Deputat veteranların təqaüdünün artırılmasını istədi, nazir cavab verdi: “Fərq qoyulmur”

Cəmiyyət

28.06.2022 - 14:12

Milli Məclisdə bu ilin büdcəsinə dəyişiklik müzakirə olundu: deputatlar layihəyə “hə” dedilər

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Toplantıda 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak ediblər.

Spiker: “Zəngəzur dəhlizi türk dünyasının coğrafi bağlantılarını yaxşılaşdıracaq”

Əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova TürkPA-nın Qırğızıstanda keçirilən XI plenar iclasında iştirakı haqqında məlumat verib. Spiker bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasına təkan verməlidir: “İclasda çıxışım zamanı Zəngəzur dəhlizinin açılması məsələsinə toxundum. Qeyd etdim ki, əldə edilmiş razılaşmalara uyğun olaraq Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantılarının yaxşılaşması baxımından uğurlu addım olacaq".

“Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin 1 milyard 192 milyon manat azaldılması nəzərdə tutulub”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatların büdcəni Qarabağda da müzakirə etdiyini xatırladıb: “Deputatların büdcəyə dəyişiklikləri Şuşada müzakirə etməsi bizim üçün həm də büdcədən ayrılan vəsaitlər hesabına işğaldan azad olmuş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı yaratdı. Hər kəsin gəldiyi ümumi qənaətə görə, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər bu əraziləri düşməndan azad etmək kimi qəhrəmanlıqla müqayisə edilə biləcək qədər qəhrəmanlıqdır”.

“Təqdim edilmiş qanun layihəsində 2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırılaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması təklif olunur. Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur. Artırılan gəlirlərin 65%-i qeyri-neft, 35%-i isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin 1 milyard 192 milyon manat azaldılması nəzərdə tutulub”, - komitə sədri vurğulayıb.

T.Mirkişili deyib ki, dövlət büdcəsinin əlavə gəlirləri qeyri-neft gəlirləri hesabına – 1 milyard 351 mln manat, əlavə neft gəlirləri hesabına 848 milyon manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 milyon manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 milyon manat və 2.3 milyon manat, dövlət büdcəsinin kəsrinin genişləndirilməsi hesabına 43 milyon manat təşkil edəcək.

Ehtiyat vəsaitlər hansı istiqamətlərə yönəldiləcək?

Komitə sədri dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin yönəldiləcəyi istiqamətləri də açıqlayıb.

"Əlavə vəsaitlərin yönəldiləcəyi istiqamətlər bunlardır:

- Böyük Qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milon manat;

- Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 mln manat;

- Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 mln manat;

-Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklər, əmək pensiyaları üzrə maddi yardım, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün – 519 mln manat;

- Ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün – 193 mln manat;

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 mln manat;

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 mln manat vəsait nəzərdə tutulur.

“2022-ci ildə ÜDM-nin həcminin 115.4 mlrd manat, ÜDM-in artım tempinin 5.5%, orta illik inflyasiyanın 12.5%, xam neftin bir barelinin orta illik qiymətini isə 85 dollar olacağı proqnozlaşdırılır. Təqdim olunmuş büdcə layihəsi büdcə qaydasının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən 2 göstəricisi üzrə müəyyən edilmiş hədləri çərçivəsindədir", - T.Mirkişili qeyd edib.

Deputat: "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq”

Müzakirə zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, neft və qaz gəlirlərinə çox da bel bağlamamaq lazımdır: "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq. Hesab edirəm ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir. Qurumlar büdcədən ayrılan vəsaiti müəyyən qədər qənaətlə xərcləməlidirlər. Naxçıvana aviabiletlərin qiyməti də qalxıb. Mənə elə gəlir, həmin sahəyə müvəqqəti vəsait ayrılsa, insanlar əziyyət çəkməz. O vaxta qədər quru yolu açılar və biz Naxçıvana birbaşa gedərik".

Deputat: “Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”

"Hesab edirəm ki, biz Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq. Təklif edirəm ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın. Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər", - deyə deputat söyləyib.

"Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq. Bu dövlət siyasətidir". Bu sözləri deputatın fikirlərinə cavab verərkən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib: "2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırıldı. Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir".

Büdcədə neftin qiymətinin 85 dollardan götürülməsi riskli deyil? – Nazir aydınlıq gətirdi

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib. 

"Riskləri nəzərə alaraq neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilməsi təklif edildi. 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”, - deyə nazir söyləyib.

Müzakirələrdən sonra layihə səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə xərcləri artırılır.

Milli Məclisin iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur. Hər iki layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu