Azərbaycan xalqının müqəddəratını dəyişən tarix - <font color=red> İKİNCİ YAZI</font>

Siyasət

27.04.2020 - 01:06

«Bakının tutulması» Qafqazın yenidən, amma bu dəfə sovet quruluşlu Rusiyanın tərkibinə qatılması «mexanizminin» səmərəlilik və zaman etibarilə ən mühüm hissəsi idi

 

 

Azərbaycan Cümhuriyyətinin dirçəlişi mərhələsində milli dövlətçiliyin təməlini sarsıdan əkskəşfiyyat maşını fasiləsiz işləyirdi. Xaricdən gözlənilən yeganə ciddi təhlükəni bolşevik təcavüzündə hiss edirdilər. Antantanın bu istiqamətdə gənc respublikaya yardım tədbiri «deklarativ vədlərdən» kənara çıxmırdı. Respublika mayın 28-də varlığının ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə bolşeviklərin «Müstəqil Sovet Azərbaycanı» şüarı taktiki baxımdan çox əhəmiyyətli manevr oldu. Sovet hökumətinin Qafqaz işləri üzrə əsas yönəldicisi Stalin də «Müstəqil Sovet Azərbaycanı siyasətini» məqbul bilsə də mövqeyini açıq ifadə etmişdi: «Gələcək müstəqillik (Bakı tutulandan sonra) haqqındakı söhbətlər yoldaş Orconikidzenin konstruksiyasında yəqin ki, Bakını tutmaq faktını Azərbaycanın müstəqilliyi haqqında notalarla əlaqələndirmək (müvəffəqiyyətsiz) cəhdidir. Mənə elə gəlir ki, gələcək (güman edilən) müstəqillik ciddi əməli əhəmiyyəti olmayan bir bəyannamədir». Əməli əhəmiyyəti şəksiz olan məsələ isə birmənalı qərarlaşmışdı: Bakının tutulması. «Bakının tutulması» Qafqazın yenidən, amma bu dəfə sovet quruluşlu Rusiyanın tərkibinə qatılması «mexanizminin» səmərəlilik və zaman etibarilə ən mühüm hissəsi idi.

 

Rusiyanın Qafqaz-Xəzər hövzəsi baxımından geosiyasətində Bakı son dərəcə vacib forpost sayılırdı. Regionun Rusiya üçün əhəmiyyətinin Stalin tərəfindən təhlili bəlli fikir kimi görünsə də, sovet siyasətinin hədəflərinin rəsmi təyinatıdır: «Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xammal, yanacaq və ərzaq mənbəyi olması ilə, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi və mühüm iqtisadi və strateji yollara (Batum-Bakı, Batum-Təbriz, Batum-Təbriz-Ərzurum) malikliyi ilə müəyyən olunur… Qafqazda, nəhayət kim möhkəmlənəcək, kim neftdən və Asiyanın dərinliyinə aparan ən mühüm yollardan istifadə edəcək, inqilab yoxsa Antanta – bütün məsələ bundadır».

 

Məsələnin bütün əhəmiyyəti və zəruriliyi vəhdətində hərbi qüvvə amili ilə diplomatik səylər uzlaşdırılırdı. Azərbaycanı ələ keçirdikdən az sonra «müstəqillik oyunu»ndan çıxmağa tələsən bolşevik rəhbərlər hələ məqsədlərinə çatanadək özlərinə xas vasitələr seçirdilər: «Bakını xətərsizliklə tutmaq məqsədilə fəhlələrin daxildən çıxışını yüngülləşdirmək üçün Azərbaycana rəsmi müharibə elan etməyə bizim xüsusi dünya siyasətimiz yol verirmi?».

 

Belə cəfəngiyyata vaxt sərf etmədən məsələ daha cəld, asan həll edildi: nə Azərbaycanın müstəqilliyi tanındı, nə də ona qarşı müharibə elan edildi. Birbaşa və qəti həmlə aylarla uzanan intizara son qoydu: Bakı nefti Rusiyanın ixtiyarına keçdi. Bəs Azərbaycan ərazisinə «ildırım sürətli öldürücü» yürüşü həyata keçirməyi əngəlləyən tərəddüdlər nədən qaynaqlanırdı? «Xüsusi dünya siyasəti»ni icad etməyə vadar edən səbəblər mövcud idi. Məhz həmin səbəblər üzündən Stalin Azərbaycanda təşkil ediləcək üsyanın onlar üçün istənilən nəticəni təmin edəcəyinə, yəni sovet hakimiyyətini bərqərar edib, Rusiyanın nəzarətinə keçəcəyinə gətirib çıxardacağına inanmırdı: «bu üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın hüdudlarını keçmək lazım gələcəkdir». Bununla belə, xarici müdaxilə daxili üsyan xəttilə pərdələndirildi. Milli hökuməti devirmək uğrunda silahlı üsyana hazırlıq başlandı. Lakin üsyanın uğurla nəticələnəcəyinə aparıcı bolşeviklər şübhə ilə yanaşırdılar.

 

Beləki, daxildəki vəziyyət üsyanın uğur qazanmayacağı qənaətini hasil edirdi. 1920-ci ilin yazı üçün hər hansı bir beynəlxalq qüvvəyə güvənmək şansı olmayan Azərbaycan Cümhuriyyətində bolşevik üsyanının, inqilabının qələbə çalması imkanları olduqca zəif idi. Bu mənada rəsmi Moskva bütün bu mülahizələri dinləsə də, bəyənsə və gərəkli saysa da hərbi «rəşadət»lə zəfər çalmağa üstünlük verdi. Beynəlxalq hüquq normalarını pozmaq ənənəsinə qadir gənc sovet hökuməti bu dəfə hərəkət planını saatınadək nizamlasa da, diplomatik «örtüyü» yaddan çıxarmamışdı.


Davamı var...

 

Firdovsiyyə Əhmədova

Tarix üzrə fəlsəfə doktoru, dosent

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə