Salman Rüşdinin yeni kitabı nəşr olunub

Mədəniyyət

16.04.2024 - 17:15

“Bıçaq: qətl cəhdindən sonrakı düşüncələr” adlı kitabı işıq üzü görüb

Salman Rüşdinin “Bıçaq: qətl cəhdindən sonrakı düşüncələr” adlı kitabı işıq üzü görüb. AYNA xəbər verir ki, kitab eyni vaxtda 15-dən çox ölkədə mağaza rəflərində peyda olub.

Hindistan əsilli Britaniya yazıçısı və Buker mükafatı laureatı yeni kitabında həyatına qarşı sui-qəsddən yazıb. 2022-ci ildə Rüşdi ABŞ-da naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb. Yazıçı ağır xəsarətlər alıb. Zədə nəticəsində bir gözü kor olub, barmaqlarının ucları həssaslığını qismən itirib.

Çıxışlarının birində yazıçı baş verənləri dərk etmədən yeni layihələrə başlaya bilməyəcəyini etiraf edib. 76 yaşlı yazıçı Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə “Mən bu kitabı baş verənlərlə barışmaq və zorakılığa sənətlə cavab vermək üçün yazmalı oldum” deyib.

250 səhifəlik esse "qorxu, minnətdarlıq, azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə hekayəsi" kimi təsvir edilir.

Adının mənası “dinc” olan Salman Rüşdi romanları, hekayələri və səyahət yazıları ilə dövrümüzün ən sanballı müəlliflərindən biridir. Onun bir çox əsəri sehrli realizm kimi təsnif edilir. Rüşdinin son romanı "Qələbə şəhəri" 2023-cü ildə nəşr olunub.

1947-ci ildə müsəlman ailəsində doğulan Salman Rüşdi söz azadlığının müdafiəçisidir. Onun 30 il əvvəl yazdığı “Şeytan ayələri” romanında dərc olunmuş cəsarətli ifadələrinə görə, 1989-cu ildə İran inqilabının lideri Ayətullah Xomeyni fətva verib və yazıçıya ölüm hökmü çıxarıb. Rüşdi uzun illər polisin mühafizəsi altında müxtəlif sığınacaqlarda yaşamağa məcbur olub.

Salman Rüşdinin yeni kitabı nəşr olunub
Müəllif: Ayna.az