Milli Məclisdə bu gün: ömürlük pasport, qiymətlərdən narazılıq və "kazinolar açılsın"

Cəmiyyət

20.12.2021 - 18:26

“İnsanlar evlərində oturub bozbaş yeməyə üstünlük verəcəklər. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır"

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb, bəzi layihələr təsdiq edilib. İclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi. Layihəyə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək.

Deputat həmkarını qınadı: "Ölkədə baş verən quruculuq işlərinə  xələl gətirir"

Müzakirələr zamanı deputat Razi Nurullayev qanun layihəsində mənbələrin olmaması ilə bağlı etirazını bildirib. Deputata cavab verən həmkarı Fəzail Ağamalı isə onunla razılaşmayıb. 

"Deputat həmkarım Razi Nurullayevin fikirlərinə cavab vermək mümkün deyil. İstənilən layihəyə səs verməmək haqqı var. Amma bu tonda çıxış edərək ölkədə baş verən quruculuq işlərinə  xələl gətirir", - deyə Ağamalı vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan məsuliyyətli ölkədir: "Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə təqdim olunub. Deputat həmkarım ətraflı məlumat almaq istəyirsə, müraciət edə bilər. Hansısa məqsədlərə görə bu cür çıxışları qəbul etmirəm".

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport ömürlük veriləcək

Toplantıda "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulub. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan əndan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Deputatlar ömürlük diplomatik pasport istəyirlər

“Azərbaycanda deputat seçilir. Onun səlahiyyət müddəti başa çatandan sonra isə onun diplomatik pasportu geri qaytarılır”, - deyə layihənin müzakirəsi zamanı çıxışına başlayan deputat Sabir Rüstəmxanlı bildirib. Əlavə edib ki, 1995-ci ildən bəri parlamentdən kənarda qalan belə şəxslərin sayı 150-200 nəfər olar: “Onların çoxu dünyasını dəyişib. Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatların diplomatik pasportları qaytarılsın”.

Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: “Xahiş edirəm, bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı”.

Deputat Məlahət İbrahimqızı da təklifi dəstəkləyib: “Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, deputatın diplomatik pasportu ilə bağlı müddəalar “Deputatın statusu haqqında” qanunda əksini tapıb: “Əgər deputatlar tərəfindən bu məsələ ilə bağlı təkliflər olsa, buna komitədə baxıla bilər”.

Spiker Sahibə Qafarova da deputatların bir neçə dəfə bu məsələni qaldırdıqlarını deyib: “Bu məsələni nəzərə almaq olar”.

Deputat: "Xaricdə yaşayan azərbaycanlılar sənədsiz yaşayırlar"

Deputat S.Rüstəmxanlı onu da qeyd edib ki, xaricdə yaşayan vətəndaşlarımıza şəxsiyyət vəsiqəsi vermək üçün səfirlik və konsulluq tərəfindən hüquqi zəmin olmalıdır: "Xaricdə yaşayan azərbaycanlılar şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə uzun müddət sənədsiz yaşayırlar. Həmin qurumlara hüquqi səlahiyyət verilsə, bu məsələlər həll olunar".

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

"İranlılar gəlib gördülər ki, burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər"

Parlamentin iclasında, həmçinin “Turizm haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirə zamanı deputat Erkin Qədirli deyib ki, ölkəyə gələn turistlər onlayn xəritələrdən istifadə edirlər.

"Bu xəritələrdə çox zaman bizim tarixi abidələrimizin adı səhv yazılır. Mən öz qarşılaşdığım halları deyirəm. Məsələn, Zaqatalada rus kilsəsi var, xəritəyə girirsən, yazılıb ki, dağıdılmış gürcü kilsəsi. Bu, Turizm Agentliyinin səlahiyyətlərinə aiddir, yoxsa yox? Bu işə ümumiyyətlə, baxan varmı? Turistlər gəlib yanlış təəssüratla ayrılırlar", - deyə o vurğulayıb.

Müzakirə zamanı S.Rüstəmxanlı xatırladıb ki, bir neçə il öncə Güney Azərbaycandan turistlər Azərbaycana axın edirdilər: "Novruz bayramını da burada keçirirdilər. Amma onlar yalnız 1 il gəldilər. Çünki gəlib gördülər ki, burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər. Daha sonra onların üzü İrəvana çevrildi, çünki gedənlərə xüsusi şərait yaradırdılar”.

Rüstəmxanlı eyni zamanda, ovçuluq turizmi ifadəsinin layihəyə salınmamasını dəstəkləyib: “Biz resurslarımızı gələn turistlərin ehtiraslarına qurban verə bilmərik”.

Deputatdan təklif: "Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verilsin!"

“Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin”, - deyən deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: “İnsanlar evlərində oturub bozbaş yeməyə üstünlük verəcəklər. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəqbul edilib. 

Müəllif: Anar Bayramoğlu