Gürcüstan hakimiyyəti geri çəkilmir: xarici agentlər haqqında qanun qəbul olunur

Dünya

18.04.2024 - 17:10

Spiker: “Tiflisdəki son etirazlar xarici agentlər haqqında qanunun qəbul edilməsinin zəruriliyini göstərir”

Gürcüstan Parlamentinin ssədri Şalva Papuaşvili bildirib ki, Tiflisdəki son etirazlar xarici agentlər haqqında qanunun qəbul edilməsinin zəruriliyini göstərir. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

“Bu günlər bizə bu qanuna ehtiyac olduğunu və insanların bu qanuna dəstəyini göstərdi. Ona görə də təbii ki, Gürcüstan Parlamenti bu qanunun müzakirəsini davam etdirəcək. Kimin qanun layihəsi ilə bağlı arqumentləri varsa, müzakirələr davam edir”, - Papuaşvili bildirib.

Papuaşvili 10-20 QHT-ni xarici agentlər haqqında qanuna etirazın “özəyi” adlandırıb. Parlament sədri iddia edir ki, bu təşkilatlar gəlirlərini gizlədirlər. Sədr Hollandiya və Danimarka səfirliklərindən izahat tələb edib: “Onların pulları dünən gürcü xalqının nümayəndəlik orqanı olan Gürcüstan parlamentinə ultimatum təqdim edən təşkilatları maliyyələşdirir”.

Qeyd edək ki, dünən Gürcüstan Parlamentinin çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, oxşar təşəbbüsün minlərlə etiraza səbəb olmasından və geri götürülməsindən bir il sonra baş verir. Daha sonra bu qərarın “şərtsiz” olduğu bildirilib.

Ötən il olduğu kimi, qanun layihəsinə mitinqlər fonunda baxılır. Bir gün əvvəl Tiflisdə qanunun geri götürülməsi tələbi ilə keçirilən mitinqə azı 20 min insan qatılıb.

Ötən ildən qanun layihəsində demək olar ki, heç nə dəyişməyib. Layihədə “xarici təsir agentləri” əvəzinə “xarici gücün maraqlarını güdən təşkilat” ifadəsi işlədilib.

Təşəbbüsə əsasən, gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn bütün QHT və KİV-lər “xarici gücün maraqlarını həyata keçirən” təşkilatlar elan ediləcək. Onların hamısından ciddi inzibati qaydalara riayət etmək tələb olunacaq. Əks halda, onları böyük cərimə gözləyir.

Qanun layihəsi Brüssellə Tiflis arasında münasibətləri gərginləşdirib. Avropa Komissiyası Gürcüstana 2023-cü ildə namizəd statusu verib və bu, onun bloka qoşulma perspektivini açıb. Baxmayaraq ki, Aİ ölkənin siyasi qütbləşmə ilə mübarizə və insan hüquqlarının qorunması kimi əsas islahatlarda çox ləng getdiyi barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az