“Demokratiya, insan haqları arxa plana keçəcək”

Siyasət

12.05.2020 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

Postpandemiya dövründə dünya düzəni hansı səmtə dəyişəcək – Ekspertlər şərh edirlər

 

Koronavirus pandemiyasının yayılması dünya iqtisadiyyatı və siyasətində bir çox dəyişikliyə yol açdı. Belə ki, virus yayılmağa başlar-başlamaz dövlətlər bir-birinin üzünə qapılarını bağladı və hətta ittifaq dövlətlər bir-birindən üz çevirdi. Bununla bərabər, baş verən hadisələr iqtisadi böhrana yol açdı və ölkələr bu durumla təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldı. İqtisadi böhran və ölkələrin təkbaşına qalması da iqtisadi və siyasi boşluqları üzə çıxardı.

 

Bəs, postpandemiya dövründə nələr baş verəcək? Dünya ölkələri, o cümlədən Azərbaycan mövcud durum qarşısında nə edəcək, yaxud nə etməlidir?

Beynəlxalq münasibətlər araşdırmaçısı Əziz Əlibəyli AYNA-ya açıqlamasında deyib ki, postpandemiya dövründə bir çox ənənəvi əməkdaşlıq formaları dağılacaq: “Bunun başında isə mütləq iqtidsadi və siyasi məsələlər gəlir. Qlobal iqtisadi münasibətlər üzərində formalaşan əməkdaşlıq sahələri artıq əvvəlki qədər rentabelli deyil. Çünki “dünya fabriki” adlanan Çin elə bütün dünya bazarını xidmət malları, istehlak sahəsinə aid tələbat məhsulları ilə tutmuşdu. Pandemiya göstərdi ki, dünya Çindən nə qədər asılı və gücsüz vəziyyətdə imiş. Hazırda ilkin iqtisadi-siyasi fikirlər irəli sürülür ki, regional iqtisadi əməkdaşlıq daha yaxşıdır. Məsələn, Avropa ittifaqı ölkələrinin bir qitədə, yaxın olmalarını nəzərə alsaq, bazarlarında da İT məhsullarının, elektoron ticarət payının da 30-40 faiz civarında Çindən asılı olmasını nəzərə alsaq, pandemiya bu payın defisitini, çatışmazlığını və asılılıq dərəcəsini ortaya qoydu”.

 

“Hazırda, məhz qonşu ölkələr arasında birgə iqtisadi layihələr üzərində iş başlanmaq üzrədir. İlk addımı biz Avropa İttifaqından görəcəyik, daha sonra Amerikada bu proses müşahidə ediləcək ki, elə Trampın hələ Çinə qarşı metal sektorunda açdığı ticarət savaşının mahiyyəti də bu idi. İkincisi, qlobal sərhədlər anlayışı maksimum suverenlik, özünü təminetmə, sərhədlərinə qapanmaq, dünyada, beynəlxalq münasibətlər sistemində proseslərin induktiv xarakter almasını görəcəyik”, - ekspert bildirib.

 

Əlibəyli əlavə edib ki, pandemiyaların artıq Yer kürəsinə ayaq açması və insanlığı təhlükə altına salması sərhədlər daxilinə beynəlxalq nəzarəti zəifələdəcək: “Ola bilər ki, dövlətlərarası münasibətlər öləzisin, amma dövlətdaxili areallarda insan haqları, beynəlxalq hüququn təməl prinsiplərinə hörmət kimi vacib məsələlərin gələcəyi qaranlıq görünür. Dünya, ümumiyyətlə, demokratiya indeksində mənfi qiymət alacaq. Üçüncüsü, hər bir parçalanma, müstəqilləşmə dünyanın nəzarətdən çıxması deyil, pandemiya bitər-bitməz yeni dünya nizamının inşasına başlanacaq. Şərqi Çin dənizi, Okeaniya, Aralıq dəniz sahili, ərəb səhrası qızışacaq”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Politoloq Əhəd Məmmədli isə hesab edir ki, postpondemiya dövründə dünya düzəni əhəmiyyətli şəkildə dəyişməyəcək. O, AYNA-ya şərhində fikrini belə əsaslandırıb: “Ciddi dəyişim gözləmirəm. Amma təbii ki, bu dövr müəyyən dəyişiliklərlə yadda qalacaq. Bu isə tək pandemiya ilə əlaqədar deyil, dünya yenidən əvvəlki adət-ənənəsinə qayıdır. Yəni dünya bir-iki qütblülükdən çoxqütblülüyə qayıdır. Bunu Avropa və Amerika siyasətinin getdikcə artan mühafizəkar meyllərində də görmək olar. Ona görə də dünya artıq fərqli istiqamətdə inkişaf edəcək. Bu fərqli dünyada da Azərbaycan öz layiqli yerini tutmalıdır”.

 

“20-ci əsrin ortalarından sonra başlayan ikiqütblü dünya və SSRİ-nin dağılmasından sonra formalaşan birqütblü dünya mərhələsi sona çatacaq və bir neçə qütb yaranacaq. Yəni təkcə bir, yaxud iki dövlət söz sahibi olmayacaq. Həmin dövlətlər üzərində də yeni dünya siyasəti qurulacaq. O dövlətlərin arasında dünyada söz sahibi olan ailələr, korporasiyalar öz siyasətlərini quracaqlar. Ki, bu da dünyada yeni dövlətlərin yaranmasına səbəb ola bilər. Yəni, mümkündür ki, bir neçə böyük dövlətin parçalanması nəticəsində ərazilərində yeni dövlətlər yaransın və yeni siyasi konfiqurasiyalar qurulsun. Proses həm də İslam sivilizasiyasının yenidən təşəkkül tapması ilə nəticələnə bilər”, - Məmmədli əlavə edib.

Müəllif: Mərahim Nəsib