Nazirlər dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə fikir mübadiləsi aparıblar
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.
XİN başçıları bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar.
Ayna.az