Məmurların infofobiyası cəmiyyətdə çaşqınlıq yaradır: <font color=red> Görəsən, nə baş verir...</font>

Cəmiyyət

18.07.2019 - 10:16

"Bütün dünyada dövlət qurumları vaxtında və dəqiq informasiya verir ki, cəmiyyət məlumatlandırılsın, ictimaiyyət düzgün qərarlar qəbul etsin”

 

Bir neçə gün öncə millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Milli Məclisdə məsələ qaldırdı ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmur. Z.Oruc bununla bağlı nümunə də göstərdi: “Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanov həbsxanada öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Halbuki, bu, düzgün yanaşma deyil".

 

Qeyd edək ki, belə faktlar az deyil. Məsələn, bir müddət öncə Hövsanda, guya azyaşlı məktəblinin oğurlanması ilə bağlı məlumatlar yayılmışdı. Təəssüflər olsun ki, Daxili İşlər Nazirliyinin məsələyə vaxtında aydınlıq gətirməməsi nəticəsində valideynlər övladlarını gözyaşardıcı qazla “silahlandırıb” məktəbə göndərdilər. Nəticədə də məktəblərin birində, az qala faciə ilə nəticələnəcək hadisə yaşandı.

 

Dövlət qurumlarının informasiya siyasətini düzgün qurmaması nədən irəli gəlir? Bu məsələdə qurumların mətbuat xidmətləri günahkardır, yoxsa birbaşa rəhbərlər özləri? Və bu xoş olmayan faktla mübarizə aparmaq üçün nə kimi tədbirlər görülməlidir?

 

AYNA-nın məsələ ilə bağlı suallarını tanınmış tele-jurnalist, tənqidçi, professor Qulu Məhərrəmli və Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı cavablandırıb.

 

Qulu Məhərrəmli bildirib ki, obyektiv, doğru-düzgün verilən informasiya insanlara öz həyatları, addımları ilə bağlı doğru-düzgün qərar çıxarmaq imkanı verir: "Əgər bu informasiya yoxdursa, informasiya qıtlığı yaranırsa, həmçinin informasiya yalandırsa, monipulyasiyadırsa, həqiqəti əks etdirmirsə, çıxarılan qərarlar, atılan addımlar da yanlış olacaq. Ona görə də bütün dünyada dövlət qurumları vaxtında və dəqiq informasiya verir ki, cəmiyyət məlumatlandırılsın, ictimaiyyət düzgün qərarlar qəbul etsin”.

Картинки по запросу qulu məhərrəmli

“Təəssüf ki, bizdə belə deyil. Hadisə baş verir, hamı hər şeyi bilir, ondan sonra hadisə haqqında bəzək-düzəkli məlumat yayırlar. Bu da kökündən yanlışdır, həmçinin çox ciddi fəsadlar verir. İnformasiya siyasətinin düzgün qurulmaması informasiyanın özünə yanlış yanaşmanın nəticəsidir. Ona görə də bundan nəticə çıxarmaq lazımdır”, – deyə professor qeyd edib.

 

Tele-jurnalistin fikrincə, dövlət qurumlarının informasiya siyasətini düzgün qurmamasında mətbuat katiblərinin peşəkar və ya qeyri-peşəkar olmaları az rol oynayır: “Burada əsas rol həmin qurumların rəhbərlərinin üzərinə düşür. Onlar özləri əgər müasir düşüncə sahibi deyillərsə, informasiyaya qorxu kimi baxırlarsa, o zaman onların yeritdiyi siyasət də yanlış olacaq. Dünyada qəbul olunmuş bir formul var ki, hər şeyin düzü, doğrusu vacibdir. İndiki internet əsrində, bu qədər alternativ informasiya kanallarının olduğu bir şəraitdə informasiyanı gizlətmək və ya malalamaq doğru deyil. Ən yaxşısı dürüst məlumat verməkdir. Ona görə də bu məsələdə mətbuat xidmətlərinin rolunu çox qabartmazdım. Bu, birbaşa həmin qurumla, onun rəhbəri ilə, yürüdülən siyasətlə bağlıdır”.

 

Müsahibimiz onu da əlavə edib ki, bəzi dövlət qurumlarına informasiya ilə bağlı azadlıqlar verilmir: “Bunu da nəzərə almaq lazımdır ki, bəzi məmurlara elə gəlir ki, informasiyanı gec vermək və ya gizlətmək doğru addımdır. Bu təsəvvürdən xilas olmaq lazımdır. Dövlət siyasəti, dövlət təhlükəsizliyi, dövlətin informasiya siyasəti ilə bağlı strateji sənədləri var və o sənədlərin tələblərinə riayət etmək, cəmiyyətə vaxtında, doğru məlumat vermək lazımdır. İnformasiyanı gizlətməyə cəhd həmin hadisə ilə bağlı şayiələrə yol açacaq”.

 

Q.Məhərrəmlinin qənaətincə, bu məsələ ilə bağlı heç bir xüsusi mübarizəyə ehtiyac yoxdur: “Yeganə həll yolu hər bir idarə və təşkilatın informasiya siyasətini düzgün qurmasındadır. Böyük dövlət qurumlarında ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin vəzifəsi cəmiyyəti öyrənməklə yanaşı, özünü və informasiyanı cəmiyyətə təqdim etməkdən ibarətdir. Yanlışlıqlar da ictimaiyyətlə əlaqələri düzgün qurmamaqdan, buna bir qədər avtoritar yanaşmaqdan, məmur “zehniyyəti” ilə baxmaqdan qaynaqlanır. Həmin geridəqalmışlıqla mübarizə aparmaq lazımdır”.

 

“Müasir düşüncənin olmaması fəlakətdir və o adamlar bu düşüncəyə yiyələnməlidirlər ki, mətbuat xidməti nədir, ictimaiyyətlə əlaqələr nə üçün qurulub. Fəaliyyət yoxdursa, həmin qurumlar o zaman nəyə lazımdır, nəyə görə, onlara maaliyyə ayrılır? İnformasiya siyasətinin düzgün qurulmasına ən birinci cavabdeh şəxs həmin strukturun rəhbəridir və onlar da informasiya siyasətini düzgün qurmalıdırlar. Ona görə də mübarizəni köhnə fikirli məmurlarla aparmaq lazımdır”, – deyə həmsöhbətimiz vurğulayıb.

 

Hüquq müdafiəsiçi Mirvari Qəhrəmanlı isə bildirib ki, dövlət siyasətini həyata keçirməli olan dövlət qurumları dövlətin apardığı siyasətlə bağlı bu və ya digər problemlərə, həmçinin göndərilən sorğulara ətraflı cavab verməyi tərgidib: “Bəzən sosial şəbəkələrdə hər hansı hadisə barədə məlumatlar yayılandan sonra hər hansı qəzetə ötəri bir məlumat verirlər. Ölkədə islahatlardan danışarkən öncə şəffaflıqdan başlanılmalı idi. İslahatın kökü informasiya açıqlığından, şəffaflıqdan başlayır".

 

"Mən bir dənə Dövlət Neft Fondunu informasiyaya açıq qurum hesab edirəm. Ona görə ki, göndərilən sorğulara, hətta telefonla verilən sualları belə, dəqiq və ətraflı cavablandırırlar. Təəssüflər olsun ki, əksər qurumlarda belə deyil. Əvvəlcə mətbuatda jurnalist işləmiş və informasiya almaqda çətinlik çəkmiş şəxslər hansısa qurumun mətbuat xidmətində işləyəndən sonra məmura çevrilirlər”, - o vurğulayıb.

Похожее изображение

M.Qəhrəmanlı düşünür ki, ölkədə bu sahədə ciddi dəyişikliklər olmalıdır: “İlk növbədə elə Parlamentin özü, komissiyaları mətbuata açıq olmalıdır. Hər hansı qurumun mediaya açıq olmaması həmin qurumun fəaliyyətində şübhəli məqamlar olmasından xəbər verir. Zahid Oruc bu məsələni çoxdan qaldırmalıydı, hələ parlamentdə oturanda. Həmçinin digər deputatlar da bu problemlə diqqət ayırmalıdırlar. Bu sahədə vəziyyət tamamilə dözülməzdir. Nazirlərin çoxu yanlarında ictimai şura yaradıblar, bir neçə QHT-ni ətraflarına yığıblar. Elə bilirlər ki, onların fəaliyyətləri şəffafdır, cəmiyyətə açıqdırlar. Ancaq reallıq ondan ibarətdir ki, tamamilə qapalı qurumlardır bu da insanlarda şübhəli fikirlər formalaşdırır”.

 

Hüquq müdafiəçisi dövlət qurumlarının informasiya siyasətini düzgün qurmamasının səbəblərinə də aydınlıq gətirib: “Həm Prezident Administrasiyasında, həm də Nazirlər Kabinetində dövlət qurumlarının fəaliyyətinə nəzarət edən şöbələr var. Ancaq görünən odur ki, dövlət qurumlarının fəaliyyətlərinə nəzarət zəifdir. Həmçinin dövlət qurumlarına mətbuat katibləri və ictimaiyyətlə əlaqələr yaradan kadrlar düzgün seçilmir”.

 

“Mətbuat xidmətinə qəbul olunan şəxslərin tutacaqları vəzifəyə uyğun gəlib-gəlməmələri araşdırılmalıdır. Məsələn, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev, hətta "Whatsapp"a yazdığımız sorğulara belə, cavab verir. Bu, onu göstərir ki, Mehman kamildir, peşəkardır, öz vəzifəsinin məsuliyyətini qavrayır. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuat üçün də, ictimaiyyət üçün də açıqdır. Mətbuat katibləri çalışacaqları sahə üzrə əvvəlcədən ətraflı məlumata sahib deyirlərsə, tutacaqları vəzifənin öhdəsindən gələ bilməyəcəklər”, – deyə müsahibimiz vurğulayıb.

 

M.Qəhrəmanlının fikrincə, informasiya siyasətinin düzgün qurulmaması dövlət qurumunun rəhbərliyinin fəaliyyətindən də asılıdır: “Əgər rəhbərlik mətbuatla işləyən şəxslərə müəyyən qadağalar qoyursa, deməli həmin rəhbərin, o qurumun fəaliyyəti tam şəffaf deyil. Ona görə bunun əziyyətini mətbuatla, ictimaiyyətlə işləyən şəxslər çəkirlər. Deməli, məsuliyyət gəlib yenə də dövlətin siyasətinin həyata keçirilməsinə nəzarət edən Nazirlər Kabinetinin və Prezident Administrasiyasının müvafiq şöbələrinin üzərinə düşür”.

Müəllif: Rumiyyə Miraslan