Şair Ramaldanov: “İndi Ermənistan Rusiyadan kömək, əlavə silah istəyəcək”
Ermənistan Azərbaycan ordusunun sərt cavabını aldı və indi Rusiyadan kömək istəyəcək. Bunu AYNA-ya açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, son müşavirədə Azərbaycanın Müdafiə naziri Ermənistanın bu və ya digər təxribata gedə biləcəyi ehtimallarından danışmış və stənilən bir təxribatın cavabının adekvat olacağı barədə xəbərdarlıq etmişdi: “Ermənilər həmişə hiyləgərlikləri ilə fərqləniblər və bu gün də onların provokasiya üçün Qarabağı yox, dövlət sərhədini seçməsi təsadüfi deyil. Ermənistandakı daxili siyasi vəziyyət gərginləşir və Paşinyanın populist açıqlamaları artıq icitmaiyyət üçün maraqlı deyil. O, verdiyi vədləri yerinə yetirə bilmədi. Bundan əlavə, pandemiya və ondan doğan iqtisadi problemlər erməni xalqının çiyninə yükləndi. Bu şəraitdə Qarabağ istiqamətində törədilən ənənəvi bir təxribat əhalinin fikrini yayındıra bilməzdi. Dövlət sərhədindəki qarşıdurma isə diqqəti daxili siyasi problemlərdən yayındıra bilər”.
“Bir vaxtlar sərhəddə olan Azərbaycan Müdafiə Nazirliyinin nizami qoşunlarını Sərhəd Qoşunları əvəz etdi ki, bu da Azərbaycanın bu istiqamətdə döyüşmək niyyətində olmadığını göstərirdi. Qazax və Tovuz Azərbaycan Respublikasının Sərhəd Xidməti tərəfindən nəzarət altına alındı və Ermənistanın təxribatlarına baxmayaraq, peşəkarlıqla xidmətlərini davam etdirirlər”, - o bildirib.
Hərbi ekspertin fikrincə, ermənilər dövlət sərhədində yerləşdirilən hissələrin gələcəkdə anti-terror əməliyyatı vasitəsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı ehtiyat qüvvə kimi istifadə olunacağını başa düşdülər: “Təxribata növbəti səbəb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Ermənistan indi də onları bu münaqişəyə cəlb etməyə çalışır. Lakin Azərbaycanın KTMT-nin ayrı-ayrı üzvləri ilə dostluq münasibətləri Ermənistanın bu təşkilatı münaqişəyə cəlb etməsinə imkan vermədi. Buna görə də indi Ermənistan Rusiyadan kömək, əlavə silah istəyəcək. Artıq Moskvadan hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik etməsini xahiş edirlər”.
Ramaldanovun sözlərinə görə, bu təxribat erməni tərəfinə çox baha başa gəldi: “Çünki Azərbaycan ordusundan belə bir cavab gözləmirdilər. Ermənilərin müəyyən əraziləri zəbt etmək cəhdləri uğursuzluqla nəticələndi və onlar ağır itkilər verdilər”.
General-mayor Polad Həşimovun şəhid olmasından danışan polkovnik qeyd edib ki, generalımız əsgərlərlə birlikdə səngərlərdə öz vəzifəsini yerinə yetirərkən həlak olub: “Bütün generallarımız bu rütbələri səngərlərdə, müharibə zonalarında qazanıblar. Generallarımızın əsgərləri ilə birlikdə həmişə ön cəbhədə olduğu üçün Polad Həşimovun şəhid olmasına təəccüblənməyin. Müdafiə nazirinin özü tez-tez səngərlərə baş çəkir. Hətta, Prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev də bu yaxınlarda ön cəbhədə idi. Yəni generalımızın belə bir mühitdə şəhid olması bir reallıqdır. Əsgərlər arasında yüksək rütbəli zabitlərin iştirakı həmişə hərbçilərin əhval-ruhiyyəsinə müsbət təsir göstərir”.
Həmsöhbətimiz əlavə edib ki, 2016-cı ildə, o zaman polkovnik olan Polad Həşimov bütün hərbi əməliyyatlarda fəal iştirak edib: “Vətənin müdafiəsindən söz gedəndə general və ya sıravi əsgər arasında heç bir fərq yoxdur. İş elə gətirdi ki, general Həşimov hərbi mövqeyə yaxınlaşarkən, ermənilərin artilleriyası işə düşdü və onlar atəş xəttinə düşdülər. O, Vətən qarşısında borcunu verən əsl zabit kimi həlak oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”