SEPAH: “ABŞ-ın İrana qarşı düşmənçilik hərəkətləri dayandırılana qədər Hörmüz boğazı bağlı qalacaq”
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi hədəflərinə raket zərbələri endirdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” və İRNA agentlikləri məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanma bazasının komandanlıq mərkəzi, ehtiyat hissələri və hərbi texnika anbarları və yanacaq çənləri vurulub.
Bəyanatda həmçinin raket zərbəsinin Küveytin Mina Abdullah bölgəsində yerləşən ABŞ hərbi logistika və təchizat mərkəzini məhv etdiyi iddia olunub.
SEPAH əlavə edib ki, İordaniyadakı Əl-Əzraq hava bazasına ikinci hücum dalğası başlayıb. Məlumata görə, zərbələr F-18 qırıcı təyyarələrinə və ABŞ hərbi texnikasının yerləşdiyi böyük anqarlara dəyib.
SEPAH həmçinin bildirib ki, ABŞ-ın İrana qarşı "düşmənçilik hərəkətləri" dayandırılana qədər Hörmüz boğazı bağlı qalacaq.
Korpus həmçinin ABŞ hərbi bazalarına zərbələrin "son qələbəyə qədər" davam edəcəyini bildirib.