Dekanın təklifi üzərində müzakirə: <font color=red> Şərtlərə yenidən baxılsın!?</font>

Cəmiyyət

16.06.2020 - 15:02

Vüqar Zifəroğlu: “Keçid balı heç olmazsa, 45 və hətta mümkün olsa, 40 bala endirilməlidir”

 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu jurnalistika ixtisaslaşmaları üzrə magistraturaya sənəd verənlərin sayının bu il az olduğunu deyib. Bunun səbəbini də bir sıra məqamlarla əlaqələndirib. Bildirib ki, pandemiya gənclərimizin ümumi hazırlığına təsir edib.

 

“Magistratura pilləsi üzrə jurnalistika ixtisaslaşmalarına qəbul prosesi son dərəcə ciddi tələblər üzərində qurulur. Bu, bir tərəfdən yaxşıdır, özünü həqiqətən də bu ixtisasa həsr etmək istəyənlər özlərini sınayırlar. Amma digər tərəfdən də, bir məqam var ki, ona ciddi şəkildə yenidən baxılmalıdır. Bir çox humanitar istiqamətlər üzrə magistraturaya qəbul mərhələsində ikinci tur ləğv edildi, amma jurnalistikada saxlanıldı. Fakültə olaraq, biz bunun tərəfdarıyıq. Seçim daha ciddi şərtlər altında aparılmalıdır. Lakin birinci turun keçid balının 50 olması ilə razılaşmaq olmur. İkinci mərhələdə iştirak etmək üçün şərt irəli sürülür - yazı və ya audiovizaul material. Bizim, sözün həqiqi mənasında, magistraturada təhsil almağa layiqli, hətta tələbəykən, peşə fəaliyyəti ilə məşğul olan yetirmələrimiz 3-5 bal fərqi ilə birinci turdan kəsildilər”, - Zifəroğlu AYNA-ya açıqlamasında qeyd edib.

 

Dekan Dövlət İmtahan Mərkəzinin (DİM) bu məsələyə ciddi şəkildə baxmalı olduğunu düşünür: “Bu cür keçid balı ilə davam etmək doğru deyil! Gələn ildən gec olmayaraq, keçid balı heç olmazsa, 45 və hətta mümkün olsa, 40 bala endirilməlidir. Onu da nəzərə alaq ki, bəzi ixtisaslaşmalara keçid balı 40-dır və həmin ixtisaslaşmalara qəbul elə bir turdan ibarətdir”.

Vüqar Zifəroğlu: “Yazılar sərt tələblər üzərindən yoxlanılıb ...

Müsahibimiz hər əlinə smartfon alanın özünü jurnalist hesab etməsinə və ali təhsilli jurnalist olmağı vacib hesab etməməsinin mediamınızın bugünkü mənzərəsinin formalaşmasına neqativ təsirinə də diqqət çəkib: “Mən həmişə demişəm, jurnalistika ilə jurnalist məşğul olmalıdır!”

 

Fakültənin dekan müavini Sevinc Əliyeva isə hər iki mərhələnin də yaradıcı olmasının tərəfdarıdır. O, AYNA-ya açıqlamasında fikrini belə izah edib: “Vüqar müəllimin dediyi ən optimal variantdır, lakin mən təklif edərdim ki, jurnalistika ixtisasında həm birinci, həm də ikinci mərhələ şifahi və yazılı olsun. Nəzərə alsaq ki, jurnalistikaya digər ixtisaslardan da sənəd vermək olur, bu da başqa bir problem yaradır. Digər ixtisasdan müraciət edən tələbələr arasında yüksək balla birinci mərhələni keçənlər, bəzi hallarda ikinci mərhələdə qabiliyyət imtahanından keçə bilmirlər. Nəticədə jurnalistikadan olan məzunlar da, qeyri-ixtisasdan gələn tələbələr də kənarda qalır və bu da böyük problem, boşluq yaradır”.

 

Əliyeva da birinci turda jurnalistika ixtisası üçün keçid balının aşağı salınmasının tərəfdarıdır: “Birinci turda balın aşağı salınması fakültənin daha çox tələbəsinə şans yaradacaq, eyni zamanda da gələcəkdə fakültədə qalıb pedaqoq kimi fəaliyyət göstərmək istəyənlərə imkan yaradılmış olacaq”.

 

Fakültənin müəllimi Nəsir Əhmədlinin də məsələyə öz yanaşması var. AYNA-ya danışan pedaqoqun sözlərinə görə, magistraturada daha çox elmi kadrlar hazırlanır: “Bizə isə başqa sahələri bilən praktik jurnalistlər lazımdır. Azərbaycan Dillər Universitetinin, yaxud BDU-nun Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini bitirmiş şəxslər, magistraturada jurnalistikanın araşdırma metodları ilə tanış olduqdan sonra xarici ölkələrin mətbuat tarixini və ya müxtəlif ölkələrlə olan mətbu əlaqələrimizi peşəkarcasına araşdıra bilərlər. Başqa sahələrin məzunları üçün bu, o qədər də əlverişli deyil”.

 

Başqa ixtisaslardan gələn tələbələrin jurnalistikaya aid fənlərlə tanışlığı olmadığından çətinlik çəkdiklərini deyən Əhmədli kurslar açmağın da faydalı olacağını düşünür: “1-2 illik jurnalistika kursları açmaq faydalı olar. Müxtəlif sahələrdən yaza bilən mütəxəssislər hazırlanar. Gənclər bakalavr səviyyəsində jurnalistikaya aid fənlərlə tanış olmadıqlarından sonralar çətinlik çəkirlər. Həmin fənləri magistraturada onlara öyrətmək imkanı yoxdur”.

BDU-da jurnalistika üçün vacib kitaba təqdimat keçirildi

Fakültənin müəllimlərindən Aynur Nəsirova da keçid balının aşağı salınmasının tərəfdarıdır: “Jurnalistika ixtisasında magistraturaya qəbul üçün keçid balının aşağı salınması mütləq və olduqca vacib məsələdir. Xüsusilə də hazırkı dövrdə. Dünya praktikasında, hətta imtahansız qəbula da rast gəlirik. Bundan başqa, jurnalistika ixtisasına qəbul qaydaları dəyişməlidir. Nəinki magistratura, hətta bakalavr pilləsində jurnalistika ixtisası üzrə qəbul qaydalarına dəyişiklik edilməlidir”.

 

Təhsil eksperti Kamran Əsədov isə jurnalistika ixtisası üzrə magistratura pilləsinə müsabiqə şərtlərinin dəyişməsini məqbul saymır. O, AYNA-ya deyib ki, müsabiqə şərti ilə keçid balı fərqli məsələlərdir: “50 bal müsabiqəyə buraxılmaq üçün müəyyənləşdirilmiş baldır. Keçid balı isə plan yeri üzrə ixtisasa qəbul olmuş sonunca tələbənin balı əsasında formalaşır. Vüqar müəllimin təklifi ona görədir ki, plan yerləri boş qalmasın və müəllimlərin dərs saatı azalmasın. Hesab edirəm ki, məsələyə belə yanaşmaq olmaz. Plan yerləri boş qalsa da, biz kəmiyyətə yox, keyfiyyətə üstünlük verib həqiqətən bu sahədə davam etmək istəyən tələbələrin tərəfindən çıxış etməliyik. Dünyanın inkişaf etmiş ölkələrində plan yerləri boş qalsa da, müsabiqə şərtləri dəyişmir”.

 

Magistratura pilləsində digər ixtisaslardan müraciət etmə imkanının olması da müsabiqəyə təsir göstərir. Bu, rəqabət mühitini gücləndirsə də, bir sıra problemlər yaradır. Buna diqqət çəkən Əsədov hesab edir ki, hər kəs magistratura pilləsində bakalavrda təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirməlidir.

 

“Kimsə dörd il jurnalistikada oxuyur, kimsə də dörd ildə başqa sahə üzrə oxuyub, iki ildə jurnalist kimi yetişmək istəyir. Hesab edirəm ki, bununla bağlı ciddi monitorinq aparmaq lazımdır. Qeyri-ixtisasdan gələn yüksəkballı və bu ixtisasda bakalavr təhsili alan azballı tələbələrin müqayisəsi aparılmalıdır. Hansıların magistratura pilləsində daha uğurlu olması ilə bağlı mütəxəssislərin ümumi rəyindən sonra qərar verilməlidir”, - ekspert əlavə edib.

Müəllif: Aləmdə Nəsib