35 FAİZ İXTİSAR"/>

Övladlarımızın "boğazından kəsib" nəyə xərcləyəcəyik - <font color=red> 35 FAİZ İXTİSAR</font>

Cəmiyyət

19.11.2019 - 13:20

"Hansısa qara maraqlar var ki, uşaqların ərzağından qazanmaq üçün oyunlar qururlar”

 

2020-ci il üçün büdcə müzakirələri davam edir. Növbəti ildə Azərbaycanın dövlət büdcəsi 27 milyard manat nəzərdə tutulub. Gəlin ilin dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 33,9 faiz çoxdur. Məktəbəqədər təhsil üçün ərzaq xərcləri isə 35 faizə qədər azaldılaraq 65 mln. manata endirilib.

 

Maraqlıdır, məktəbəqədər təhsil üçün ərzaq xərclərinin azaldılması nə ilə əlaqədardır? Ümumiyyətlə, bu sahəyə nə qədər vəsait ayrılsa, daha məqsədəuyğun olar? Suallarımıza ekspertlərlə AYNA tutmağa çalışdıq.

Image result for Almaz Həsrət

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət bildirir ki, məktəbəqədər təhsil üçün nəzərdə tutulmuş ərzaq xərcləri digər xərclərdən çox olmalıdır: “Çünki cəmiyyətimizi gələcəkdə idarə edəcək yeni nəslin təməli məhz məktəbəqədər təhsildə qoyulur. Həmin nəslin sağlam böyüməsi üçün ilk növbədə sağlam qidalanması lazımdır. Sağlam, keyfiyyətli qidalanmaq üçün də məktəbəqədər təhsil müəssisələrinə kifayət qədər vəsait ayrılmalıdır”.

 

A.Həsrətin fikrincə, uşaqlarımızın şagird və tələbə kimi addımlaması üçün məktəbəqədər təhsil müəssisələrinə daha çox diqqət ayrılmalıdır: “Həmin müəssisələr dövlət tərəfindən daim yüksək diqqətlə əhatə olunmalıdır. Həmçinin lazımi avadanlıqlarla təchiz olunmalıdır. Bildiyim qədər, uşaqların qidalanmasına nəzarət Təhsil Nazirliyinin səlahiyyətində deyil. Məktəbəqədər təhsildə uşaqların qidalanması daha sağlam və təkmilləşmiş qidalardan ibarət olmalıdır”.

 

Ekspertin sözlərinə görə, son zamanlar uşaqların məktəbəqədər təhsilə cəlb olunması çoxalıb: “Mən də bu artımı dəstəkləyirəm. Uşaqların ailədənsə məktəbəqədər təhsilə cəlb olunması onların cəmiyyətə, məktəbə tam şəkildə olmasa da, qismən adaptasiya olunmasına imkan verir. Artıq onlar birinci sinifdə şagird kimi özlərini idarə edə bilirlər, həmyaşıdları ilə doğru-düzgün ünsiyyət qura bilirlər. Təəssüflər olsun ki, orta məktəblərdə aşağı siniflərdə uşaqların qidalanması nəzərdə tutulmayıb. Xatırlayırsınızsa, biz uşaq olanda məktəbdə pulsuz qidalar verilirdi. İndi ancaq məktəbəqədər təhsil müəssisələrində uşaqların gündə 3 dəfə qidalanması nəzərdə tutulub. Çox yaxşı olardı ki, orta məktəblərdə də məktəbəqədər siniflərdə təhsil alan uşaqlara, ən azı pulsuz bulkular, meyvə şirələri və s. verilsin”.

Image result for İqtisadçı-ekspert Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev də məktəbəqədər təhsil üçün ərzaq xərclərinin azaldılmasını doğru yanaşma hesab etmir: “2017-ci ildə məktəbəqədər təhsil müəssisələrində ərzaq alınmasına 41.6 mln. manat xərclənmişdi. 2018-ci ildə isə bu məbləği, az qala 3 dəfə azaltdılar, yəni 17.2 mln. manat xərc nəzərdə tutuldu. Amma il bitəndən sonra bəlli oldu ki, 17.2 mln. manat yox, faktiki olaraq 53.7 mln. manat xərclənib. 2019-cu il gəldi - məktəbəqədər təhsildə ərzaq xərcləri, az qala 2 dəfə artırıldı - 53 mln. manatdan 97.3 mln. manata çatdırıldı. 2020-ci il üçün isə həmin xərclər 35%-ə yaxın azaldılaraq 65 mln. manata endirilib”.

 

“Aydındır ki, qısa müddətdə nə ərzağın qiymətlərində, nə də uşaqların sayında belə kəskin qalxıb-enmə ola bilər. Burada hansısa qara maraqlar var ki, uşaqların ərzağından qazanmaq üçün qara oyunlar qururlar”, - deyə ekspert vurğulayır.

Image result for vahid əhmədov komitə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə məktəbəqədər təhsil üçün ərzaq xərclərinin azaldılmasını həmin müssisələrdə uşaqların sayının azaldılması ilə əlaqələdirir: “2020-ci ilin dövlət büdcəsində Təhsil Nazirliyinə kifayət qədər vəsait ayırmışıq. Hətta keçən ildən fərqli olaraq, vəsait bir neçə faiz artırılıb. Əgər azalma varsa, bu da səbəbsiz deyil. Ərzaq xərclərinin azalması həm qiymətlərlə bağlı ola bilər, həm də uşaqların sayının azalması ilə. Hazırda ölkədə özəl bağçaların sayı kifayət qədər çoxalıb və valideynlərin çoxu uşaqlarını özəl bağçalara qoyur. Yəqin ki, buna görə uşaqların sayı azalıb və vəsait də ona görə azaldılıb”.

 

“Kimlərinsə həmin vəsaiti mənimsəməsi kimi hallar mümkün ola bilməz, buna imkan verməzlər. Dövlət başçısının son çıxışından sonra bu məsələlərin hamısı ciddi nəzarətdədir. İkincisi də Hesablama Palatası hesablamalar aparıb bizə məlumatlar verir, əgər belə hal olsaydı, biz bilərdik”, - deyə deputat qeyd edir.

Müəllif: Rumiyyə Miraslan