Lavrovdan “ecazkar” bəyanat: Ruslar özləri də təəccüblərini gizlətmirlər

Siyasət

16.02.2021 - 13:22

“Rusiyanın özündə də Lavrovun bu açıqlamasını çox az adam başa düşdü”

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Avropa Birliyi (AB) ilə əlaqələrini kəsməyə hazır olduğunu açıqladı. “Solovyov Live” “YouTube” kanalına verdiyi müsahibədə Lavrov “hakimiyyət yenidən ən həssas sahələr daxil olmaqla, iqtisadiyyatımız üçün risk yaradan bəzi sahələrdə sanksiyaların tətbiq olunduğunu görsə, bu, baş verəcək” dedi. Əlavə etdi ki, “Özümüzü dünyadan təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq. Necə deyərlər, sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”.

 

Lavrovun bu açıqlamasından sonra Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse “Rusiya xarici işlər nazirinin sözlərinə gəldikdə, mən yalnız deyə bilərəm ki, bizim üçün açıqlama həqiqətən qəribədir və anlaşılan deyil”, - dedi.

 

Məsələyə, Lavrovun sözlərinin təhrif olunduğunu söyləyən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov belə müdaxilə etməli oldu: “Nazirin sözləri kontekst olmadan təqdim edilib, buna görə də mənasının dəyişib. Məsələ tam olaraq belədir: biz bunu istəmirik, Avropa Birliyi ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. Ancaq Avropa Birliyi bu yolu tutarsa, bəli, hazır olacağıq”.

 

Mövzunu AYNA-ya şərh edən rusiyalı politoloq Konstantin Kalaçovun sözlərinə görə, bu gün AB Rusiya qazından imtina etməyə hazır deyil: “Almaniya hazır deyil və digər AB üzvləri də hazır deyil. “Navalnını zəhərləyən” şəxslərə qarşı sanksiyaların Rusiya iqtisadiyyatına zərər verəcəyini düşünmürəm. Başqa bir şey budur ki, Rusiya özü bunu son dərəcə ağrılı qəbul edir və hətta Almaniya Xarici İşlər Nazirliyi Lavrovun açıqlamasını başa düşmədiyini söylədi. Rusiyanın özündə də Lavrovun bu “möhtəşəm” ifadəsini çox az adam başa düşür”.

 

Ekspert deyib ki, Rusiya ilə AB arasındakı münasibətlərin kəsilməsindən danışarkən, hakimiyyətdəkilərin adekvatlığı ilə bağlı sual ortaya çıxır: “Səlahiyyətlilər daxili problemlərin həlli  üçün xarici gündəmdən istifadə etməklə o qədər məşğul oldular ki, artıq “ağacların arxasında meşəni görə bilmirlər”. Bütün deyilənlər xarici istehlaka deyil, daxili auditoriyaya yönəldilib. Ancaq bu bəyanatları xarici tərəfdaşlarımız da dinləyir və görür, nəticədə  yöndəmsiz bir vəziyyət yaranır. Münasibətlərdə heç bir şey dəyişdirilməzsə, münasibətlər deqradsiyaya uğramağa başlayır”.

 

Tanınmış rusiyalı politoloq və jurnalist Maksim Şevçenko isə AYNA-ya şərhində deyib ki, Lavrovun açıqlamasında təəccüblü bir şey yoxdur: “Rusiya indi Qərbdən Çin və Türkiyənin xeyrinə uzaqlaşmağa çalışır. Bu, müharibədə qalib gələn Azərbaycanın bir hissəsi olduğu, tamamilə Avrasiya, Çin-Türk inteqrasiyasıdır. Avrasiya məkanına inteqrasiya Cənubi Qafqaz olmadan mümkün deyil. Bu ölkələrin AB-yə ehtiyacı yoxdur. AB bütün bu on illər ərzində heç bir şey etməyən acgöz bir siyasi varlıqdır”.

 

Şevçenko Rusiyanın Şərq ölkələri ilə inteqrasiyasını alqışladığını vurğulayıb: “Başqa bir şey budur ki, içərinizdə ədalətli bir cəmiyyət qurmalı və iqtisadiyyatınızı bərpa etməlisiniz. Bu müddət ərzində Qərb bizə yaxşı bir şey vermədi. Burada, əlbəttə ki, problem Rusiya və bu ölkələrin AB məhkəmələrinin insan hüquqları ilə bağlı qərarlarını qəbul etməməsidir – bu, bir problemdir, ancaq “stavkalar” çox yüksəkdir. Bu, o deməkdir ki, özümüzdə söz azadlığı və insan hüquqları uğrunda mübarizə aparmalıyıq. İnsan haqlarımız nə vaxta qədər Haaqa və ya Brüsseldən asılı olacaq? Bunlar müstəqil məhkəmələrimizdən asılı olmalıdır. Müstəqil qərəzsiz məhkəmələr üçün mübarizə aparmalıyıq”.

 

Politoloq, amerikaşünas Sergey Sudakov da AYNA-ya açıqlamasında bildirib ki, baş verən hər şey məntiqlidir: “Hər hansı bir sanksiya əsaslandırılmalıdır: ya siz qarşınızdakının üzünə niyə yumruq vurduğunuzu izah etməlisiz, ya da səbəbsiz yerə vurduğunuzu bilərək, gülümsəyərək dayanmalısınız. Avropanın Rusiyaya olan münasibətinin əksinə olaraq, Rusiya həmişə Avropaya daha yaxşı münasibət bəsləyir. Rusiya, hətta, AŞPA-dan çıxarıldığı zaman da hər zaman bütün qaydalara riayət etdi”.

 

Onun sözlərinə görə, Avropanın özü indi bölünüb: “Avroskeptiklər var, Avropa bürokratları var, “Avropanın beyni” adlandırdıqları qüvvələr var. Düşünürəm ki, Almaniya, Fransa və İtaliyanın Avropadakı mövqelərinə görə hamısını bir ölçüdə birləşdirə bilməzsiniz. Rusiya böyük təşkilatların üzvü olmaqdan çıxa bilər, ancaq AB ilə müxtəlif mövzularda əməkdaşlığını da dayandıra bilər. Lavrovun sözləri, işbirliyinin dayandırılması kontekstində başa düşülməlidir, Rusiya və AB-ni bütövlükdə bağlayan əlaqələrdən və inteqrasiyadan çəkilməsi kimi deyil”.

 

Sudakov əlavə edib ki, bütün bu hadisələrin Navalnı ilə əlaqəli olduğu və zəhərlənmə barədə danışan alman komissiyasının nəticəsinin obyektiv hesab edilə biləcəyi inandırıcı deyil: “Rusiya tərəfi dəfələrlə avropalılardan ekspertizanın son rəyini istədi, lakin onlar vermədilər və hətta, ortaq bir ekspertizaya da razı olmadılar. Günahkarın “təyin edilməsi” prinsipi işləyir və bu vəziyyətdə dostluqdan danışmağa dəyməz”.

Müəllif: Nicat Hacıyev