“Paytaxt Tibilisinin bütün problemlərini həll etmək üçün fəaliyyətimi davam etdirəcəm”
Tbilisinin meri Kaxa Kaladze siyasətdən getməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyərək, heç yerə getməyəcəyini söyləyib. AYNA-nın xəbərinə görə, Kaladze “İmedi” TV-yə verdiyi müsahibədə bildirib ki, hələ ki, ölkəsinə lazımdır.
“Gecə-gündüz çalışmağa davam edəcəm və paytaxt Tibilisinin bütün problemlərini həll etmək üçün fəaliyyətimi davam etdirəcəm”, - mer vurğulayıb.
Onun sözlərinə görə, siyasətdən gedəcəyi barədə şayiələr qəsdən yayılır: “Əvvəla, niyə Milana getməli olduğumu anlamıram. 2012-ci ildə Milandan qayıtdım. Futbol karyeramı bitirdim və bu gün siyasətdəyəm. Heç yerə getməyəcəyəm. Cəmiyyətin, əhalinin dəstəyi olduğu müddətdə siyasətdə uzun müddət qalacağam”.
Kaladze deyib ki, heç vaxt işlərini yarımçıq qoymur, həmişə onları sona çatdırır: “Sabahkı Tbilisinin bu günündən daha yaxşı olması üçün hər şeyi edirəm”.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə K.Kaladzenin siyasətdən uzaqlaşacağı, Milana köçəcəyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, vaxtilə “Milan” futbol klubunun əsas oyunçularından olmuş Kaladze Gürcüstana qayıtdıqdan sonra siyasi həyatda fəal iştirak etməyə başladı. 2017-ci ildən bəri o, Tbilisinin meridir. Bundan əvvəl isə enerji naziri idi. Həmçinin, Kaladze hakim “Gürcü Arzusu” Partiyasının baş katibidir.