Sülhəddin Əkbər: “Kəşfiyyatımız aktiv işləməli, Sərhəd Qoşunları yüksək hazırlıq vəziyyətində olmalıdır”
Ermənistanın Azərbaycanla sərhəddə “humanitar böhran” şousu davam etməkdədir. Azərbaycan tərəfi Ermənistandan gətirilən yükləri haqlı olaraq Xankəndiyə Laçın yolu vasitəsilə buraxmır, alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif edir. Bunu isə rəsmi İrəvan və Qarabağdakı separatçı rejim qəbul etmir. Əvəzində “Azərbaycan Qarabağdakı erməniləri acından öldürür”, “humanitar böhran pik həddədir” kimi təbliğatla beynəlxalq aləmin diqqətini bu yönə çəkir.
Bu günlərdə Ermənistanın daha bir təxribata əl atacağı barədə məlumatlar var. Söhbət Laçın sərhəd-keçid məntəqəsinə ermənilərin “etiraz yürüşü” təşkil etməsindən, hücum çəkməsindən gedir. Artıq Ermənistanda bəzi ictimai fəallar bu cür addımların atılmasına çağırış edirlər.
Gedən prosesləri və yaşanan gərginlikləri AYNA-ya müsahibəsində Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər şərh edib. Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəldikdən sonra siyasi-diplomatik təşəbbüs Bakının əlinə keçib:
- Vasitəçilik missiyası isə faktiki olaraq Qərbə - ABŞ və Avropa Birliyinə keçib. Bu, Rusiyanı və danışıqlardan narazı qalan tərəfləri – Fransanı, İranı, Hindistanı ciddi narahat edir. Hazırda vəziyyət Azərbaycanın xeyrinə olduğuna görə, Rusiyanın alətləri əlindən çıxdığına görə, yenidən 1988-ci ildəki vəziyyətə qayıdılmasına cəhdlər göstərilir. Yenə də Moskva Qarabağdakı ermənilərdən istifadə etməyə çalışır. Rusiya dəfələrlə sınaqdan keçirdiyi kobud, bəsit metodlardan istifadə etməyə başlayıb.
Ermənilərin və Rusiyanın prosesin qarşısını almaq üçün əlində qalan yeganə vasitə təxribatlardır. Beynəlxalq birliyin diqqətini cəlb etmək üçün “humanitar böhran” görüntüsü yaratmaq, bununla paralel şəkildə “əzabkeş erməni xalqı” obrazını yenidən canlandırmaq istəyirlər. Hesab edirəm ki, Azərbaycan daha diqqətli olmalıdır. Çünki “humanitar böhran” şousu ilə məqsədlərinə nail ola bilməyəcəklər. Daha sonra qanlı təxribatların şahidi ola bilərik. Buna hazırlıqlı olmalıyıq.
- Azərbaycan bu təxribatlara qarşı hazırlıqlıdırmı?
- Azərbaycanın gördüyü tədbirlərin istiqaməti düzgündür. Sadəcə fəaliyyəti intensivləşdirmək lazımdır. Çünki qarşı tərəfin dəstəkçiləri çoxdur. Ermənistanın yanında Rusiya, Fransa, İran, erməni lobbisi, gizli dəstək verən digər qüvvələr var ki, bunların hamısını nəzərə almalıyıq. Eyni zamanda, Azərbaycan müttəfiq və tərəfdaşlarını bu işlərə cəlb etməlidir. Həm siyasi, həm diplomatik, həm də informasiya müharibəsi istiqamətində fəaliyyət gücləndirilməlidir.
Bununla yanaşı, Qarabağdakı sadə ermənilərlə birbaşa işi gücləndirməliyik. Bizim kəşfiyyat və təhlükəsizlik xidmətləri bütün imkanlardan istifadə etməli, aktiv şəkildə Qarabağda iş aparmalıdır. Yaranmış vəziyyətdən istifadə edib Ermənistanla, Qarabağdakı ermənilərlə birbaşa işləməliyik. Söhbət vasitəçilərsiz işlərdən gedir. Hesab edirəm ki, bu sahədə fəaliyyətimiz qənaətbəxş deyil. Ən azından üzdə görünən fəaliyyət yetərli deyil. Ola bilsin ki, hansısa addımlar atılır, biz görmürük.
- Erməni sosial media seqmentində, mətbuatında “Laçın postuna yürüş edilməlidir, hücum edilməlidir” kimi fikirlər səsləndirilir...
- Bu cür çağırışlar təbii ki, olacaq. Lakin nəzərə almaq lazımdır ki, Avropa Birliyinin missiyası oradadır və baş verənlər videolentə alınır. İkincisi, bizim hərbçilərlə onların arasında sülhməramlı adlandırılan Rusiya hərbçiləri var ki, gərək onlar həmin səddi keçələr və bizim sərhədçilərlə, gömrükçülərlə üz-üzə qalalar. Üçüncüsü, bizim orada stasionar kameralarımız var, havada kəşfiyyat PUA-ları uçur.
Hesab edirəm ki, biz əvvəla böhran yaranmasını önləməliyik. Böhran yaranarsa, onu idarə etməliyik. Ən başlıcası, baş verə biləcək qanlı təxribatların qarşısını almalıyıq. Dediyim kimi, “humanitar böhran” şousu nəticə verməsə, qanlı təxribatlar ola bilər ki, buna hazır olmalıyıq.
- Azərbaycan Ordusunun bu proseslərdən kənarda dayandığını müşahidə edirik. Hazırda ordunun məsələlərə müdaxiləsinə gərək varmı?
- Hazırda ordunun hansısa müdaxiləsinə ehtiyac yoxdur. İndi qanlı təxribatlar da başlamayıb. Ermənistan tərəfi passiv mövqe sərgiləyir. Ordumuz yox, kəşfiyyatımız aktiv işləməlidir. Təhlükəsizlik qüvvələri aktivlik nümayiş etdirməlidir. Düşünürəm ki, Sərhəd Qoşunları yüksək hazırlıq vəziyyətində olmalıdır. Azərbaycan Ordusu onsuz da mövqeyində möhkəmdir və hər an təxribatların qarşısını almağa qadirdir. İndiki məqamda ordunun proseslərə müdaxiləsi lazım deyil. Bəli, təxribat olarsa, o zaman lazımi addım atılacaq.
- Rusiya gərginlikdə niyə maraqlıdır?
- Əsas məqsəd sülh danışıqları prosesinin pozulmasıdır. Moskva anlayır ki, sülh sazişi imzalanarsa, barış mühiti yaranarsa, Rusiya Qarabağdan, daha sonra Ermənistandan, bütövlükdə Cənubi Qafqazdan çıxmalı olacaq. Elementar məntiqdir: sülh varsa, sülhməramlı adlı qoşunlara nə ehtiyac var?! Rusiya narahatdır ki, Brüssel və Vaşinqtonda proses irəliləyir, razılaşmalar əldə olunur, konkret sənəd üzərində iş gedir. Paralel olaraq da, Rusiya Ukraynada işğalçı müharibədə zəifləyir. Moskva anlayır ki, elə an gələcək, Rusiya proseslərə müdaxilə etmək əzmində və nüfuzunda olmayacaq. Bütün bunlar Rusiyanın ermənilərə təxribatlar əmri verməsi ilə nəticələnir. Gərginliyin yaranmasında da Rusiya bu səbəbdən maraqlıdır.