Biz niyə yadlaşırıq?

Cəmiyyət

01.12.2019 - 00:31

Bir maşına, bir az da pula görə biz nə qədər dəyişdik

 

Deyirəm, nə gözəl hisslər var idi. Paylaşmaq, bölüşmək. Qonaq getmək, qonaq qarşılamaq. Hamısı o illərdə qaldı. Bir nağıl kimi. Biz demək olar ki, o ülviliyi qoruya bilmədik. 

 

Bir-birinə təmənnalı salamlar, sevgilər, sayğılar artdı. Bir-birinə yağlı-buğlu tikə yemək üçün yağlı-buğlu təriflər artdı.

 

Gerçək qəhrəmanların necə tox nəfsli olduğunu unutduq. Nəfsə qul ola-ola özümüzü qəhrəman kimi göstərməyə çalışdıq.

 

Ay aman, bir maşına, bir az da pula görə biz nə qədər dəyişdik.

 

Su Sonası kimi tərtəmiz sevgilimizi atıb, gedib filan nazirin uzaq bir qohumunun (pis yola qulluq etdiyi üçün ərdən boşanmış) özümüzdən bir neçə yaş da böyük olan, dəfələrlə plastik əməliyyat keçirən qızını alıb xanım dedik. Nədi-nədi bizi də o xanımın sayəsində məclislərdə sayacaqlar, söz demək üçün mikrofon tutacaqlar, arada qarşımızda qol qaldırıb oynacaqlar. Niyə nəfsimizi haqq-ədalətə deyil, oyuncağa çevirdik? Niyə öz doğmalarımıza salam vermirik, filan imkanlının 90 yaşlı qohumunun yasında dil deyib ağlayırıq?

 

Millət vəkilləri verdikləri vədlərə əməl etmədilər. O adı doğrultmadılar. Millətə layiq vəkil olmadı millət vəkillərinin çoxu. Hər dəfə milləti aşağılayacaq ifadə işlətdi bəzi millət vəkilləri. Çoxu vəzifəsindən istifadə edib özünə biznes qurdu. Tutduqları şərəfli vəzifəyə vicdanla yanaşmadı millət vəkillərinin çoxu. Ona görə də bu gün hər kəs "mən də deputatlığa namizədliyimi verəcəm" deyir.

 

Millət acığından, əsəbindən deyir bu sözləri. Hamı yaxşı başa düşür ki, 125 deputat yer alır Milli Məclisdə. Vəzifəyə alver, şəxsi biznes kimi yanaşdı bəzi millət vəkilləri. Oğlunu, qızını komfortlu həyat şəraiti ilə təmin etdi. Onu seçən millətin halına heç yanmadı bəzi millət vəkilləri. Ayağına cırıq qaloş geyinib, başına üzülmüş, tutarı qalmayan yaylıq bağlayıb yollarda süpürgəçilik edən Azərbaycan qadının maşınla vurulan meyidinə, asfalta tökülən qanına, evdə ana axtaran balalarına biganə yanaşıldı. (Yadımdadır, bircə Qənirə Paşayeva süpürgəçi qadının qızlarına ev tikilməsində yaxından köməklik etdi) Bəzi millət vəkilləri onlara səs verən milləti yumşaq kresloda əyləşən kimi unutdular. Şəhid ailəsi haray çəkdi, millət vəkili çiyinləri üstündən çevrilib o haraya səs vermədi. Millət vəkillərinə yazılan məktubların çoxu cavabsız qaldı. Həqiqətən acı reallıqdır. Bunu biz yaşadıq.
Kimlərəsə həqiqətən ünvanlı sosial yardım düşür. Ancaq onun daydayı yoxdur deyə, məsul şəxslər həmin ailəyə sosial yardım verilməsinə maraqlı deyil.

 

Hər gün kef çəkdik, yaxşı yeyib-yaşadıq. Bu yediyimiz çöldə haqqını ala bilməyən, göz yaşı tökən məzlumun halal haqqıdır (harayıdır, fəryadıdır) deyə düşünmədik. Məzlumun haqqını yeyib, özümüzü arsızlığa, görməməzliyə, eşitməməzliyə vurduq. Qızara-qızara bir tikə çörəyə möhtac körpənin haqqını öz məşuqəmizə yedirtdik.

 

Niyə belə unutqan olduq, İlahi?! Bəlkə yediyimiz qidalar bizi belə laqeyd etdi özümüz də istəmədən? Yoxsa elə biz özümüzmü yadlaşmaq istədik?

 

Səbinə Yusif

Müəllif: Ayna.az