“Finlandiyanin NATO-ya daxil olması Rusiya üçün təhlükədir” – Moskvadan REAKSİYA

Dünya

31.03.2023 - 13:08

Deputat Jurova: “Rusiya üçün təhlükə yaradır, lakin istənilən ölkənin bu və ya digər təşkilata üzv olmaq hüququ var”

“Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradır, lakin istənilən ölkənin bu və ya digər təşkilata üzv olmaq hüququ var”. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Svetlana Jurova Türkiyə Parlamentinin Finlandiyanın NATO-ya qəbulunu ratifikasiya etməsinə münasibət açıqlayarkən deyib.

“Bir tərəfdən biz həmişə deyirik ki, ölkələrin özlərinin qərarıdır, amma digər tərəfdən bu, bizim üçün təhlükədir. Türkiyə həmişə diqqətli davranıb. Onlar Qərblə, Amerika ilə və bizimlə mübahisə etməməlidirlər. Tərəfdaş olan ölkələrin özlərini belə aparması çox xoşagəlməz haldır. Amma eyni zamanda, bu, onların öz müqəddəratını təyin etmələridir, onlara bunu qadağan etmək mümkün deyil. Biz Amerikadan fərqli olaraq heç kimə təzyiq göstərməyəcəyik, bunlar bizim üsullarımız deyil”, - deyə deputat bildirib.

Qeyd edək ki, Türkiyə Parlamentinin Baş Assambleyası Helsinkinin Şimali Atlantika Alyansına daxil olmaq ərizəsini dəstəkləyib.

“Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün – 276 səs - təklif qəbul edilib. Finlandiya və onun vətəndaşlarını təbrik edirəm”, - Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Haydar Akar bildirib. Türkiyə Finlandiyanın hərbi blokda daxil olması üçün razılığı tələb olunan sonuncu ölkə idi.

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Parlamentinin qərarını alqışlayıb. Onun sözlərinə görə, bu, “bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”. NATO rəsmisi həmçinin əlavə edib ki, may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra İsveçin də NATO-ya üzvlüyünə Ankaradan razılıq almağa çalışacaq.

Xatırladaq ki, 2022-ci ilin may ayında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin ilin iyulunda ölkələr hərbi bloka qoşulmaq haqqında protokollar imzalayıblar. Onlar Alyansa qoşulmaq qərarını Rusiyanın Ukrayna ərazisində hərbi təcavüzə başlamasına görə veriblər.

Bu ölkələrin NATO-ya qoşulması ilə Rusiyanın Alyansla quru sərhədi demək olar ki, iki dəfə artır.

Müəllif: Ayna.az