“Bizi tam batırmayın, onsuz da suyun dibindəyik” – <font color=red> HƏYƏCAN TƏBİLİ</font>

İqtisadiyyat

29.08.2020 - 13:25

Kafe-restoran sahibləri fəryad edirlər: “Açıq havada da işləməyimizə imkan vermirsiniz”

 

Bu, mümkün qədər yüksək səslə və tez-tez qaldırılması vacib olan bir problemdir. Azərbaycanda kiçik və orta sahibkarlıq həqiqətən faciəli dövrlər yaşayır. Kafe və restoran sahibləri artıq həyəcan təbili çalırlar. Bir neçə gün əvvəl DAİR Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin rəhbəri Samir Dübəndi özünün “Facebook” səhifəsində iaşə müəssisələrini ciddi yoxlamaların və onların məlumatlandırılmasının əvəzinə, yüksək cərimələr tətbiq edilməsinin bu iş sahəsinin məhv olmasına səbəb ola biləcəyi barədə bir həyəcan dolu yazı yerləşdirdi.

 

"Sizə deyirlər ki, obyektləri yoxlayın, ya onları tamam məhv edin?! Sizə deyirlər ki, maarifləndirin, ya bir-birinə zidd olan 5-10 qərar qəbul edin?! Bir restorana yoxlamaya gələnlərin hamısında onlara yoxlamaq hüququnu verən sənəd olmalı deyilmi? Restorator nə etməlidir - ərzaq almalı, yemək bişirməli, müştərilərə satmalı, ya qanun və qaydaların öyrənməsi ilə məşğul olmalıdır?!”, - deyə qəzəbini gizlətməyən Dübəndi bu problemi işıqlandırmaq üçün mediaya müraciət etdi.

 

Bakıdakı məhşur “Soloha” restoranının yaradıcısı Lidiya Şestak-Əliyevanın “Facebook”dakı yazısını oxumaqla problemin nə qədər böyük, vəziyyətin isə nə qədər acınacaqlı olduğunu anlaya bilərsiniz: “Martın sonunda restoranımız fəaliyyətini tam dayandırdı. Aprel ayında yalnız onlayn sifarişlərlə məşğul olduq və əlbəttə ki, buna tam hazır deyildik. Ancaq pozitiv əhval-ruhiyyədə bu dövrü "Böhran böyümə və rahatlıq zonasından çıxma nöqtəsidir" şüarı altında keçirdik. Sonra bir müddət məhdudiyyətlərlə də olsa, 2-3 həftə işləməyimizə icazə verildi və yenidən bağlandıq. Artıq altı aydır tam işləmirik. Gözləyirdik ki, bizə yardım ediləcək və suyun üzündə qalmağımız üçün addımlar atılacaq. Ancaq sonra baş verənlər heç bir məntiqə sığmır”.

 

“Qonaqları açıq havada qəbul etməyə icazə verildi. Bəs, əgər bir restoranın terrası yoxdursa, o, necə olacaq? “Soloha”da restoranın girişində bir neçə masa qoyduq. Bu zaman insanlar yanımıza qayıtmağa başladılar. Lakin polis restoran yaxınlığındakı masaları təmizləməyi xahiş etdi, çünki bu ərazi rəsmi olaraq terras kimi təchiz edilməyib. Bu fəaliyyəti həyata keçirmək üçün icazə almalı olduğumuzu söylədilər. Sənədləşmə işi, təxminən 2 həftə davam edəcək. Bu müddət üçün restoranı bağlasaq, işə yenidən qayıda bilməyəcəyik. Rəsmi olaraq icazə almaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq, amma bunun necə ediləcəyini müəyyənləşdirən bir normativ belə yoxdur. Nəyə diqqət edəcəyimizi bilmirik və bunun müqabilində normaları izah edilmədən yalnız cərimələr alırıq”, - o yazıb.

 

“Mən son ana qədər olduqca optimist idim. Bu çətin müddət ərzində çoxlu maraqlı məhsullar hazırladıq, qazanc olmadan ayaq üstə qala bildik. Altı ay ərzində rstoranın bütün xərclərini öz şəxsi vəsaitim hesabına ödədim ki, iş yerləri qalsın. Amma, artıq mən də tükənmişəm. Eyni vəziyyətdə olan bir çox restoratoru tanıyıram. Bizimlə əlaqə qurulmasını, dəstək olmalarını və təpəmizdən vurmamalarını istəyirik. 13 ildir qurduğum biznesi itirirəm. Bu, 13 yaşlı uşağını itirmək kimidir. Nətciədə xeyli adam işsiz qalacaq. Resursum o qədər tükənib ki, daha mübarizə aparmaq üçün gücüm qalmayıb. Sizdən restoran işini məhv etməməyi, yaşamağımıza kömək etməyinizi xahiş edirəm. Bu çətin dövrdə bizi tamamilə batırmayın, onsuz da artıq suyun dibindəyik. İmkan verin, harasa üzüb çıxa bilək”, - restorator bildirib.

 

Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli, Azərbaycanda tətbiq olunan karantin tədbirlərinin, ilk növbədə, turizm sektoru ilə əlaqəli kiçik və orta sahibkarlığı vurduğunu deyib: “Martın ortalarından bu günə qədər demək olar ki, heç bir qazancları yoxdur və bu sahə çox çətin günlər keçirir. Kafe və restoran sahibləri bütün bunları öz üzərlərində hiss etdilər. Onların ümumi sayı, müxtəlif hesablamalara görə, təxminən 25000-dir. Onların çoxu can üstədir, bir çoxları isə bu biznesi tamamilə bağlamağı planlaşdırırlar. Bunun səbəbi yalnız xarici turistlərin olmaması yox, həm də daxili turizmin iflic olması ilə əlaqədardır. Respublikanın bölgələrinə səfərlərə olan qadağalar vəziyyətin bu həddə gəlib çatmasında rol oynadı. Üstəlik, yerli ictimai iaşə sektorunun bütün işləri uzun müddət qadağan edildi”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Həmsöhbətimiz xatırladıb ki, yalnız bu yaxınlarda restoratorlara açıq havada qonaqları qəbul edərək, işlərini bərpa etməyə icazə verilib: “Bəli, bəzi kafe və restoranlar ciddi karantin dövründə yeni reallıqlara uyğunlaşdı. Beləliklə, evə çatdırılma sahəsində 4% artım var. Ancaq bütün bunlar, əlbəttə ki, ümumi, çox acınacaqlı vəziyyətlə müqayisədə mənfi haldır. Həqiqətən, kafe və restoran sahiblərinin gəlirlərinin kəskin azalmasına baxmayaraq, onların xərcləri azalmadı. Xüsusilə, onlar hələ də yüksək icarə pulu ödəməli, sosial ödənişlər etməli və işçilərə maaş verməlidirlər”.

 

Cəfərlinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının həddən artıq sərt fəaliyyətindən şikayətlər var: “Yalnız rəsmi məlumatlara görə, kafe və restoranların işini bərpa etməyə icazə veriləndən sonra ilk həftədə onlara 300-ə yaxın cərimə yazılıb. Ölkəmizin tanınmış reallıqlarını nəzərə alaraq etiraf edirəm ki, əslində cərimələrin rəsmi qeydiyyata alınmaması halları çox idi, amma “minnətdarlığın” əvəzində nəyəsə göz yuman müfəttişlik orqanlarının fəaliyyəti də ortadadır. Bəli, karantin qaydaları, sosial məsafə - bütün bunlara əməl edilməlidir. Əlbəttə ki, bu vəziyyətdə kafe və restoranlar yerləşən məkanların dezinfeksiya edilməsinə xüsusi diqqət yetirməlisiniz. Lakin problem ondan ibarətdir ki, əksər hallarda şifahi xəbərdarlıq etmək mümkün olsa da, polis xəbərdarlıq edən yox, məhz cazlandıran orqan kimi hərəkət edir”.

 

“Müqayisə üçün qeyd edim ki, dünyanın inkişaf etmiş ölkələrində belə situasiyalarda polis əksər hallarda nəzarətçi funksiyalarını həyata keçirir. Orada polis kiçik və orta sahibkarlığın dövlətin ən vacib iqtisadi təməli olduğunu, onların vergi ödədiyini və bu vergidən, o cümlədən polis işçilərinin də əməkhaqlarının formalaşdığını başa düşür. Hesab edirəm ki, Azərbaycanda da düzgün xarici təcrübəni mənimsəməklə mövcud reallıqları dəyişdirmək lazımdır”, - istisadçı vurğulayıb.

 

Azərbaycanda dövlət büdcəsinə yalnız yerli kafe və restoranlardan vergi ödəmələrinin ayrı bir statistikası yoxdur, amma bütün kiçik və orta sahibkarlığın dövlət büdcəsinə vergi ödəmələri statistikası mövcuddur. Müsahibimizin dediyinə görə, bu rəqəm ildə 800-900 milyon manatdır. “Bu, çox azdır. Eyni zamanda, işə münasib bir münasibətlə yanaşsaq, sahənin inkişafı üçün potensial var. Bundan əlavə, bu sahədə çox insanın işlədiyini başa düşmək lazımdır. Onların həqiqi sayı turizm sektorundakı işçilərin, o cümlədən kafe və restoran işçilərinin rəsmi olaraq elan edilmiş sayından qat-qat çoxdur. Onların sayı rəsmi statistikada göstərildiyi kimi, ümumilikdə 100 min nəfərdən dəfələrlə çoxdur. Ən azı, koronavirus pandemiyasından əvvəl vəziyyət belə idi. Bəs indi, belə ağır vəziyyətdə, niyə ölkədə işsizliyin artmasına zəmin yaradılır? Əminəm ki, dövlət həm kiçik, həm də orta sahibkarlığa, xüsusən də kafe və restoran sahiblərinə hər cür dəstək göstərməlidir”.

Müəllif: Əkbər Həsənov