“Ermənistan ülgüc boğazında gəzir”

Siyasət

01.04.2024 - 10:17

Keçmiş Prezidentin köməkçisi: “Rusiyadan fərqli olaraq, Avropa İttifaqına sabit və dinc Qafqaz lazımdır”

Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin köməkçisi (1998-2003), politoloq Gia Kuçavanın AYNA-ya müsahibəsini təqdim edirik:

- NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfərinin nəticələrini necə şərh edərdiniz?

- Gürcüstan 1990-cı illərin sonlarından NATO ilə əməkdaşlıq edir. 2002-ci ilin noyabrında Prezident Eduard Şevardnadze Praqada keçirilən sammitdə ölkənin Alyansa üzv olmaq arzusunu bəyan etmişdi. Hesab edirəm ki, Yens Stoltenberqin səfəri bütün Cənubi Qafqaz regionu kontekstində nəzərdən keçirilməlidir, çünki o, Bakı, Tbilisi və İrəvana səfər edib. NATO-nun baş katibinin bizim region ölkələrinə səfərinin Gürcüstanın Baş naziri Kobaxidzenin Azərbaycana və Ermənistana səfərindən sonra baş tutması da məncə, təsadüfi deyil.

Baş nazirlə görüşdən sonra Kobaxidze NATO-nun Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və ərazi bütövlüyünün tanınmasına verdiyi töhfəni qeyd edib. Baş katib deyib ki, Gürcüstan NATO-nun mühüm tərəfdaşıdır və Gürcüstanın NATO missiyalarına verdiyi töhfədir. Stoltenberq Alyans ölkələrinin Gürcüstanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Stoltenberq xüsusilə bildirib ki, Şimali Atlantika Alyansına qoşulmaq üçün nəinki uyğun Silahlı Qüvvələrin olması, həm də demokratik təsisatların gücləndirilməsi lazımdır, çünki bu iki proses bir-birinin ardınca gedir.

- Bu yaxınlarda müxalifətçilər keçmiş Prezident Mixail Saakaşvilinin əfv olunmasını xahiş edən 150 mindən çox imzanı Gürcüstan Prezidentinə təqdim etdilər. Bu addımın arxasında nə dayanır?

- Mixail Saakaşvilinin tərəfdarları liderlərinin iştirakı olmadan bu ilin oktyabrında keçiriləcək parlament seçkilərinin qeyri-legitim olacağını iddia edirlər. Baxmayaraq ki, Gürcüstan qanunvericiliyinə görə, xarici dövlətin vətəndaşının Gürcüstanın siyasi həyatında iştirak etmək hüququ yoxdur. Xatırladaq ki, Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edərkən Gürcüstan vətəndaşlığını itirmişdi. Bundan sonra o, Gürcüstan vətəndaşlığının bərpası ilə bağlı bir dəfə də olsun ədliyyə orqanlarına müraciət etməyib.

Bir çox ekspertlər, o cümlədən mən də razıyam ki, Saakaşvili və onun partiyası heç vaxt hakimiyyətə qayıda bilməyəcək. Baxmayaraq ki, onlar qarşıdan gələn parlament seçkilərində müəyyən faiz səs toplaya biləcəklər. Bunlar Mixail Saakaşvilinin fanatikləridir. 2016-cı ildən sonra Vahid Milli Hərəkatın bir neçə partiyaya parçalanmasına baxmayaraq, onların hamısı bir siyasi qüvvə sayılır.

Üçüncü Prezident Saakaşvilinin tərəfdarlarının iddia etdiyi kütləvi hərəkatlar, artıq belə olmasalar da, məqsədləri və doktrinaları nə qədər fərqli olsa da, müəyyən tipdən olan insanlar arasında öz tərəfdarlarını tapır və eyni düşüncə tərzinə malik insanları özlərinə cəlb edirlər. Şübhə yoxdur ki, təəssübkeşlik, qüdrət istəyi, birlik, fədakarlıqla bağlı hadisələrdə müəyyən ümumilik var. "Müqəddəs iş" adlanan hər biri digərindən çox fərqlidir - məzmun, doktrina, lakin onları təsirli edən bütün amillər bircinsdir.

- Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitlik naminə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynamağa hazırdır. Sizcə, Gürcüstanın bu prosesdə vasitəçiliyi nə dərəcədə realdır?

- Gürcüstan kifayət qədər yüksək nüfuza malikdir və Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçi ola bilər. Baş nazir İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşdüyü Bakı səfərindən sonra Tbilisi bəyan edib ki, ölkəmiz Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verməyə və vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır. Prezident Əliyev də öz növbəsində İrəvan razılıq verən kimi Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə hazır olduğunu bəyan edib.

İrakli Kobaxidzenin İrəvana səfəri zamanı onun erməni həmkarı Nikol Paşinyan deyib: “Mən həmkarımı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı mülahizələrimiz barədə məlumatlandırdım. Mən təsdiq edirəm ki, Ermənistan regionda sülh və sabitlik üçün hər şeyi etməyə hazırdır və biz məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.

Gürcüstan hələ 1990-cı illərdə Eduard Şevardnadze, Heydər Əliyev və Levon Ter-Petrosyan prezident olanda münaqişənin həllində vasitəçilik etməyə çalışırdı. Bu gün Rusiyanın artıq qondarma “Artsax” problemi ilə manipulyasiya edə bilmədiyi bir vaxtda, qarşılıqlı faydalı sülh əldə etmək üçün real şanslar var və Gürcüstanın uğurlu vasitəçilik şansı ötən əsrin 90-cı illərindəkindən qat-qat yüksəkdir.

- Son vaxtlar Gürcüstan hakimiyyəti tərəfindən Azərbaycan və Ermənistanla siyasi əlaqələrin dərinləşdirilməsi istiqamətində nəzərəçarpacaq fəallıq müşahidə olunur. Bu addımların səbəbi nədir?

- Hələ 19-20-ci əsrlərin qovşağında alman geosiyasətinin banilərindən olan Karl Haushofer yazırdı ki, “keçmiş dövlətlər bir vaxtlar müstəqilliklərini itirərək onu çətin ki, bərpa edə bilirlər. Tirolda belə idi... Qafqazda da”. 1991-ci ilin sonunda SSRİ-nin rus-bolşevik imperiyasının dağılması ilə bölgəmizin ölkələri müstəqilliklərini bərpa edə bildi. Lakin hələ 1920-ci illərdə imperiya SSRİ-nin dağılması zamanı işə düşən saatlı bombaları yerləşdirməyi bacardı. Bunlar qondarma “Artsax”, “Cənubi Osetiya” və “Abxaziya”dır. Azərbaycanın ərazi bütövlüyü problemi həll olundu, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdı, yəni, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində.

Bu gün Rusiyada hakimiyyətdə, ən yaxşı halda 1914-cü il Rusiya imperiyasının sərhədlərini, ən azı isə 1977-ci il SSRİ Konstitusiyasının hüdudları daxilində bərpa etmək arzusunda olan revanşistlər var. Yeri gəlmişkən, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir neçə il əvvəl danışmışdı. Bu fəaliyyətin qarşısını almaq üçün məqsəd, məncə, dövlətlərimiz arasında sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması üçün əlaqələndirilmiş fəaliyyət olmalıdır.

- Son vaxtlar Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı bəyanatlar verir. Bu barədə nə düşünürsünüz?

- Gürcüstanda bir çox insan Ermənistan hökumətinin bu qərarını alqışlayır. Amma unutmaq olmaz ki, İrəvan bu yolda çətin anlar yaşayacaq. Rusiyanın Ermənistanın daxili siyasətinə təsir etmək imkanı var. O, liderləri Ermənistan cəmiyyətində sabitliyi pozmağa çalışan keçmiş hökuməti, qondarma “Qarabağ klanı”nı açıq şəkildə dəstəkləyir. Və Rusiyanın özündə də bəzi deputatlar Gümrüdə yerləşdirilən rus qoşunlarının hakimiyyəti dəyişməli olduğunu dəfələrlə deyib və Ermənistanın Baş naziri Nikol Paşinyanı sıradan çıxarmaqla açıq hədələyiblər.

Bu gün Ermənistan ülgücü boğazında gəzir. Region ölkələri isə Ermənistanın hazırkı hakimiyyətini Avropa strukturlarına inteqrasiya üçün dəstəkləməlidir. Nəzərinizə çatdırım ki, Avropa İttifaqı ölkələrinə Rusiyadan fərqli olaraq sabit və dinc Qafqaz lazımdır.

Müəllif: Asif Aydınlı