Dövlət başçısı 2013-cü il tarixli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799; 2018, № 5, maddə 951) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin”.
Qeyd edək ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident mükafatı nəzərdə tutulmuşdu. Hazırkı fərmanla 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib. Yəni mükafatın məbləği 6 min manatdan 10 min manatadək artırılıb.