“Erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərinə təsir edə bilməyəcək” - <font color=red> TRENİN</font>

Siyasət

07.02.2021 - 10:20

Ərdoğan və Bayden komandaları arasında ilk təmas: Vaşinqton Ankaranı itirmək istəməz

 

ABŞ və Türkiyə prezidentlərinin aparıcı məsləhətçiləri arasında telefon danışığı olub. Və bu, Bayden vəzifəyə gəldikdən sonra iki ölkə arasında ilk rəsmi əlaqə qurulması anlamına gəlir.

 

Anadolu Agentliyinin məlumatına görə, Ərdoğanın müşaviri İbrahim Kalın və ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivan arasında, Dağlıq Qarabağ, Suriya, Liviya, Şərqi Aralıq dənizi və Kiprlə əlaqəli mövzular müzakirə olunub. Kalın Sallivana Türkiyənin Rusiyadan S-400 müdafiə sistemlərini alması və ABŞ-ın Suriyanın şimalındakı kürd silahlılarına dəstəyi kimi, ölkələr arasındakı mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün ortaq səylərə ehtiyac olduğunu söyləyib.

 

Görüşdən sonra verilən açıqlamaya əsasən, Ağ Ev Türkiyə ilə konstruktiv münasibətlər qurma arzusundadır. Eyni zamanda, ortada bəzi fikir ayrılıqları da gündəmdədir.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bildirib ki, “Sallivan Türkiyənin Rusiyadan S-400 zenit raket sistemini almasının ittifaqın birliyini və təsirini sarsıtdığından narahatlığını ifadə edərək, Bayden Administrasiyanın NATO vasitəsilə transatlantik təhlükəsizliyini gücləndirmək niyyətini çatdırıb”.

 

Ümumiyyətlə, ABŞ-da yeni hökumət dövründə Ankara ilə Vaşinqton arasında təmas nöqtələri və ya fikir ayrılıqları hansı məsələlərdir? Tərəflər bir-birilərinə Dağlıq Qarabağla bağlı hansı fikirləri çatdırıblar? Bayden və komandası, Respublikaçılardan Ermənistana daha çox sadiq olan Obama komandasını nə qədər təkrarlayır? AYNA-nın suallarını tanınmış xarici ekspertlər cavablandırıblar.

 

Karnegi Fondunun Moskva Mərkəzinin direktoru Dmitri Trenin:

 

“Mənə elə gəlir ki, Ağ Evin bölgədəki vacib vəzifəsi Türkiyə və Amerika siyasətinin daha sıx əlaqələndirilməsidir. Ehtimal ki, söhbət Vaşinqtonun Ankaranın Yaxın və Orta Şərqdəki maraqlarını nəzərə alması müqabilində,  Türkiyə ilə Rusiya arasındakı qarşılıqlı əlaqəni məhdudlaşdırmağa hesablanan siyasətin aparılmasından gedir.

 

Amerikadakı erməni diasporunun, zənnimcə, ABŞ-ın Azərbaycanla əlaqəli mövqeyinə həlledici təsir göstərə biləcəyi ehtimalı azdır. Ağ Ev administrasiyası, ehtimal ki, Rusiyanın Ermənistandakı təsirini məhdudlaşdırmaq üçün erməni diasporu ilə işləyəcək. Rusiyanın Qarabağdakı rolunun Vaşinqtonda Trampın fəaliyyətsizliyi nəticəsində həddən artıq olması kimi qiymətləndirilir. Hər hansı bir şəkildə bunu düzəltməyə çalışacaqlar”.

 

Ukrayna Gələcək İnstitutunun analitiki İliya Kusa:

 

“İnanıram ki, Bayden, rəhbərliyi əsas vəzifələrə təyin olunmuş insanlara istinad etsək, sələflərindən daha çox Türkiyə və Ərdoğana tənqidi yanaşır. Bu, Türkiyə ilə ABŞ arasındakı münasibətlərin mütləq qarşıdurma ilə sonlanacağı anlamına gəlmir. Ancaq aralarındakı ünsiyyət çətin və ritorika sərt olacaq.

 

Düşünürəm ki, Baydenin komandası Obamanın təkrarı deyil. Onların öz siyasəti olacaq. İdarəetmə prinsiplərindən və xarici siyasətə yanaşmalardan bəziləri Demokratların ümumi tendensiya məntiqinə bənzəyəcək, ancaq tam olaraq Obama kimi davranmağın zamanı deyil.

 

Hesab edirəm ki, ABŞ Qarabağla bağlı şərhlər vermək, təhlil etmək və siyasi açıqlamalar verməkdə daha aktiv olacaq. Ancaq bu günə qədər 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan status-kvo ilə bağlı konkret şəkildə hərəkət etmək və ya dəyişdirmək niyyətində olduqlarını göstərən heç bir siqnal görmürəm”.

 

Şərqi Avropa Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri, ukraynalı politoloq Anatoli Pinçuk:

 

“Prezident Bayden və rəhbərliyi daha çox İranla yox, Rusiya ilə əlaqəli narahatlıq ifadə edir. Eyni zamanda, onlar demokratik dəyərlərə riayət olunmasına daha həssasdırlar.

 

Bu səbəbdən, Ərdoğanın daxili problemi yoxdursa və raketdən müdafiə məsələlərində ABŞ ilə əməkdaşlığa gedərsə, digər məsələlərdə (Qarabağ da daxil olmaqla) yeni rəhbərliyin dəstəyini ala biləcəyini düşünmək olar”.

Müəllif: Rauf Orucov