“İndi Azərbaycan qanunları karantin qanunlarına tabe olmalıdır”

Cəmiyyət

27.02.2020 - 19:00

Həkim: "Nə qədər gizlətmək və ya yaxud da etiraf etməmək cəhdi olsa da, fakt faktlığında qalır"

 

“Koronavirus təhlükəsi bütün ölkələrdə var, o cümlədən də Azərbaycanda. Həmçinin dünyanın bütün ölkələrində karantin tədbirləri görülür, bizdə də olmalıdır. Virusun müəyyən əlamətləri görünsə də, fakt budur ki, bizdə bunu inkar etməkdə davam edirlər. Amma görürsünüz ki, artıq qonşu ölkələrdə - İranda və Gürcüstanda koronaviruslu xəstələr aşkarlanır”.

 

Bunu AYNA-ya açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, fevral-mart ayları virusun daha pik səviyyədə yayıldığı dövrdür: “Bu aylar bitəndən sonra xəstəlik səngiyəcək və yoxa çıxacaq. Amma bu dövrdə də itkilərin az olması üçün, infeksiyanın vaxtında lokallaşdırılması üçün, nəinki Azərbaycan, bütün dünya ölkələri bir strategiya ilə hərəkət etməlidir. Bu strategiyanı da Ümumdünya Səhiyyə Təşkilatı cızıb”.

Картинки по запросу

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri ilə hərəkət etməliyik, çünki karantin infeksiyasıdır, xüsusi ştamdır. Düzdür, koronavirus hər il var, mövsümi xəstəlikdir, ancaq onun 3 ştamı xüsusilə təhlükəlidir. Hazırda təhlükəli olan ən ağır - "2019 Novel Coronavirus" ştamdır. Ötən ilin dekabr ayında Çinin Vuhan əyalətində meydana gələn və heyvanlardan insana keçdiyi ehtimal olunan virusdur. Bu ştamın pandemiya yaratdığı qənatinə gəlinib”, - deyə həkim qeyd edib.

 

Müsahibimiz deyib ki, bəzi ölkələrdə səhiyyənin imkanları heç bu virusu aşkarlamağa belə, imkan vermir: “Əgər bütün ölkələr bu işə eyni səviyyədə qoşulsaydı, yəqin ki, aşkarlanma səviyyəsi daha yüksək olardı. Bütün bunlara baxmayaraq, xüsusilə Çində görülən tədbirlər yüksək peşəkarlıqla həyata keçirilir. Çində xəstələnmə sayına nisbətən ölüm sayı xeyli azdır. Bu da ondan xəbər verir ki, lazımi karantin tədbirlər vaxtında görüləndə vəziyyətdən daha az itkilərlə çıxmaq olur. Buna görə də biz gərəkən işləri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasan həyata keçirməliyik”.

 

Adil Qeybulla apteklərdə qoruyucu maskaların tapılmamasına da münasibət bildirib: “Təəssüflər olsun ki, bunun özü də karantin tədbirlərinin yarımçıq olması qənaətini yaradır. Əslində, Azərbaycanın qanunları karantin dövrü ərzində karantinin, epidemioloji nəzarətin qanunlarına tabe olmalıdır. Çünki xüsusi təhlükəli infeksiyalar tibbi sanitar qaydaların və epidemik tədbirlərin şamil olunduğu situasiyadır. Bu baxımdan da, nəinki apteklər, məsələyə aidiyyəti olan digər strukturlar da vahid strategiyaya tabe olmalıdır. Nəzarətsizlik olanda işbazlar ortalığa çıxacaq, vəziyyətdən sui-istifadə halları artacaq, əhali arasında ajiotaj yaşanacaq”.

 

Həkim, “İranda ölənlərin sayı durmadan artırsa, virus yayılacağı halda, Azərbaycanda vəziyyət necə olacaq?” sualımızı isə belə cavablandırıb:  “Virusun yayılması dedikdə, Azərbaycanda da koronavirusa yoluxma hallarının olması tam təbiidir. Çünki Çinlə əlaqələrimiz mövcuddur, İranla qonşuluğumuz var. Ona görə də virusun bizdə də olması mümkündür. Bunu nə qədər gizlətmək və ya yaxud da etiraf etməmək cəhdi olsa da, fakt faktlığında qalır. İndiki məqamda biz öz işlərimizi elə qurmalıyıq ki, bu situasiyadan az itkilərlə çıxa bilək”.

Müəllif: Rumiyyə Miraslan