“Ermənistan dünya xəritəsindən silinmədikcə Qarabağ münaqişəsi bitməyəcək” – KUZNETSOV

Siyasət

19.11.2021 - 10:19

Rusiyalı politoloq: “Bakı qələbə eyforiyasını dayandırıb, problemin sonunun necə olacağını düşünməlidir”

Müharibə Azərbaycan ilə Ermənistan arasında mövcud çıxılmaz vəziyyətdən yeganə çıxış yolu oldu. Son toqquşmalar nəticəsində hər iki tərəf hərbi itkilərini elan etsə də, bir il əvvəl vəziyyət bundan xəbər vermirdi.

Məşhur rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində baş verənləri dəyərləndirib.

- Son gərginliyi necə qiymətləndirirsiniz? 2020-ci il noyabrın 10-dan sonra bu, özü də Qarabağda deyil, müəyyən edilməmiş sərhəd bölgəsində ilk böyük toqquşmadır. Bu prosesə nə səbəb oldu?

- Mən Ermənistanın Qarabağdan imtina etmək şərti ilə sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara, eləcə də eyni şərtlə dövlət sərhədi haqqında sazişin imzalanmasına razı olmayacağından dəfələrlə danışımışam. Çünki bu, Ermənistanın konstitusiya qanunvericiliyi ilə ziddiyyət təşkil edir və bu cür müqavilələrin imzalanmasına gedəcək hər hansı bir siyasətçi avtomatik olaraq vətən xaini və satqına çevrilir. Son günlərin hadisələri bunu mükəmməl şəkildə göstərdi: Ermənistan hakimiyyəti dediklərimi bütün aşkarlığı və aydınlığı ilə göstərmək üçün motoatıcı batalyonu qurban verdi. Odur ki, rəsmi Bakının siyasi nəticə verməyən hərbi qələbələr münasibəti ilə eyforiyaya son qoymasının vaxtı çatıb və gələcəkdə münaqişənin dalana dirənməsindən necə çıxmaq barədə düşünməyə başlamaq lazımdır.

Son döyüşlər göstərdi ki, indi Ermənistanın arxasında bir il əvvəlkindən daha geniş beynəlxalq koalisiya, müttəfiqlər olmasa da, ən azı simpatizanlar var. O zaman Ermənistana birbaşa yardımı yalnız Rusiya və İran göstərirdisə, bu gün İrəvana siyasi müstəvidə dəstək verən ölkələrin siyahısı ötən illə müqayisədə xeyli genişlənib. Mən bu faktı bir həftə əvvəl Türkiyənin rəhbərliyi ilə Türk Şurası əsasında Türk Dövlətləri Təşkilatının yaradılması ilə əlaqələndirirəm ki, bu qurumun müasir dünyada nüfuzlu olması Fransadan Çinə və ABŞ-dan Hindistana qədər çoxları tərəfindən arzu edilmir. İrəvan bu tendensiyanı çox aydın şəkildə dərk edib və indi onlar öz geosiyasi planlarında bundan istifadə edəcək, vahid Türk dünyasının düşmən mühitində özlərini yeganə xristian forpostu kimi yerləşdirəcəklər ki, bu da Ermənistana əvvəlkindən - yalnız Azərbaycanla ərazi münaqişəsinin iştirakçısı olmasından qat-qat çox rəğbət qazandıracaq.

Hərbi qarşıdurmanın Qarabağdan iki ölkə arasında şərti sərhəd xəttinə keçirilməsi ilə bağlı sualınıza gəlincə, döyüşlərin yerinin dəyişdirilməsi heç bir halda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə təsir göstərməyəcək. Mübahisənin mövzusu və əsas mükafat Qarabağın ərazisidir. Və kim bu mövzuda nə deyirsə desin, münaqişənin məhək daşı burada yerləşir və istənilən yerdə Ermənistan və Azərbaycan hərbçiləri arasında baş verən bütün hərbi toqquşmalar onun ətrafında davam edən eyni qanlı rəqslərdir. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsini tarixin çevrilmiş səhifəsi kimi elan etməklə hadisələri çox qabaqladı. Təəssüf ki, bu səhifə qapanmayıb və insan qanı ilə yazılmaqda davam edir.

- Bir sıra ekspertlər hesab edirlər ki, lokal döyüşlərdə Moskvanın susması Kremlin Paşinyanı Bakı, İrəvan və Moskva arasında üçtərəfli bəyanatın imzalanacağı videokonfransı pozduğuna, eləcə də demarkasiya və delimitasiya prosesinə başlamaqdan qaçdığına görə cəzalandırması ilə bağlıdır. Bu fərziyyə nə dərəcədə doğrudur?

- Mən çox gözəl başa düşürəm ki, siz rəsmi mövqeyi çox vaxt arzuladıqları mövqe olan azərbaycanlı ekspertlərdən danışırsınız. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan başçılarının Qarabağ üzrə növbəti üçtərəfli görüşünün videokonfrans formatında keçiriləcəyini bəyan etdiyi andan məlum oldu ki, heç bir məcburi sənədin imzalanmasından söhbət gedə bilməz. Odur ki, yalnız Qarabağ münaqişəsinin bütün əvvəlki 30 illik tarixinin göstərdiyi kimi, vaxt itkisi olacaq hansısa siyasi məsləhətləşmələrdən danışmaq olardı. Prezident Putin küsəyən insanlardan deyil, o, bəzən ona olan müraciətlərində açıq-aşkar və bunu edən üçün açıq-aydın nəticələrə səbəb olmyan kobudluğa dözürdü. Ona görə də onun bu yolla Paşinyandan qisas alması ilə razılaşmıram. Məncə, Kreml sadəcə olaraq İrəvanın növbəti axmaqlığını dayandırmadı, onu bir daha öz burnunu qırmaq, sonra bununla bağlı öz xalqı qarşısında izahat vermək məcburiyyətində qoydu.

- Yayda müharibə placağını demişdiniz. İndi bu, reallığa çevrilib. Sizcə, bununla bittəcək? Yoxsa bu, müvəqqəti atəşkəsdir və daha böyük toqquşmalar gözlənilməlidir?

- Qarabağ münaqişəsi ilə bağlı müvafiq hüquqi sənəd imzalanmadığından ortada nə sülh, nə də barışıq adlandıdrılan vəziyyət var. Oratda yalnız 10 noyabr 2020-ci il tarixli Qarabağ bölgəsində atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında bəyanat var ki, bu da öz formatına görə heç razılaşma da deyil. Azərbaycan və Ermənistan hələ də müharibə şəraitindədir və Dağlıq Qarabağ münaqişəsində yekun sülhün imzalanmasına hələ çox var. Müasir hərbi-siyasi şəraitdə bunun qətiyyən mümkün olduğunu düşünmürəm. Münaqişənin mövcudluğu Ermənistanın siyasi rəhbərliyi üçün son dərəcə faydalıdır və bu münaqişə olmadan bu dövlətin özünün mövcudluğu sual altına düşəcək. Mən bu barədə artıq yazmışdım, deyəsən, hələ mart ayında: müasir Ermənistan “miatsum” ideyasını həyata keçirmək üçün yaradılıb, bu ideya ilə yaşayır və bu ideyadan imtina etsə, öləcək. Ona görə də mənim anlayışıma görə, ya Ermənistan dünyanın siyasi xəritəsindən silinməyincə və ya bu ölkədə konstitusiya islahatı baş tutmayınca - hansının ki, çərçivəsində bir dövlət olaraq Qarabağa iddialarından əl çəkməlidir - Qarabağ münaqişəsi bitməyəcək.

Müəllif: Nicat Hacıyev