Çin Avropa tərəfini Cənubi Çin dənizi ilə bağlı açıqlamalarında ehtiyatlı olmağa çağırıb
Çin Avropa tərəfini Cənubi Çin dənizi ilə bağlı açıqlamalarında ehtiyatlı olmağa və Avropa İttifaqı (Aİ) ilə münasibətlərə xələl gətirməmək üçün "qanunsuz qərarı" dəstəkləməyi dayandırmağa çağırıb. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Jian brifinqdə deyib.
Diplomat vurğulayıb ki, "Avropa Cənubi Çin dənizi mübahisəsinin tərəfi deyil və Çinin qanuni ərazi suverenliyi, eləcə də dəniz hüquqları və maraqları ilə bağlı şərh vermək hüququna malik deyil".
Xəbərdarlıq Avropa dövlətləri də daxil olmaqla, bir neçə ölkənin Çinin bölgədəki ərazi iddialarına qarşı birgə bəyanatından sonra verilib. Bunun ardınca Aİ tərəfindən müvafiq bəyanat verilib.
Lin Jian həmçinin Çinin bu ölkələrin səfirlik rəsmilərini və Aİ-nin Çindəki nümayəndə heyətini ciddi danışıqlar üçün çağırdığını açıqlayıb.
Qeyd edək ki, onilliklərdir ki, Pekin Cənubi Çin dənizindəki bir neçə adanın ərazi mülkiyyəti ilə bağlı bir neçə Asiya-Sakit okean ölkəsi ilə mübahisələr aparır. Bu adalar Çin, Tayvan, Malayziya , Filippin, Bruney və Vyetnam arasında ərazi mübahisələrinin mövzusudur.
Neft və qazla zəngin olduğu düşünülən Skarboro rifi və Spratli adaları ətrafında vəziyyət xüsusilə gərgindir. Qlobal ticarətin təxminən 40 faizi Cənubi Çin dənizindən keçir və Çinin neft və qaz idxalının 80 faizə qədəri Cənubi Çin dənizinin suları vasitəsilə daşınır. Pekin iddia edir ki, Çin Cənubi Çin dənizindəki adalar üzərində mübahisəsiz suverenliyə malikdir.