Açıq havada işləyən restoranlar tamam, bəs qapalı məkanların taleyi necə olacaq?
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə, nəhayət ölkədə kafe və restoranlar açıldı. Lakin səlahiyyətlilər hələ də qapalı məkanlarda olan böyük izdihamdan qorxur və bu səbəbdən iaşə obyektlərinə yalnız açıq havada işləmək icazəsi verilir və müştərilərə xidmət 09:00-dan 22:00-dək göstərilir.
Ölkədə karantin rejimi ilə əlaqədar tətbiq olunan sərt məhdudiyyətlər tədricən qaldırılır, lakin COVID-19 pandemiyası hələ bitməyib və ictimai yerlərə çıxarkən yenə də bəzi epidemioloji təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tibb elmləri doktoru, professor Adil Qeybulla AYNA-ya deyib ki, koronavirus pandemiyasının ikinci dalğasının qarşısını almaq və özümüzü infeksiya təhlükəsindən qorumaq üçün epidemioloji təhlükəsizlik standartlarına əməl etməliyik. Onun sözlərinə görə, qapalı iaşə obyektlərində insanların toplanmasına qoyulan qadağa olduqca başadüşüləndir, çünki qapalı məkanda hava küçədən daha pis sirkulyasiya edir.
“Bundan əlavə, qapalı məkanlarda, hətta, normal dövrlərdə belə, hava-damcı yolu ilə yayılan respirator virusların yayılmasına təkan verən kondisionerlər işləyir. Nəhayət, əgər məkanda hava dövriyyəsi dayanır və ya zəifləyirsə, virusun molekulları səthlərdə daha uzun müddət qala bilər - mebel və digər əşyalar infeksiya baxımından təhlükəli olur”, - mütəxəssis bildirib.
Qeybulla diqqətə çatdırıb ki, karantin rejiminin yumşalmasına baxmayaraq, indi də küçədə, ictimai məkanlarda diqqətli davranmalıyıq: “Əsas odur ki, özünüz qərar verin: restorana getmək o qədərmi vacibdir və ya onsuz da keçinmək mümkün deyil? Axı, burada söhbət təkcə insanın öz təhlükəsizliyindən yox, bəzən əsassız risklərə məruz qalan yaxınlarınızın və başqalarının sağlamlıqlarından gedir”.
Ümumiyyətlə, karantində işləmə qaydaları, əlbəttə ki, iaşə obyektlərinin fəaliyyətini tamamilə qadağan etmədən və iqtisadiyyata zərər vermədən koronavirusa qarşı mübarizəni dəstəkləyəcək. İnsanların toplaşması, şübhəsiz riskləri artırır. Buna görə iaşə müəssisələrini eyni vaxtda ziyarət edənlərin sayı mövcud norma və qaydaların sayının yarısı qədər olacaq. Və bunu başa düşmək asandır. Əgər 50 nəfərlik bir qrupun restorana gedərək, bir-biri ilə bir metr məsafə saxlaması belə, həmin məkanda olan 30 nəfərlik bir qrupdan daha çox yoluxma riski yaradır. Yəni, həkimin məntiqinə görə, 50 nəfərlik bir qrupda yoluxmuş insanın varlığı ehtimalı 30 nəfərlik qrupdan daha çoxdur.
Digər tələblər də var. Qonaqlar arasında stulların bir masada ən azı bir metr, qonşu masalar arasındakı məsafə ən azı iki metr olmalıdır. Eyni zamanda, qonaqlara nağd puldan istifadə etmək tövsiyə edilmir - nağdsız ödənişə üstünlük vermək daha təhlükəsizdir. Bundan əlavə, ictimai yemək yerlərində mütəmadi olaraq dezinfeksiya işləri aparmaq lazımdır.
Karantin qaydalarının müəllifləri əmindirlər ki, təmizlik sağlamlığın qarantıdır. Bu əminlik də vanna otağının təmizliyinə, şəxsi gigiyena və personal üçün fərdi qoruyucu vasitələrə olan ciddi tələbləri izah edir. Belə vəziyyətdə aydındır ki, hər hansı bir tənəffüs yoluxma əlaməti olan işçilərin iaşə obyektində olması tamamilə istisna olunur.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun AYNA-ya dediyinə görə, ictimai iaşə sahəsində işləmək icazəsi, şübhəsiz ki, sevindirir, lakin bu məsələyə çevik yanaşmanın olması vacibdir: “İctimai iaşə və xidmət sahəsindəki fəaliyyətləri yeni standartlar çərçivəsində tamamilə bərpa etmək məqsədəuyğundur. Bu, məşğulluğun ümumi strukturundakı ictimai iaşə bazarının nəhəng həcminin olması ilə əlaqəlidir.
Bu baxımdan iqtisadçı deputat əhalinin daha çox məşğul olduğu sahələrin statistikasına diqqət çəkir. Beləliklə, rəsmi məlumatlara görə, hazırda ölkəmizin 4 milyon 879 min iqtisadi fəal əhalisinin 1 milyon 769 min nəfəri kənd təsərrüfatında çalışır. Turistlərin yerləşməsi və iaşə sahəsində 78,2 min nəfər işləyir, 81,5 min vətəndaşımız istirahət və əyləncə sahəsində çalışır. Ümumilikdə, bu və ya digər şəkildə ictimai iaşə və xidmətlər ilə əlaqəli bazar seqmentlərində, təxminən 160 min rəsmi işlə təmin olunmuş vətəndaş var.
Bayramov qeyd edib ki, burada təqdim olunan statistika, bu və ya digər şəkildə əhalinin məşğulluğu ilə bağlı qərar qəbul edərkən mtüləq nəzərə alınmalıdır. Son vaxtlar açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin işi ilə bağlı yumşalmalara barədə danışan deputat, qapalı məkanlarda xidmət göstərən kafe və restoranlar üçün də qaydaların tələb olunmasının vacibliyini önə çəkib.
“Deyək ki, müştərilərə ümumi zalda deyil, kabinetlərdə xidmət göstərən kafe və restoranlar var. Virusdan qorunma qaydalarını tətbiq etməklə, onların da fəaliyyətlərini bərpa etmək yaxşı olardı. Nəzərə almaq lazımdır ki, hər il, təxminən 2 milyard manat gəlir, məhz kafe, restoran və xidmət obyektlərinin payına düşür. Bu, olduqca ciddi bir rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya ilə mübarizədə, karantin qaydalarına əməl edilməsi şərti ilə, iş standartlarını müəyyənləşdirmək və nəzarət etmək də vacibdir. Yalnız bu vəziyyətdə bütün sahələrdə iqtisadi fəallığı tədricən bərpa etməklə yoluxma dərəcəsini azaltmaq və lokalizasiya etmək mümkündür”, - V.Bayramov vurğulayıb.