“OPEC+” çərçivəsində həyata keçirilən əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib
Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Energetika Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, görüşdə “OPEC+” çərçivəsində həyata keçirilən əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib, Əməkdaşlıq Xartiyasının bu uğurlu tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm platforma olduğu vurğulanıb.
Baş katib Azərbaycanın “OPEC+” çərçivəsində etibarlı və konstruktiv tərəfdaş kimi rolunu yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakıda keçirilən ilk texniki iclasın Əməkdaşlıq Xartiyası çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Nazir Pərviz Şahbazov Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi mühüm nailiyyətlərdə “OPEC+ platformasının yaratdığı dialoq və əməkdaşlıq imkanlarının xüsusi rol oynadığını bildirib. Qeyd olunub ki, nazirlər arasında müntəzəm təmaslar və qarşılıqlı etimad mühiti Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıqlarının genişlənməsinə, o cümlədən iri həcmli bərpa olunan enerji layihələrinin reallaşdırılmasına mühüm töhfə verib.
Görüşdə “OPEC+” əməkdaşlığının gələcək inkişaf perspektivləri, üzv ölkələr arasında tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və Əməkdaşlıq Xartiyasının potensialının daha səmərəli reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.