Ermənistan rəhbərliyinin imzasına necə etibar etməli?

Aktual

20.09.2022 - 10:18

“Azərbaycan qalib tərəf kimi Üçtərəfli Bəyanatı direktiv sənəd, Ermənistan isə niyyət memorandumu kimi qəbul edir”

Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr bizi ölkələrimiz arasında sülh vəziyyətinin kövrəkliyi haqqında düşünməyə vadar edir. 10 noyabr 2020-ci il tarixli məşhur Üçtərəfli Bəyanatın və sonradan eyni dövlətlər tərəfindən imzalanmış daha iki əlavə sənədin bəndləri icra olunmur. Kommunikasiyalar açıq deyil, iqtisadi əməkdaşlığın isə “qoxusu” da gəlmir.

Hazırda döyüşlər dayanıb. Və bu arada Səmərqənddə ŞƏT sammitində Putin, Əliyev və Ərdoğan eyni vaxtda iştirak etdi. Ola bilsin ki, müvafiq müzakirələrdən sonra orada qərar qəbul olunub ki, Ermənistanla birgə hansısa başqa sənəd imzalansın – bugünlərdə şahidi olduğumuz silahlı toqquşmaları aradan qaldırmaq məqsədi ilə.

Tutaq ki, Moskvanın təzyiqi ilə İrəvan bu bəyanatı imzalayacaq. Ancaq sual budur: növbəti gərginlik halında bu razılaşmanı unudaraq lokal müharibənin yenidən baş verməyəcəyinə zəmanət varmı? Burada çıxış yolu nədir?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Rusiyanın Demokratik Seçim siyasi partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Təbii ki, belə təminatlar yoxdur. Müqavilə bir qədər hər tərəfin özünəməxsus şəkildə şərh etdiyi məşhur “Minsk müqavilələri”ni xatırladır. Azərbaycan Naxçıvana dəhlizin lazım olmasından danışır, Ermənistan bildirir ki, Azərbaycan bütün məhbusları qaytarmayıb.

Nəzəri cəhətdən Rusiya münaqişənin hər iki tərəfinin, xüsusən də Ermənistanın ondan asılılığını nəzərə alaraq, vasitəçilik səylərini gücləndirə bilərdi, lakin Putinin indi buna gücü çatmadığı aydındır. Və hər iki tərəfin irəliləyişdə ciddi marağının olması fakt deyil: Ermənistan üçün dəhliz məsələsi daxildə ağrılıdır və Azərbaycan hesab edə bilər ki, vaxt onun üçün işləyir - axı Rusiya missiyasının Qarabağdakı mandatının beşillik müddəti var və vaxt sürətlə gedir. Məsələn, ATƏT-i nizamlanmaya cəlb etməyə cəhd etmək olardı, amma bu, Putinin xoşuna gəlməyəcək”.

Ukraynalı hərbi ekspert, “Strategiya XXI” Mərkəzinin rəhbəri Pavel Lakiyçuk:

“Səmərqənddən sonra hər hansı əlavə sazişin imzalanacağını düşünmürəm. Moskva indi Ankara və Bakı ilə rəqabət aparacaq vəziyyətdə deyil. Yeganə çıxış yolu İrəvanı Dağlıq Qarabağda atəşkəs haqqında Bəyannamənin müddəalarına ciddi əməl etməyə məcbur etməkdir. Amma...

Azərbaycan 44 günlük müharibədə haqlı olaraq özünü qalib hesab edən tərəf kimi Bəyanatı direktiv sənəd, Ermənistan isə niyyət memorandumu kimi qəbul edir. Nəticədə, Azərbaycanın Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməsi faktına istinad edən Sazişin 6-cı bəndinə cavab olaraq, Bakı aydın mesajlar istəyir ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyini təmin edir (9-cu bənd).

Və? Bu məsələ ilə bağlı aydın direktivlərin olmaması və müvafiq olaraq icra olunmaması İrəvan üçün sanki Dağlıq Qarabağın statusunun həll olunmamasının təminatıdır.

Burada dairə qapanır. Rusiya diplomatik “Möbius düyünləri” yaratmaqda ustadır. Çıxış yolu sülh yolu ilə nizamlanmanın qarantlarının formatını dəyişməkdir. Amma 2025-ci ilə qədər Moskvanı bu prosesdən çıxarmaq praktiki olaraq mümkün deyil (Rusiyanın Ukrayna ilə müharibədə məğlubiyyətindən sonra radikal nəsə baş verməsə). Bu, o deməkdir ki, Azərbaycan-Ermənistan sərhədində daha da kəskinləşməyə qarşı heç bir təminat yoxdur. Ən azından yaxın illərdə. Təəssüf ki”.

Gürcüstan Texniki Universitetinin professor, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“Sualınızda bir vacib detal var ki, məncə, bu, əsas maneədir. Məhz: “Tutaq ki, Moskvanın təzyiqi ilə İrəvan bu bəyanatı imzalayacaq”. Problem budur, çünki məcburiyyət və şantaj əsasında hazırlanan sənəd ancaq hələlik işləyir.

Səmərqənddə keçirilən görüşə erməni tərəfinin etimadı sıfıra bərabərdir, onlar bunu özlərinə qarşı sui-qəsd kimi qəbul edirlər. Ona görə də onların hazırladıqları hər hansı sənəd öz-özünə işləyə bilməz.

Uzunmüddətli sülhün bərqərar olması üçün ikitərəfli (Ermənistan-Azərbaycan) konstruktiv və dürüst dialoq aparmaq lazımdır. Bunun ilkin şərti mütləq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməklə yanaşı, tərəflərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmalıdır. Və yalnız bu münaqişədə şəxsi maraqları rəhbər tutmayan neytral ölkələr danışıqlarda vasitəçi ola bilər”.

Müəllif: Rauf Orucov