeydə alınıb.

Müəllif: Rəşad Rüstəmov