Sabiq nazir: “Azərbaycan antiterror əməliyyatı keçirəcək, erməni işğalçı qüvvələrini zərərsizləşdirəcək və öz ərazisindən çıxaracaq”
Ermənistanın sülh danışıqlarından qeyri-rəsmi imtina etməsi, prosesin dalana dirənməsi fonunda şərti sərhəddə və Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki hissəsində gərginlik davam edir. İki aydır ki, “Qarabağda humanitar böhran”, “blokada” ilə Azərbaycanı əsassız ittiham edən rəsmi İrəvanın siyasəti prosesləri hərbi eskalasiya həddinə çatdırıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mediasına müsahibəsində səsləndirdiyi fikirlər, “Daqlıq Qarabağ” ifadəsini yenidən səsləndirməsi, Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinə beynəlxalq mexanizmlər əsasında təminat vermək” çağırışı sülh danışıqlarının dalana dirəndiyini göstərir.
Bununla yanaşı, Qarabağdakı xunta rejiminin Azərbaycanın dialoq təklifini qəbul etməməsi, Qızıl Aypara Cəmiyyətinin humanitar yükündən imtina etməsi, Ağdam-Xankəndi yoluna qarşı çıxması, “istefa” vermiş baş terrorçu Araik Arutunyanın “postu” üçün yeni “seçkilər” keçirməsi gərginliyi artıran faktorlardan biridir.
Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-nın mövzu ətrafında suallarını cavablandırarkən deyib ki, Qarabağın dağlıq hissəsindəki qondarma rejimi Rusiya ayaqda saxlamağa çalışır:
- Bu, bəlli məsələdir. Rusiyanın xunta rejimini saxlamaqda məqsədləri aydındır, bunu təkrarlamağa ehtiyac görmürəm. Amma Ermənistanın rolunu burada gözardı etmək olmaz. İkinci Qarabağ müharibəsindən sonra danışıqların əsasını Azərbaycanın elan etdiyi beş prinsip müəyyənləşdirdi. Bakı bu prinsiplər əsasında sülh müqaviləsi imzalamaq təklifi təşkil edirdi. Həmin vaxt Ermənistan sadəcə danışıqlara getmək məcburiyyətində qaldı. Lakin açıq görünürdü ki, rəsmi İrəvan sülhə hazır olduğunu imitasiya edir və ilhaqçılıq siyasətini yeni formada davam etdirmək üçün danışıqların özündən istifadə edir. Əslində isə əvvəl də, indi də Ermənistan tərəfinin siyasəti Azərbaycana qarşı ərazi iddialarının, ilhaq siyasətinin davamıdır. Bu, heç kəsə sirr deyil. Bunu dəfələrlə demişəm, yenə təkrar edirəm: 44 günlük müharibədən sonra, 2021-ci ilin mayında Ermənistanda seçkilər keçirildi və Paşinyanın rəhbəri olduğu partiya qalib gəldi, parlamentdə mandat çoxluğu qazandı, Nikol da Baş nazir oldu. İndi baxın, Paşinyanın partiyasının proqramında Qarabağ haqqında nə deyilir: “Xilas naminə ayrılıq”. Demək ki, Paşinyan hökuməti də ərazi iddialarına son qoymayqıb, sadəcə yeni şəraitdə ilhaq siyasətini davam etdirir. Yəni ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətə və kapitulyasiyaya baxmayaraq, Ermənistan siyasi elitası və hazırkı Baş nazir Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanmasını öz siyasətlərinin ana xətti kimi seçib. Vəssalam, məsələ bu qədər sadədir. Təbii ki, bu, rəsmi Bakıya aydındır.
Paşinyanın tez-tez bəyan etdiyi nədir - Qarabağdakı ermənilərə təhlükəsizlik zəmanəti. Bu çağırışlar mahiyyət etibarı ilə onların statusun inkişaf etdirilməsi, qondarma “Artsax əhalisinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi” tələblərinin başqa formasıdır. “Müstəqillik” və ya Ermənistana qoşulmaq. Rusiyanın qondarma rejimi ayaqda saxlaması bu baxımdan İrəvana sərf edən variantdır. Dediyimiz kimi, İrəvan ilhaq siyasətini davam etdirir. Bütün gərginliklər də buradan qaynaqlanır.
- Belə kritik vəziyyətdə Azərbaycan hansı addımı ata bilər və ya atmalıdır?
- Biz müşahidə edirik ki, Ermənistan-Azərbaycan sülh danışıqları yenidən dalana dirənib. Dəfələrlə şahidi olmuşuq ki, destruktiv mövqeyə görə müxtəlif istiqamətlərdə danışıqlar gedir. Təbii ki, Bakı İrəvanın ilhaq siyasətini yeni şəraitdə davam etdirdiyini anlayır. Azərbaycan sona qədər Ermənistanın reallığa qayıdacağına ümid edirdi. İndiki vəziyyətdə bu ümidlərin tükəndiyi və Ermənistanın Azərbaycana qarşı qondarma “humanitar böhran” şəklində təxribat xarakterli siyasi hücuma keçdiyi aydındır. Onun mahiyyəti də hər kəsə aydındır və beynəlxalq gündəmi dəyişmək, Azərbaycanı bu ərazini idarə edə bilməyən ölkə kimi təqdim etməkdir. Yəni ki, İrəvan beynəlxalq ictimaiyyətə demək istəyir ki, Bakı Qarabağ ermənilərinin reinteqrasiyası siyasətinin həyata keçirilməsini təmin edə bilməz.
Bir sözlə, Ermənistan danışıqlarda böhran yaratdığı kimi, bölgədə də gərginliyi artırıb. Ermənistan Azərbaycana qarşı təbliğati həmlələr edir. Müxtəlif ölkələrdə yaşayan və işləyən ermənilər fəallaşdırılır, onların vasitəsilə beynəlxalq qurumlar və müxtəlif təşkilatlar prosesə cəlb olunaraq Azərbaycana siyasi həmlə edirlər. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-fakto qəbul etmək istəmirlər. Azərbaycanın mövqeyi isə Qarabağ hadisəsinin ilk günündən buna müqavimət göstərmək olub.
Məncə, Azərbaycan Bakı nəhayət ki, erməni tərəfinin sülh gündəliyini həyata keçirmək istəmədiyinə əmin olduqda, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatın müddəalarının yerinə yetirilməsi məsələsini gündəmə gətirəcək. Nəticədə Azərbaycan antiterror əməliyyatı keçirəcək, erməni işğalçı qüvvələrini zərərsizləşdirəcək və öz ərazisindən çıxaracaq. Başqa yol görünmür.
- Maraqlı bir məqam isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qırmızı Xaç Cəmiyyətinin arasındakı memoranduma əsasən Rusiyadan gələn humanitar yükün Xankəndiyə buraxılmamasıdır. Qarabağdakı qondarma qurum nə Ağdam yolundan, nə də Laçın yolundan gələn yükü qəbul edir...
- Çünki yükü qəbul etmək Ermənistanın və Qarabağdakı ermənilərin planını pozur. Onlar dediyim kimi, “humanitar böhran”, “blokada” deyib beynəlxalq ictimaiyyətə səslənirlər. Yükü qəbul etsələr, “humanitar böhran”, “blokada” aradan qalxacaq. Burada da ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya Qızıl Xaç Cəmiyyətinə mənfi münasibətindən yararlanırlar. Daha bir məqam isə Ermənistanla Rusiya arasında indi kəskinləşən münasibətlərdir. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı uzun müddətdir davam etdirdiyi ilhaqçılıq siyasətinin himayəçisi Rusiya olub və bunu İraliya mətbuatına müsahibəsində Paşinyan da etiraf edtdi. İndi Moskva bir çox səbəblərə görə bunu etmək iqtidarında deyil. Nəticədə, Ermənistan özünün ilhaqçı siyasəti üçün yeni sponsorlar, yeni himayədarlar axtarışındadır. Unutmayaq ki, Ermənistanın təkcə Azərbaycana deyil, Türkiyəyə də qonşularına ərazi iddiaları siyasəti həmişə kənar sponsorlar üzərində qurulub. Əslində İrəvanın ilhaqçılıq siyasəti üçün dəstəyə ehtiyacı var. Lakin hər hansı qüvvələr Ermənistanın bu siyasətini dəstəkləmək istəsələr, öz ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasətini davamlı şəkildə həyata keçirəcək Azərbaycanın müqaviməti ilə üzləşəcəyi qaçılmazdır.
- Yeri gəlmişkən, Paşinyanın Rusiyanın ünvanına səsləndirdiyi fikirlər Moskva tərəfindən sərt qarşılandı. Bununla Rusiya-Ermənistan münasibətlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini deyə bilərikmi?
- Ermənistan-Rusiya münasibətlərinin soyuması tendensiyası Rusiya-Ukrayna və hətta ikinci Qarabağ müharibəsindən xeyli əvvəl başlayıb. Bu tendensiya ondan irəli gəlirdi ki, Rusiya bu gün Cənubi Qafqazda və daha da cənubda tərəfdaşları ilə əməkdaşlıq qurmaqda öz maraqlarını təmin etmək üçün daha çox imkanlar görür. Bu tərəfdaşlar arasında təbii ki, Azərbaycan, Türkiyə və müəyyən dərəcədə İranı qeyd etmək lazımdır. Ona görə də SSRİ-nin dağılmasından sonra Ermənistanın oynamağa çalışdığı rol öz əhəmiyyətini itirdi. İndi görünən odur ki, Ermənistan öz “xidmətləri” ilə heç kimə lazım deyil. Müvafiq olaraq, Rusiyadan üz döndərən İrəvan deyil, Ermənistanın hamıya və hər kəsə təklif edə biləcəyi xidmətlərdə artıq heç bir məna görməyən Moskvadır. Hazırda İrəvan bölgədə təxribatçı xidmətini təklif edə biləcəyi güc tapmağa çalışır. Ermənistan bu yolu seçməklə gələcəkdə yeni məğlubiyyətlər və yeni uğursuzluqlarla üzləşəcək. Təəssüf ki, erməni siyasi elitası hamının başa düşdüyü, qonşularla yaxşı münasibətlər kimi məsələləri gündəmə gətirə bilmir. Açığı, bu xalqın bədbəxtliyi odur ki, həmişə qonşularına qarşı təxribat xarakterli siyasət yürüdən populistlərin ardınca gedirlər.