Astana layihəni idarə etmək hüquqlarını və müqavilə hüquqlarını “KazMunayQaz” neft-qaz holdinq şirkətinə ötürülməsini istəyir
Qazaxıstan hakimiyyəti “Eni” və “Shell” neft-qaz şirkətlərindən Karaçaqanak yatağında qaz emalı layihəsinə nəzarəti dövlət şirkətinə verməyi tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Upstream” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ölkə hakimiyyəti şirkətlərdən layihəni idarə etmək hüquqlarını və müqavilə hüquqlarını mümkün qədər tez “KazMunayQaz” neft-qaz holdinq şirkətinə ötürməsini istəyir. Çünki rəsmi Astana “tikinti prosesindən məyusdur”.
Qeyd olunub ki, xarici səhmdarların layihənin hazırlanmasına xərclədiyi ümumi məbləğ 60 milyon dollara yaxındır. Qazaxıstan Qərb şirkətləri ilə bu xərclərin kompensasiyası və layihə üzərində nəzarətin ötürülməsi üçün ətraflı şərtlərlə bağlı danışıqlar aparmalı olacaq.
2023-cü ildə Qazaxıstan hökuməti xarici neft şirkətlərinin, o cümlədən Amerikanın “ExxonMobil” və Britaniyanın “Shell” şirkətlərinin rəhbərliyini Kaşaqan və Karaçaqanak neft-qaz yataqlarının işlənməsi zamanı ümumi məbləği 16,5 milyard ABŞ dolları məbləğində xərclərin icazəsiz tutulmasında ittiham edib.