Prezident Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqı təbrik edib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
AYNA xəbər verir ki, noyabrın 20-də xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.
Prezident qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir: “Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.
“Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm”, - deyə Prezident qeyd edib.
Dövlət başçısı bildirib ki, son illər ərzində Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınıb və rayonun ərazisinə 93 min köçkünü yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır.