Həkim çatışmazlığı, dağılan ailələr, dərmanların qiyməti... - Deputatlardan ETİRAZ

Cəmiyyət

15.02.2022 - 16:33

Millət vəkili: "Hər ailəyə ən azı bir dəfə övlad sahibi olmaq üçün dövlət hesabına şans verə bilərik"

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclası çərçivəsində müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişiklikdə qeyd edilir ki, “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Komitə sədri: "Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var"

Müzakirə zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səhiyyə sahəsi ilə bağlı bir sıra problemləri gündəmə gətirib. Deputat deyib ki, regionlarda həkim çatışmazlığı böyük problemdir. Deputat həmkarım düz deyir, bölgələrdə həkim problemləri mövcuddur və bu problemdir. Onu deyə bilərəm ki, həkimlərin işə qəbul olunması qaydası kökündən dəyişdirilir. Bölgələrdə həkimlərin işə qəbulu orada yerləşən tibb müəssisələrinin ixtiyarına verilir”.

Xatırladaq ki, deputat Razi Nurullayev bölgələrdə həkim çatışmazlığından şikayətlənib. 

Ə.Əmiraslanov bildirib ki, onkoloji xəstəliklər icbari tibbi sığortaya cəlb ediləcək: "Onkoloji xəstəliklərin müalicəsi xeyli maliyyə tələb edir. Onkoloji xəstəliklər növbəti ildən icbari tibbi sığortaya cəlb olunacaq". 

"Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu, onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir. Həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır. Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”, - deyə komitə sədri qeyd edib.

Deputat: "Sonsuzluğun həlli özəl klinikalarda baha qiymətə təklif edilir"

“Azərbaycanda və dünyada sonsuzluq problemi artır. Bu ailələr müraciət edirlər ki, tibbin imkanlarından istifadə etmək istəyirik”. Bu sözləri isə müzakirə zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat qeyd edib ki, sonsuzluğun həlli özəl klinikalarda baha qiymətə təklif edilir: “Mən təklif edirəm ki, icbari tibbi sığorta çərçivəsində sonsuzluğun həlli həyata keçirilsin. Hər ailəyə ən azı bir dəfə övlad sahibi olmaq üçün dövlət hesabına şans verə bilərik. Bununla bağlı mənə şəhid ailələri də müraciət etmişdi. Sonsuz ailələrə bununla bağlı dəstək göstərilməsini vacib hesab edirəm. Dağılan ailələrin qarşısını ala bilərik”.

"Ən azından çox istifadə olunan vitaminlərin qiymətlərinə yenidən baxılsın"

Q.Paşayeva eyni zamanda, dərmanların qiyməti məsələsinə toxunaraq qeyd edib ki, ölkəmizdə dərmanların qiymətləri yüksəkdir: "Dərmanların əlçatan olması diqqətdə olmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB bu məsələni diqqətdə saxlasın. "Omicron" sürətlə yayılıb. Ən azından çox istifadə olunan vitaminlərin qiymətlərinə yenidən baxılsın”.

Ə.Əmiraslanov Q.Paşayevanın qaldırdığı məsələyə toxunaraq, sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxıldığını bildirib: "Yaxın gələcəkdə sonsuzluq və onkoloji xəstəliklərin müalicəsinin tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulur”.

Müzakirədən sonra qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu