Ermənistan yenidən odla oynayır: Moskva susqun, Bakının səbri daşmaq üzrə

Aktual

07.01.2021 - 22:28

Deputat: “Bu, ruslarla ermənilərin növbəti oyunlarıdır və mənə elə gəlir ki, bu oyunlar yenə də təkrar olunacaq”

 

Politoloq: “Yeni müharibə başlasa, bu, Ermənistan üçün sarsıdıcı nəticələrə səbəb olacaq”

 

Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə səfər edib. Məlumata görə, Ayvazyan Qarabağda qalan erməni separatçılarının liderlərləri ilə görüşüb.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) isə Ayvazyanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan XİN başçısının qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr üçtərəfli bəyanatına ziddir: “Xatırladırıq ki, məhz Ermənistan Baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir”.

 

“Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir. 10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyil”-deyə, Azərbaycan XİN bəyan edib.

 

Bununla yanaşı, eyni gündə Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan da Xankəndiyə gəlib. Arakelyan da Xankəndidə separatçıların rəhbəri Araik Arutunyanla görüşüb. O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyinin “prioritet məsələsi” olaraq qaldığını deyib: “Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır”.

 

Bu gün isə, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Ermənistana xəbərdarlıq edib: “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır”.

Prezidentdən Ermənistana xəbərdarlıq: “Sən kimsən ki, Xankəndiyə gedirsən?”

Prezident sual edib: “Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz”.

 

“Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - deyə ölkə başçısı əlavə edib.

 

Maraqlıdır, erməni nazirlərin Qarabağa qanunsuz səfərlərinin necə başa düşmək olar və rusiyalı sülhməramlılar bu qanunsuzluğa niyə şərait yaradırlar? Həmçinin, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayıldığı halda, Ermənistan hökumətinin onlar üçün yeni proqramlar planlaşdırması nə anlama gəlir?

 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi onların müəyyən planlarının olması və Azərbaycana təzyiq göstərmək üçün Ermənistandan istifadə etməsi ilə bağlıdır: “Bu, artıq onların növbəti oyunlarıdır və mənə elə gəlir ki, bu oyunlar yenə də təkrar olunacaq. Çünki əsas məqsəd Azərbaycanın səbrini sınamaq və bununla da Azərbaycandan müvafiq reaksiyanı gözləməkdir”.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

“Düşünürəm ki, ilk növbədə elə bir mərhələ olacaq ki, Azərbaycan Ermənistanı 10 noyabrda imzalanan üçtərəfli bəyanta əməl etməyə məcbur edəcək və bu istiqamətdə Rusiya da onların köməyinə gələ bilməyəcək. Azərbaycan hər zaman verdiyi sözlərə, imzaladığı sənədlərə riayət edib deyə, bunu başqalarından da gözləyir. Həm də Azərbaycan artıq elə bir ölkədir ki, heç kim onun səbrini sınaya bilməz və ona qarşı oyunlarını uzun müddət davam etdirə bilməz. Təbii ki, bütün bunlar çox məkrli oyunlardır, amma mən əminəm ki, buna son qoyulacaq və Azərbaycan öz planlarını həyata keçirəcək”, - deyə deputat bildirib.

 

DİP sədrinin sözlərinə görə, Türkiyənin Azərbaycanı dəstəkləməsi Azərbaycanın öz planlarını həyata keçirməsi üçün böyük amildir: “Azərbaycanın planlarını həyata keçirməsi üçün gücü də var, imkanları da mövcuddur və Azərbaycanı dəstəkləyən qardaş ölkə kimi müttəfiqi də var. Mənə elə gəlir ki, məhz bu amil də Azərbaycanın uğurları üçün böyük rol oynayır və bu istiqamətdə fəaliyyətlər daha da güclənəcək. Rusiya və oyuncağı kimi istifadə etdiyi Ermənistan da bununla hesablaşmağa məcbur olacaq”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

Politoloq İlyas Hüseynov da AYNA-ya qeyd edib ki, erməni nazirlərin Azərbaycan ərazisində yaradılan separatçı qruplaşmanın rəhbəri Arayik Arutunyanla görüşləri tamamilə qanunsuzdur və bu cür səfərlər gərginliyin daha da artmasına səbəb olur: “Necə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl səfərləri İkinci Qarabağ müharibəsinə gətirib çıxardı. Bununla yanaşı, Ermənistanın danışıqlar formatından çıxması, bölgəyə ermənilərin kütləvi şəkildə köçürülməsi müharibə riskini artırdı və 44 günlük müharibə ilə nəticələndi. Məlum olduğu kimi, müharibə nəticəsində də Azərbaycan işğal altında olan ərazilərini azad etdi. Ona görə də bu tipli səfərlər gələcək perspektivdə sülh və təhlükəsizlik şəraitində yaşamaq istiqamətində aparılacaq danışıqlara da böyük mənada ziyan vurur. Bu cür səfərlər qəti şəkildə pislənilməlidir”.

 

“Eyni zamanda, Arutunyanın bir sıra qondarma “nazirləri” vəzifəyə təyin etməsi və bu tipli cəfəng addımlar atması böyük narahatlıq doğurur. Bununla yanaşı, separatçılar həmin ərazilərdə ordu quruculuğunun başlanması ilə bağlı da bir sıra narahatedici açıqlamalar verirlər. Məlumdur ki, Arayik Arutunyan cinayət əməllərinə görə Azərbaycan tərəfindən axtarışdadır və məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə də Azərbaycanın hüquq mühafizə orqanları müvafiq işlər həyata keçirir”, - politoloq vurğulayıb.

 

Siyasi şərhçinin sözlərinə görə, rus sülhməramlılarının da fəaliyyəti beynəlxalq hüquqla və sülhyaradıcı missiya üçün məqbul sayılan fəaliyyət çərçivəsində müəyyənləşdirilməlidir: “Həmçinin, “qırmızı xətlər” də çox aydın şəkildə özünü göstərməlidir. Çünki sülhməramlıların əsas missiyası bölgədə sülhü və təhlükəsizliyi təmin etməkdir. Bölgədə sülhün təmin olunması istiqamətində Türkiyə və Rusiyanın effektiv əməkdaşlıq edəcəyinə çox böyük ümidlər var. Bu yaxınlarda istifadəyə veriləcək Türkiyə-Rusiya birgə monitorinq mərkəzində Rusiya ilə Türkiyənin sülhü təmin etmək istiqamətində göstərəcəkləri fəaliyyət də bölgədə qalıcı sülhün təmin olunması istiqamətində səmərəli fəaliyyəti ilə seçiləcəyini proqnozlaşdırmaq olar”.

 

Hüseynov əlavə edib ki, dünyanın digər münaqişəli ölkələrində, məhz Türkiyə ilə Rusiya arasında həyata keçirilən səmərəli fəaliyyət riskləri minimuma endirib: “Buna görə, Qafqazda da bu tipli əməkdaşlıq formatının tez bir zamanda fəaliyyəti bir sıra neqativ tendensiyaların qarşısını alacaq. Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışan qruplar da 44 günlük müharibənin nəticələrini çox yaxşı təhlil etməli və bölgədə gərginliyə səbəb olan, təhlükəsizliyə təhdid yaradan açıqlamalar verməməlidir. Çünki yeni müharibə başlasa, bu, Ermənistan üçün sarsıdıcı nəticələrə səbəb olacaq. Digər tərəfdən, bir sıra narahatlıq doğuran məqamlar da var ki, bu məqamların da aradan qaldırılması üçün Azərbaycan diplomatiyası gərgin fəaliyyət həyata keçirir və düşünürük ki, yaxın zamanlarda ictimaiyyəti narahat edən digər məsələlər də öz həllini tapacaq”.

Müəllif: Mərahim Nəsib