“Məmur monopoliyasına son qoyulmalıdır” - Milli Məclisdə hökumətə ÇAĞIRIŞ

Cəmiyyət

16.11.2021 - 17:54

Deputatlar büdcə müzakirələrində təkliflər səsləndirdilər: “biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq...”

 Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Baş nazir Əli Əsədov və digər hökumət üzvlərinin də iştirak etdiyi iclasda parlamentin komitə sədrləri, deputatlar təkliflərini səsləndiriblər.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, 2022-ci ildə büdcədə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik illərimizin ən böyük səhiyyə xərcləridir. Onun sözlərinə görə, büdcədə səhiyyə xərclərinin xüsusi çəkisi 6 faizə çatıb: “İcbari tibbi sığortanın həyata keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan xərclərdə böyük artım var. Amma çox təəssüflər olsun ki, tibb elminin, elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan vəsait çox azdır”.

“İcbari tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə eyni vaxta düşdü və bunun tətbiqində bir çox problemlər ortaya çıxdı. Ancaq buna baxmayaraq, ölkəmizdə icbari tibbi sığorta tətbiq edilir. Burada bir sıra problemlər də var. İlk başlayanda xidmətlər zərfinə daxil olan xidmətlərin sayı çox az idi. Hazırda bu zərfə 2500-ə yaxın xidmət daxildir. Lakin bu kifayət etmir. Bu ilki büdcə və Fonda yığılan vəsaitlə xidmətlər zərfinə daxil olan xidmətlərin sayını 2 dəfə artıra bilərik”, - deyə komitə sədri qeyd edib.

“Bir az yağış yağan kimi, külək əsən kimi işıqlar sönür” - Deputat

“Bu gün biz Azərbaycan tarixinin ən böyük büdcəsini müzakirə edirik. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 200 illik işğaldan azad edilən Qarabağda son 1 il ərzində həyata keçirilən böyük miqyaslı quruculuq layihələri hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının qüdrətini göstərir. Bu surətli inkişaf nəinki Qarabağ, digər rayonlarda həyata keçirilir”. Bu sözləri isə deputat Kamal Cəfərov deyib.

Deputat hökumət üzvlərinə bəzi təkliflər irəli sürüb: "Dairəmdə olan Qaraqaşlı, Yenikənd, Kürkəndi, Qəzli, Kovlar, Qaralı kəndlərinin elektrik təsərrüfatında ciddi problemlər var. Rayonda bir az yağış yağan kimi, külək əsən kimi işıqlar sönür. Naqillər köhnədir, bəzi dirəklər tam qəzalı vəziyyətdədir. Elektrikin gün ərzində bir neçə dəfə kəsilməsindən isə sakinlər daha çox əziyyət çəkirlər. Çünki həm istidə soyuducularda olan ərzaq xarab olur, həm də elektrik avadanlıqları sıradan çıxır. Hökumət üzvlərindən xahiş edirəm ki, ən azı hər il bir neçə kənd üçün lazımı büdcəni növbəti ildə nəzərə alsınlar”.

“Sabirabad şəhəri daxili yollar, o cümlədən kəndlər arası yolların vəziyyəti yaxşı deyil. Rayonun digər problemi məşğulluqla bağlıdır. Hazırda Sabirabadda rəsmi statiskaya əsasən 5700 nəfər işsiz var. Qeyri-rəsmi statistika isə 10 minə yaxındır. Yeni iş yerlərinin yaradılması üçün müvafiq dövlət qurumları tərəfindən proaktiv yanaşma göstərilməlidir”, - deyə millət vəkili vurğulayıb.

“Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərəməyə nə pulu, nə də şəraiti var”

Deputat seçildiyi Sabirabadda bu il 37 nəfər abituriyentin 500-700 bal arası nəticə göstərdiyini xatırladıb: “Keçən il sonuncu sırada olan Sabirabad bu il 73 rayon arasında 25-ci yerdədir. Bu çox yaxşı nəticədir. Lakin çox təəssüf ki, məktəb məzunların 47 faizi ali təhsil müəssisələrinnə qəbul imtahanlarında iştirak etməyib. Bunun əsas bir səbəbi var. Bilirsiniz ki, universitetlərin əksəriyyəti Bakıdadır. Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərəməyə nə pulu, nə də şəraiti var. Sabirabad rayonunun aqrar rayon olduğunu, bir neçə rayon üçün mərkəz rayon rolunu oynadığını nəzərə alaraq Sabirabadda Aqrar Universitetin filialının yaradılmasına ehtiyac var. Sabirabadda Aqrar Universitetin yaradılması təkcə təhsilin inkişafı deyil, həm də rayonda gəncləri radikal meyillərdən, pis vərdişlərdən qoruya bilər, o cümlədən erkən nigahların qarşısını ala bilər".

Əli Məsimli: “Məmur monopoliyası nəticəsində süni qiymət artımı baş verir”

"2021-ci ildə əhalinin gəlirlərinin artması ilə yanaşı, inflyasiyanın da artması əhalinin vəziyyətinin pisləşməsinə gətirib çıxarılıb", - deyərək çıxışına başlayan deputat Əli Məsimli qeyd edib ki, nəticədə əhalinin real gəlirləri aşağı düşüb: "Çünki inflyasiya 6 faiz civarındadır. 2022-ci ildə 1,4 milyardlıq böyük sosial paket həyata keçiriləcək. Əmək haqqı 8 faiz artacaq. Büdcədə də nəzərdə tutulur ki, inflyasiya 4 faizə çatacaq. Ancaq Elman Rüstəmov (Mərkəzi Bankın sədri - red) da bildirdi ki xarici amillər hesabına inflyasiya 2,5 faiz, daxil amillər hesabına 2,5 faiz, monetar hesabla isə 1,3 faiz olacaq. Bu da 6 faizə yaxın inflyasiya deməkdir. Məmur monopoliyası nəticəsində süni qiymət artımı baş verir. Bunun aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Biz monopoliyanın xalqa vurduğu 2,5 milyard ziyanın qarşısını ala bilərik".

“Hörmətli Baş nazir, Bakı-Hacıqabul-Kürdəmir-Bəhrəmtəpə marşrutu nəzərdən keçirilsin”

Deputat Razı Nurullayev isə hökumət üzvlərindən İmişlidə aqroparkın yaradılmasını xahiş edib. Millət vəkilinin sözlərinə görə, bunun üçün İmişlidə böyük potensial və imkanlar var: "Rayon icra hakimiyyətinin təklifləri də hazırdır və hörmətli Baş nazirdən, iqtisadiyyat nazirindən bu məsələyə diqqət ayrılmasını xahiş edirəm. Hazırda Bakıdan Qarabağa marşrut Bakı-Biləsuvar-Bəhrəmtəpə-Beyləqan və Füzulidir. Bu xeyli uzaq və dolanbac yoldur, bəlkə də müvəqqəti istifadə olunur. Təklif edirəm ki, hörmətli Baş nazir, Bakı-Hacıqabul-Kürdəmir-Bəhrəmtəpə marşrutu nəzərdən keçirilsin. Burada yalnız Kürdəmir-Bəhrəmtəpə qolunun tikilməsinə ehtiyac var. Bu məsafəni xeyli yaxınlaşdıracaq və üstəlik də İmişli, Zərdab rayonlarının və digər yaşayış məntəqələrinin inkişafına səbəb olacaq. İnfrastruktur layihələri elə seçməliyik ki, digər sahələri də inkişaf etdirsin".

“Əlavə olaraq, İmişli-Parsabad sərhəd-keçid və gömrük məntəqəsinin yaradılması ilə bağlı İranla danışıqların aparılmasını təklif edirəm. Parsabadla-İmişli arasında keçid məntəqəsinin olması hər iki ölkə üçün böyük logistik imkanlar açır və həm də İranın Zəngəzur dəhlizinə əlavə və sərfəli çıxışını təmin edir. Bu keçid həm də Azərbaycanın mərkəzi rayonlarını qərb rayonları ilə əlaqələndirəcək və xərcləri xeyli azaldacaq. Bu iki təklifin dəyərləndirilməsini və cavablandırılmasını xahiş edirəm”, - deyə R.Nurullayev vurğulayıb.

Deputat: “İranla sərhəddəki kəndlərimiz boşalır”

"Müdafiə Nazirliyi bu gün cəbhədə vəziyyətin yenə gərginləşdiyinə dair açıqlama yayıb. Bildirilir ki, hərbi əməliyyatlar davam edir. Büdcədə ən çox müdafiə sahəsinə pul ayrılıb. Ancaq əməliyyatların yenə davam etməsinə görə təklif edirəm ki, müdafiə sahəsinə ayrılan büdcə daha da artırılsın". Bu fikirləri deputat Elman Nəsirov deyib.

E.Nəsirli həmçinin təmsil etdiyi Cəlilabad rayonun kəndlərində vəziyyətinin yaxşı olmadığını diqqətə çatdırıb: “İranla sərhəddəki kəndlər boşalır. Buna yol vermək olmaz. Bu təkcə iqtisadiyyat deyil. O kəndlərdə böyük diqqət ayrılmalıdır. Əhali köçüb şəhərə gəlir. Bəzi kəndlərdə yollar pis gündədir. Şəhərdən kəndə getmək üçün 2 saata yaxın vaxt tələb olunur".

“Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir”

Deputat Vahid Əhmədov parlamentdə hökumətdən xahiş edib ki, büdcədən ehtiyac meyarı anlayışı 2023-cü ildə çıxarılsın və yaşayış minimumu anlayışı qalsın: "İqtisadiyyat Nazirliyi tərəfindən aparılan diversifikasiya proqramı Azərbaycanda qeyri-neft sektorunun inkişafına səbəb olub. Müsbət məqamlarla yanaşı, bəzi problemli sahələri də diqqətə çatdırmaq istəyirəm. Bizdə qəbul edilən 5 milli prioritet siyahısında kənd təsərrüfatı sahəsi də var. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verib. Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik, bu da qiymət artımında müəyyən paya səbəb olur”.

“Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. İki məsələni həll etməliyik. Birincisi, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik. İkincisi, kreditlərlə bağlı girov məsələsini aradan qaldırmalıyıq. Baş nazirdən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin də Milli Məclisə göndərilməsini təmin etsin”, - deyə V.Əhmədov əlavə edib.

“Yaxşı iş yeri yaratsaq, digər sosial təminatlara ehtiyac qalmaz”

Deputat Musa Quliyev isə bildirib ki, bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyi sual doğurur: “Gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tuturuq. Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcəklər. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir. Ona görə də, biz ilk olaraq ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”.

Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

Müzakirələrdən sonra iclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Müəllif: Anar Bayramoğlu