ABŞ lideri boğazdan keçən gəmilərə 20 faiz rüsum almaq barədə fikrini dəyişib
Bazar ertəsi günü İranın dəniz blokadasının bərpa olunduğunu elan edən ABŞ Prezidenti Donald Tramp əlavə etdi ki, ABŞ Hörmüz boğazından gəmilərin daşınmasını təmin etmək xərclərini kompensasiya etmək üçün qalan gəmilərdən yüklərinin dəyərinin 20 faizini alacaq. Çərşənbə axşamı o açıqlamasını geri götürüb.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Tramp elan edib ki, rüsumlardan əldə edilməsi gözlənilən gəlirlər Körfəz ölkələrindən ABŞ-a birbaşa investisiyalarla əvəz olunacaq. O ölkələrin adını çəkməyib və məbləğləri dəqiqləşdirməyib.
"Yaxın Şərq liderləri ilə son dərəcə səmərəli müzakirələrdən sonra ABŞ-ın bu xərclərini ödəmək üçün 20% rüsumu müxtəlif Körfəz ölkələrinin ABŞ ilə bağlayacağı ticarət və investisiya müqavilələri ilə əvəz etmək qərarına gəldim. Bu investisiyalar böyük, eyni zamanda, onlar və onların gələcəyi üçün son dərəcə faydalı olacaq", - deyə Prezident sosial media hesabı olan “TruthSocial”da yazıb.
“The New York Times” qəzeti qeyd edir ki, onun bazar ertəsi elan etdiyi rüsum beynəlxalq dənizçilik müqavilələri və Prezident Administrasiyasının üzvlərinin açıqlamaları ilə ziddiyyət təşkil edir. İyun ayında dövlət katibi Marko Rubio Hörmüz boğazında rüsumların tətbiq edilməməli olduğunu bildirib: "Heç bir ölkənin beynəlxalq su yolunda rüsum və ya ödəniş almaq hüququ yoxdur. Bunlar beynəlxalq hüququn mövcud normalarıdır".
Bir ay əvvəl ABŞ və İran arasında imzalanan anlaşma memorandumunda boğazdan keçidin 60 gün ərzində pulsuz qalacağı, daimi razılaşma üçün danışıqların davam etdiyi bildirilir. Lakin Tehran bundan sonra gəmiçiliyi izləməli və bunun üçün ödəniş almalı olduğuna israr edir.
Trampın elan etdiyi yükün dəyərinin 20%-ni almaq sisteminin necə işləyəcəyi məlum deyil. Nəşrin məlumatına görə, onun tətbiqi nəticəsində Hörmüz boğazından yük daşınması ikiqatdan çox bahalaşa bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi günü Trampın "tamamilə haqlı" olduğunu bildirib: gəmilərin boğazdan təhlükəsiz keçməsini təmin edənlərə kompensasiya ödənilməlidir. O açıq-aşkar kinayə ilə əlavə edib: "Əlbəttə ki, 20% çoxdur. Biz ədalətli şəkildə ödəniş alacağıq".