Dini elmlə izah etmək velosipedə okeanologiya qanunları tətbiq etmək qədər absurddur

Maraqlı

13.08.2019 - 20:07

Allahın olmadığını deyən teorem varmı? Hanı onun elmi sübutu? Və ümumiyyətlə, əgər nə isə yoxdursa, onu necə sübut etmək olar?

 

Ateizm dindir. Nədir ateizm? Sadəcə, inam, inanc. 


Deyirlər ki, "Allah yoxdur" və inanırlar. Ateistlər də eynən dindarlar kimi davranırlar: mühafizəkar ateistlər var, şübhələnənlər var, bir də əsl fanatik ateistlər var.

Belələri "Allaha inanıram" deyən hər kəsin üzərinə hücuma keçməyə, inancını, yəni "Allah yoxdur" deyilişini yumruqla "anlatmağa" müştaqdır.

Doğrudur, istənilən dini, inancı tənqid etmək, qəbul etməmək olar. Lakin xristianlıq, buddizm, islam və iudaizmlə bu, çətindir. Çünki Allaha inamın özü irrasionallıq müstəvisindədir ki, orada da məntiq qanunları və elmi metodlar işlək deyil.

Ol səbəbdən dini elmlə izah etmək velosipedə okeanologiya qanunları tətbiq etmək qədər absurddur.

Yenə də məhz bu səbəbdən ateistlə dindarın mübahisəsi heç nə ilə sübut olunmayan iddialar, aksiomatik deyimlər mübadiləsinə çevrilir.

Axı istənilən sübut məntiq sahəsidir.

Qayıdaq ateizmə. Ateistlər deyirlər ki, dinin kökündə məntiq və elmi yanaşma var. Doğrudanmı belədi?

Hm….

Sadəcə, bir neçə misal.

Ateistlər deyirlər ki, elm onların yanındadı, amma bir çox dahi alimlərin dindar olduqlarını görmək istəmirlər. Dindarlıq elmi fəaliyyətlə tərs gəlmir.

Nyuton, Plank, Paskal, Yunq, Mendeleyev, Bexterev. Onlar axmaq və bisavad olmayıblar, deyilmi?

Siyahını çox uzada bilərəm.

Bundan başqa, elmdə hər şey sübutlara əsaslanır - yəni empirika. Pifaqor teoreminin sübutunu məktəbdə öyrənirik.


Bəs Allahın olmadığını deyən teorem varmı? Hanı onun elmi sübutu? Və ümumiyyətlə, əgər nə isə yoxdursa, onu necə sübut etmək olar?

"Darvinin buldoqu" kimi tanınan məşhur bioloq Tomas Hekslidən soruşanda ki, Allaha inanır, ya yox - demişdi: "Nəyinsə ümumiyyətlə, oldğuunu danmaq üçün bağışlayın, çox böyük vasvası və bədgüman adamam".

Bu, sırf elmi yanaşmadı.

4 ilə 2-nin fərqi nədir? Deyə bilərik ki, 4 rəqəmi 2-dən iki dəfə böyükdü. Bu rəqəmləri toplamaq, sonra 2-ni çıxmaq da olar və eyni nəticə alınacaq. Məntiq qanunları burada işləyir.

İndisə sonsuzluğu və 0 rəqəmini götürək. Koordinat sisteminin əvvəlində olan 0-ı yox, absyolut 0-ı, yəni heçliyi, boşluğu. Sonsuzluqla absolyut 0-ı müqayisə etməyi, yaxud belə müqayisəni istənilən ədədlə aparmağı sınayın. Heç olmasa barmaqla göstərin. Alınmayacaq. Çünki bu müstəvidə məntiq qanunları, yəni elm işləmir. Ancaq məntiqlə dünyanı anlamaq mümkün deyil.

Yeri gəlmişkən - elə həmin sonsuzluq və absolyut 0 barədə deyə bilərik ki, onlar hər yerdə var, eyni zamanda heç yerdə yoxdur. Onların arasında fərqi sübut etmək mümkün deyilsə, yenə də elmi yanaşmaya görə, bərabərlik qoymaq olar. Sonsuzluq 0-a bərabərdir, onların arasında isə bütün rəqəmlər və ədədlər var. 

Bütün səmavi dinlər də dünyamızın faniliyi, nisbiliyi və illüzorluğundan bəhs edəndə bunu nəzərdə tutur. Özü də tək dinlər yox. Məsələn, samurayların "nizamnaməsi" olan "Hakaqure"də deyilir: "Dünyaya yuxu kimi yanaşan adam ağıllıdır".

Blez Paskalın bir deyimi yadıma düşdü: "Onu var gücü, bütün qəlbi ilə arayanlara görürən və bütün qəlbi ilə onu dananlardan gizlənən Tanrı özü barədə insanların biliklərini tənzimləyir. O, onu axtaranlara görünən, laqeydlərə isə görünməz olan işarələri verir. Görmək istəyənlərə O yetərincə nur verir: görmək istəməyənlərə isə bəs deyincə zülmət..."

 

Elçin Alıoğlu

Müəllif: Ayna.az