Milli Məclisdə Ombudsmandan Arutyunyan soruşuldu: "Monitorinq aparılır?"

Cəmiyyət

04.03.2022 - 15:08

Parlamentin iclasında İnsan Hüquqları üzrə Müvəkkilin hesabatı dinlənilib

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) hesabatı dinlənilib. Hesabat iclasında Ombudsman Səbinə Əliyeva məruzə ilə yanaşı, bir sıra məsələlər üzrə təkliflər də səsləndirib. S.Əliyeva çıxışına işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə danışmaqla başlayıb: "Bu gün işğaldan azad edilmiş ərazilər minalardan təmizlənir, avtomobil yolları, dəmiryolları tikilir və xüsusilə, region üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin təməli qoyulur”.

Bəzi bölgələrdə məktəblər acınacaqlı vəziyyətdədir

"Ötən dövrdə Bakı və ölkə ərazisində çoxsaylı məktəb binaları tikilib, köhnə binalar təmir edilib və istifadəyə verilib", - deyən Ombudsman qeyd edib ki, bununla belə, bəzi bölgələrdə hələ də məktəblərin vəziyyəti acınacaqlıdır: "Bu məktəblərin təmiri və bərpası ilə bağlı addım atılmalıdır. Həmçinin məktəblilərin dərsliklərə əlavə vəsaitlərlə dövlət hesabına təmin edilməsi həll olunmalıdır".

S.Əliyeva qeyd edib ki, ölkədə pandemiya ilə bağlı vəziyyət nəzarətdədir: "Ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq pandemiyaya qarşı görülən tədbirlərin həyata keçirilməsi davam etdirilir". Bildirib ki, görülən işlər fonunda Azərbaycanın bütün dünyada nümunəvi ölkə kimi təqdir alması müsbət haldır. Ombudsmanın sözlərinə görə, 2021-ci ildə görülən qabaqlayıcı tədbirlər sayəsində pandemiyanın təsirləri, yoluxmanın artması nəzarətdə saxlanılıb.

"Tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi genişləndirilməlidir" 

Ombudsman tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi ilə bağlı da təklif verib və deyib ki, bu, genişləndirilməlidir: “İnsan sağlamlığının qorunmasında vacib hesab edilən bütün xidmətlərin dövlət hesabına göstərilməsinə ehtiyac var. Buna görə də icbari tibbi sığorta çərçivəsində olan Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırılmalıdır. Sosial təminat hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə pensiyanın düzgün hesablanmaması, ünvanlı dövlət sosial yardımının təyin olunmaması, sosial sığorta haqlarının fərdi şəxsi hesaba əlavə edilməməsi, pensiya məbləğinin əldə edilməsi üçün verilmiş plastik kartın etibarlılıq müddətinin bitməsi, sanatoriya-kurort yollayışları ilə təmin olunmaqla bağlı müraciətin nəticəsiz qalması, əlilliyin təyin edilməsindən imtina olunması, eyni zamanda pensiyanın yenidən hesablanmasında, əmək pensiyasının ödənişinin bərpa edilməsində, sosial müavinətin təyin olunmasında, sığınacağa və ya sosial xidmət müəssisəsinə yerləşdirilmədə, maddi yardım edilməsində, ərzaq yardımının verilməsində köməklik göstərilməsi kimi hallar öz əksini tapıb. Pensiyanın təyin edilməsi zamanı və ya yenidən hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların Ombudsmana müraciətləri üzrə araşdırmalar aparılıb, hüquqlarının təmini ilə bağlı tədbirlər görülüb”.

Ombudsmana sual: "Sülhməramlıların nəzarətində olan ərazilərdə monitorinq aparılırmı?"

Hesabatı təqdim edən Ombudsman S.Əliyevaya deputatlar tərəfindən suallar ünvanlanıb. Deputat Nigar Arpadarai S.Əliyevaya "Ombudsman sülhməramlıların nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulması ilə bağlı monitorinq aparırmı?" sualını verib. 

"Çünki bu gün orada erməni cinayətkarlar hələ də qalmaqdadırlar. Onlardan biri də elə terrorçu Araik Arutyunyandır. Digər cinayətkarlar da oradadırlar. Onlar silahlıdır, bu da ona gətirib çıxarır ki, orada olan azərbaycanlı və erməni əsilli vətəndaşlarımız həmişə risk altındadır. Ona görə də, hesab edirəm ki, bu məsələdə həm sülhməramlılar, həm də aidiyyəti qurumlarla iş aparılmalıdır”.

Deputat media rəhbərlərinə müraciət edib

Müzakirə zamanı deputat Aydın Mirzəzadə media qurumlarının rəhbərlərinə müraciət edib. Millət vəkili qeyd edib ki, qəzetlər, saytlar, televiziyalar öz səhifələrini və ekranlarını Oombudsman üçün açsınlar: "Televiziyalarda tolk-şoularda Ombudsman əməkdaşlarını görmürük. Bununla bağlı müzakirələrə onlar da qoşulmalıdır".

Deputat eyni zamanda, Ukraynada təhsil alan tələbələrin problemləri ilə bağlı da məsələ qaldırıb: "Həmin tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır. Biz onların təhsil həyatını, gələcəyini taleyin ümidinə buraxa bilmərik".

Millət vəkili: "Gəncə İnzibati Məhkəməsinin fəaliyyəti araşdırılmalıdır"

“Güclü məhkəmə hakimiyyəti olmadan Azərbaycanda güclü Ombudsman təsisatı ola bilməz”, - deyə çıxışına başlayan deputat Qüdrət Həsənquliyev bildirib ki, məhkəmə hakimiyyətinin gücləndirilməsi üçün görülən işlər yetərli deyil: “Çox təəssüf ki, biz iqtisadiyyatımızı azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına uyğun qura bilmirik. Gəncə İnzibati Məhkəməsi ilə əlaqədar süründürməçiliklə bağlı şikayətlər çoxdur. Məhkəmə nə iddiaçının xeyrinə, nə də ziyanına qərar qəbul edir. Buradan Məhkəmə-Hüquq Şurasına müraciət edirəm ki, bu məhkəmənin fəaliyyəti araşdırılsın. Eyni zamanda, Gəncə Apelyasiya Məhkəməsinin inzibati kollegiyası ilə bağlı şikayətlər var. Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir. Biz orada zaman-zaman insanların incidilməsini görmüşük”.

Müzakirələrdən sonra Ombudsmanın 2021-ci ildə insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər haqqında məruzəsi qəbul olunub. 

Deputat: "Bu qanunu pozanlar üçün cəzalar çox sərt olmalıdır"

İclasıda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. 9 fəsil, 40 maddədən ibarət olan bu qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Layihədə göstərilir ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir.

Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub. Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.

Müzakirə zamanı deputat Qənirə Paşayeva vaxtı keçmiş məhsullarının satışından şikayətlənib. Millət vəkili qeyd edib ki, qida təhlükəsizliyinin pozulması ilə bağlı qanunun tətbiqi əsasdır: "Bu qanunu pozanlar üçün cəzalar çox sərt olmalıdır. Bu gün bir çox şəhərdə mağazalarda vaxtı bitmiş məhsulları endirimli məhsul kimi verirlər, ya da məhsulun istifadə müddətinin bitməsinə isə 1-2 gün qalmış olur. Mağazalarda vaxtı keçmiş qidaları reklamla satırlar, bunun qarşısı alınmalıdır. Kasıb insanlar gəlib bu endirimli məhsulu alır. Amma cəza tədbirlərinin daha geniş qanun layihəsində əksini tapmasına böyük ehtiyac var. Burada əhalinin məhz sağlamlığı və genefondla bağlı məsələlər var”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, bu məsələ layihənin 36-cı maddəsində əksini tapıb: "Qanunun qəbulundan sonra deputatlar israr edərsə, bu məsələyə yenidən baxıla bilər”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu