İtalyan lider Hollivud ulduzuna qarşı çıxdı
Dünyaca məşhur aktyor Riçard Gir ötən gün Aralıq dənizinə gedərək qaçqınlara yardım edən QHT-yə dəstək olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, qaçqınlara ərzaq paylayan məşhur aktyora İtaliya rəsmiləri tərəfindən cavab gecikməyib.
Belə ki, İtaliyanın Baş Nazirinin müavini və Daxili İşlər Naziri Matteo Salvinidən cavab gəlib. Həddindən artıq sağçı olan Salvini, aktyor haqqında çox sərt ifadələr işlədib, "Qaçqınları Hollivuddakı villana aparsana”, - deyib.
Cümə günü İspaniyanın “Opean Arms” QHT-sinə aid gəmi ilə qaçqınlara ərzaq paylayan Riçard Gir İtaliya hökumətini günahlandırmışdı. Gir İtaliya hökumətinin qaçqınları ruhdan saldığını söyləmişdi.
Qaçqınların İtaliyaya gəlməsini çətinləşdirən Salvini isə, “Bu səxavətli milyonerin qaçqınlarla bağlı narahatlığını ifadə etməsindən çox məmnunuq, ona təşəkkür edirik. O, qaçqınların hamısını şəxsi təyyarəsinə mindirərək, Hollivuda apara bilər. Evində onlara qulluq edər. Təşəkkür edirik, Riçard!”, - deyə cavab verib.