Məktəb bazarlığı - ömrümüzün ən acı, qayğılı günləri...

Cəmiyyət

15.09.2019 - 11:02

"Söhbətimiz əsnasında bəlli oldu ki, alış-veriş etməyəcək o da mənim kimi, çünki hələ əməkhaqqını almayıb"

 

Artıq yeni tədris ili başlayır. Məktəblilər həyəcanla ilk dərs gününün başlamasını gözləyirlər. Təbii ki, həm də yeni məktəbli formalarına və  içi məktəb ləvazimatları ilə doldurulmuş məktəbli çantalarına qovuşmağa tələsirlər. Məktəbli ləvazimatlarının necə alındığından, nə qədər pul xərcləndiyindən xəbərsiz...

 

Bu məqamda elə özümə də maraqlı gəldi, görəsən, bu il bir şagirdin məktəbə göndərilməsi valideyn üçün neçəyə başa gəlir? Əlbəttə ki, bunun yorğunluğunu, stressini, nə qədər zaman itirildiyini bir kənara qoyaraq, ancaq maddi xərcləri nəzərdə tuturam.

 

Sualıma cavab tapmaq məqsədilə məktəblilər üçün təşkil olunmuş yarmarkalara üz tutmaq qərarına gəldim. Elmlər Akademiyası metrostansiyasının qarşısında  qurulmuş çadıra yaxınlaşdım.

Əvvəlcədən deyim ki, belə çadırarda hər növ məktəb ləvazimatlarını tapmaq olar. Həm də hər qiymətə. İlk olaraq məktəbli çantalarına göz gəzdirdim. Bəyəndiyim göy rəngli çantanın qiymətini soruşdum. Satıcı tez yaxınlaşaraq, “35 manatdır, verim?”, - dedi. Ardından, “ən ucuz çantanız hansıdır?” sualını satıcıya ünvanladım. Balaca, keyfiyyətsiz olduğu uzaqdan hiss olunan çantanı göstərib, “15 manatadı, 12-yə verərəm”, - dedi. Halbuki həmin çanta dərsliklərin və əlavə dərs vəsaitlərinin ağırlığına heç bir ay dözməzdi. Hələ dəftərləri, iş dəftərlərini və s. nəzərdə tutmuram. On iki manatlıq “kitayski” çanta uşağın özündən də ağır çəkiyə necə tab gətirsin?!

 

Bir sözlə, cibinizə uyğun çantanı alanda sonra onun içini də məktəb ləvazimatları ilə doldurmalısınız. Buna görə də 2 manat verib rəngli qələmlər, 50 qəpiyə yapışqan, 2.50 qəpiyə sulu rəng, 6 manata “flomaster”, 1 manata qələmyonan, 50 qəpiyə sadə qələm almalısınız. Qeyd edim ki, sadaladıqlarım ən aşağı qiymətlərdir, əgər maddi imkanınız yol verirsə, daha bahalılarını almaq olar.

 

Qələmləri də müxtəlif qiymətə tapmaq olar. Ən ucuzu 20 qəpikdən başlayır. Hətta 4 manata da qələm təklif edilir. Qələm qoymaq üçün (penallar) qabların qiyməti isə 4-10 manat arasında dəyişir. Dəftərlərin də qiymətləri fərqlidir. 24 vərəqli dəftərlər 35 qəpiyə, 100 vərəqli isə 75 qəpiyə satılır. Hətta 6 manata da dəftər var ki, üzəri xüsusi dizaynla bəzədilib.

Çadırı gəzə-gəzə bəzi valideynlərlə də həmsöhbət oldum. Kim ki, məni tanımırdı, yəni jurnalist olduğumu bilmirdi, ürəyini açıb danışırdı. “Bahadır, çatdıra” bilmirik deyirdi. Jurnalist olduğumu bilənlər isə danışmaqdan imtina edirdilər. Amma qiymətlərdən razı olan valideynlərin də sayı az deyildi. 35 yaşlı bir valideyn də mənim kimi mallara baxır, qiymətlərlə maraqlanırdı. Onunla söhbətimiz əsnasında bəlli oldu ki, alış-veriş etməyəcək o da mənim kimi. Çünki hələ əməkhaqqını almayıb. Qiymətlərlə maraqlanır ki, əmək haqqını alan kimi gəlib uşağı üçün məktəb ləvazimatları alsın.

 

Yarmarkada bir neçə tələbə də rastıma çıxdı. Söhbətimiz zamanı, cəmi bir neçə dəftər və qələmə ehtiyaclarının olduğunu, buna da çox xərc çıxmadığı üçün qiymətlərdən  məmnun qaldıqlarını bildirdilər.

 

Özünü Texniki Universitetinin tələbəsi Sabir kimi təqdim edən tələbə də gülərək ancaq bir dəftərə ehtiyacı olduğunu dedi: “Bəzən heç onu da dərsə aparmırıq. Geyim isə nəyimiz var, geyinirik. Ona görə xərcimiz məktəblilərə nisbətən az çıxır”.

Sonda məlum oldu ki, bir uşağı məktəbə göndərmək üçün valideyn, azı bir aylıq əməkhaqqını xərcləməlidir. Çünki təkcə məktəb ləvazimatları, dəftər-kitab alınmır, məktəbli üçün forma, ayaqqabı, əlavə dərs vəsaitləri də lazımdır.

 

Əgər evdə bir yox, bir neçə uşaq məktəbə gedəcəksə, onun xərcini qarşılamaq artıq valideynlər üçün daha çətin olacaq.

 

Ümid edək ki, bu qədər xərclərin qarşılığında şagirdlər və tələbələr də yaxşı təhsil alaraq valideynlərini sevindirəcəklər.

Müəllif: Təranə Xudabaxşiyeva