MTRŞ haradadır, bilən varmı?

Cəmiyyət

14.09.2019 - 18:18

"Müharibə şəraitində olan bir ölkənin, əhəmiyyətli bir gündə bütün efirini söndürmək nə dərcədə doğrudur?"

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) "Teleradio" İstehsalat Birliyi bu gün elan edib ki, sentyabrın 16-da Azərbaycanın efir məkanında profilaktika işləri aparılacaq. Bununla əlaqəli həmin tarixdə saat 06:00-dan 15:00-dək telekanal və radioların yayımı dayandırılacaq.

 

AYNA xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu vəziyyətə öz etirazını bildirib.

 

O.Gündüzün sözlərinə görə, müharibə şəraitində olan bir ölkədə efir məkanının tam söndürülməsi və hətta bunun qabaqcadan elan edilməsi heç bir məntiqə sığmır: “Yenə “həmin kordinat həmin dalğadır”. Son zamanlar bu ifadədən tez-tez istifadə etməyə başlamışam. Çünki görünür ki, bəzi dövlət qurumları, inhisarçı qurumlar köhnə prinsiplərini dəyişmək istəmirlər. "Teleradio" İstehsalat Birliyi inhisarçı dövlət qurumdur, texniki cəhətdən yayım siqnallarını göndərən yeganə qurumdur. Hansı ki, kefi nə zaman istəyirsə, göndərə də bilər, sanitar günü elan edib göndərməyə də bilər”.
 

“Efirə cavabdeh dövlət qurumu olan Milli Televiziya və Radio Şurası (MTRŞ) isə sanki yoxdur. “Teleradio” inhisarçısının belə absurd açıqlamalarına və hərəkətlərinə heç bir reaksiya yoxdur. Hökumətə heç bir təklifi də yoxdur. Diqqət yetirin, lütfən. 16 sentyabr tarixi ölkədə əhəmiyyətli bir gündür. İlk dəfə dərs başlayacaq. Yüz minlərlə uşaq dərsə gedəcək. Güman ki, ölkə rəsmiləri də tədbirlərdə iştirak edəcəklər. Amma “Teleradio” və Milli Televiziya və Radio Şurası deyir ki, “bunun bizə dəxli yoxdur, biz gərək qrafik üzrə avadanlıqların tozunu silək””, - deyə o, qeyd edib.

Image result for osman gündüz

Osman Gündüz onu da xatırladıb ki, cəmi iki il öncə alternativ bir teleqüllə tikilməsi, hətta dövlət vəsaitləri də ayrılması barədə məlumat verilmişdi: “Bunun da məhz profilaktikanın qarşısını almaq, dayanıqlı informasiya təminatı üçün qurulduğu bildirilirdi. “Etender” saytına nəzər salmaq kifayətdir ki, “Teleradio” inhisarçısının nə qədər vəsaitlər aldığını görəsən. Bəs nə baş verdi? Hara yox oldu alternativlər. Bu qədər resurslara malik olan ölkənin “Teleradio” yayımı nə üçün söndürülməlidir axı? Müharibə şəraitində olan bir ölkənin, əhəmiyyətli bir gündə bütün efirini söndürmək nə dərcədə doğrudur? Əgər həmin gün internet bağlantısı da yox olarsa, təsəvvür edirsinizmi bunun fəsadları necə ola bilər? Dəfələrlə bu haqda yazılıb, amma nəticə yoxdur”.

 

Ekspert daha sonra Prezidentin köməkçisi Əli Həsənova müraciət edib: “İndi mən sual edirəm ölkənin informasiya siyasətinə, Milli Televiziya və Radio Şurasının fəaliyyətinə nəzarət edən, Prezidentin köməkçisi hörmətli Əli Həsənova. Nə üçün bizim milli informasiya resurslarımız ildə bir neçə dəfə tam susmalıdır? Nə üçün xüsusi, əhəmiyyətli günlərdə efir yayımı dayanmalıdır? Alternativlərdən nə üçün istifadə edilmir? Qəribədir ki, müharibə şəraitində olan bir ölkədə bunu qabaqcadan elan etməklə həyata keçirirlər. Bu nə dərəcədə doğru bir yanaşmadır? Ölkəmizin şimal-qərbində, cənubunda, sərhəd bölgəsində qonşu ölkələrin teleradio qurumları meydan sulayır. Bizim ümumrespublika radiolarımız sərhəd bölgələrində keyfiyyətli fəaliyyət göstərə bilmir. Biz efir məkanımıza yetərincə nəzarət edə bilmirik. Belə olan halda məhdud resurslarımızın da dayandırılması nə dərəcədə doğrudur?”

 

O.Gündüz düşünür ki, bu sahədə işlərə yenidən nəzər salmaq lazımdır: “İnformasiya siyasətimiz müasir tələblər baxımından yenidən işlənməlidir. Əlbəttə, qlobal dünyada milli informasiya məkanı formalaşdırmaq çox çətindir. Amma düşünürəm ki, efir məkanımıza, informasiya fəzamıza nəzarətlə bağlı bizdən asılı olan bütün imkanlardan maksimum istifadə etməliyik. Efirin, infomasiya fəzasının dayanıqlığı üçün real alternativlər qurulmalıdır, bunun üçün zəruri resurslar ayrılmalıdır. Milli Televiziya və Radio Şurası və “Teleradio” inhisarçısının qarşılıqlı münasibətləri yenidən tənzimlənməlidir”.

Müəllif: Ayna.az