Mətbuatın nəfəsini kəsən adam ona yeni nəfəs verdi – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

01.09.2020 - 10:32

Bu qılıncı kim düzəldibsə, həmin qılınc da onu kəsir, inciməyə ehtiyac yoxdur...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu gün Azərbaycan mətbuatını yalnız iki mövzu maraqlandırır: koronavirus və Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra ona və qohum-əqrəbəsinə tutulan toy. Bir zamanlar “boz kardinal” adlandırılan Mehdiyevi bu gün ağına-boznuna baxmadan, hətta, onun bircə razı baxışını üzərlərində tutmaq üçün bəhsə girən deputatlar və iqtidaryönlü və iqtidarətrafı qəzetlərin baş redaktorları belə, tənqid edirlər. Dəb belədir və xoşlarına da gəlir. Çünki illərlə onlar Ramiz Mehdiyevə rəğbət bəsləməyib, ondan qorxublar. Atalar elə-belə deməyib ki, səndən qorxandan qorx, çünki qorxan adam məqam düşən kimi səni vuracaq.

 

Bu sətirləri oxuyan adamlar birdən elə bilərlər ki, mən Mehdiyevi müdafiə-filan edirəm. Qətiyyən! Ondan da, idarə tərzindən heç zaman xoşum gəlməyib, amma oturduğu kreslodan məharətlə istifadə edərək, güclənən, intriqalar kralına çevrilən bu adamı həmişə çox maraqla izləmişəm. Heç bir dövlət vəzifəsinə iddia etmədiyim üçün təbii ki, Mehdiyev və kontorasının mənə dəxli olan tərəfi yalnız media siyasəti idi.

İranlı jurnalistlər Azərbaycana gələcəklər

Ölkə gündəminə bomba kimi düşən AMEA saytında çıxan bəyanatını oxudum Mehdiyevin. Sanki, bir küskünlük vardı bu sətirlərdə mediaya qarşı. Hesab edirdi ki, Azərbaycan mətbuatı cəmiyyəti ifadə etmir. Əslində, düz deyirdi, amma mən hesab edirəm ki, “boz kardinal” Azərbaycan mətbuatından küsməməlidir. Və buna heç ixtiyarı da yoxdur. Axı niyə!? İzah edim.

 

İşlədiyim saytların birində 90-cı ilərin əvvəllərində Azərbaycanı tərk edən ermənilər barədə yazı hazırlamışdım. Yazıda Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Bakını tərk edən ermənilər barədə də rəqəmlər yer alırdı. Yazı çıxandan bir müddət sonra sayt yiyəsi gəldi, nə gəldi. Məlum oldu ki, Mehdiyevin kontorasında onun birbaşa kadrı, o zaman sağ əli olan bir müəllimə bu yazı xoş gəlməyib. Adamın patriot damarı necə tutubsa, zəng edib sayt yiyəsinə ki, bəs ermənilər Bakını tərk etməyiblər... 10 dəqiqəlik siyasi “likbez” dinlədikdən sonra, sayt yiyəsindən o adama cəmi bir sual verməyini xahiş etdim: “Axı, Ramiz Mehdiyevin özünün filan məqaləsində də göstərilir bu faktlar. Əgər ermənilər Bakını tərk etməyibsə, onda bu qədər erməni hara yoxa çıxıb?”. Təbii ki, sayt yiyəsi bu sualı yuxarı ünvanlamadı, bəlkə elə məndən bu sahədə ağıllı olduğuna görə, o, mənim müdürüm olub, sadəcə, “dedilər ki, ermənilər çıxmayıb, deməli çıxmayıb” deyərək, uzaqlaşdı.

 

O andan anlamağa başladım ki, əgər Ramiz Mehdiyevin sağ əlinin belə, öz şefinin siyasi yaradıcılığından xəbəri yoxdursa, deməli, bu kontoranın da sonu yoxdur.

 

Və elə bu kontora da Ramiz Mehdiyev başda olmaqla, Azərbaycan cəmiyyətinin ifadə etmədiyi mətbuatı yaratdı. Kimini pulla, kimini bəxşişlə, kimini hədə-qorxu ilə tabe etdirdilər, etməyənlərin isə reklam bazarını öldürüb məhv etdilər. Mətbuatın bugünkü ələbaxımlılığı, dünən sizə mədhiyyə deyən jurnalistlərin, baş redaktorların bu gün sizi qamçılaması sistemini siz yaratmadınızmı? Sizi xırda təndiq edənin yeddi arxa dönənini incitmək sizin sevimli metodunuz deyildimi? Mətbuata gündəlik mənasız, AzTV tezisləri göndərən sizin kontora deyildimi? Yəqin ölkə mətbuatının 99%-i siz deyəni yazanda qürurla Birincinin qəbuluna gedib, “mətbuatı biz idarə edirik”, - deyirdiniz və bununla fəxr edirdiniz. Bu gün sosial şəbəkələrədə sizsiz yetimləmiş troll dəstəsi sizin ideyanız deyildimi? “Hamı xorla biz deyəni deyir!” – Əsl keçdiyiniz sovet partiya məktəbindəki kimi. Xorda biz deyəni oxumayan, bizdən deyil...

 

İndi sizi vaxtilə tərifləyənlər də sizi söyür, balaca bir qrup isə müdafiə edir. Hər ikisi ifrata varır təbii ki. Və bunu siz də başa düşürsünüz. Yazırsız ki, “Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram”.

soz azadligi

Müəllim, jurnalistləri şəraitə uyğun davranmağa məcbur edən siz idiniz. Və bu gün beynəlxalq söz azadlığı indeksində 168-ci yerdəyiksə, burada sizin əməyiniz çox böykdür. Bunu da unutmayın. Sizin gözləmədiyiniz möcüzəvi nə baş verir ki? Bu qılıncı kim düzəldibsə, həmin qılınc da onu kəsir. Özü də pis kəsir. Odur ki, inciməyə haqqınız yoxdur, Ramiz müəllim.

 

Amma Ramiz müəllimi kədərləndirən bu mövzuda mətbuat üçün bir xeyir də var. Yaxşı ki, Ramiz Mehdiyev nəvəsinə toy etdi və bununla da koronavirus barədə yazmaqdan bezmiş mətbuatımıza, nə qədər qəribə səslənsə də, yeni nəfəs, mövzu gəldi. Bəli, bu ölkədə bir çox absurdlar baş verir. İllərlə mətbuatın nəfəsini kəsən adam indi ona yeni nəfəs verdi…

Müəllif: Yoldaş Mircəfər