Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Danışır ŞUŞA

Cəmiyyət

07.01.2022 - 10:20

O əzəmətin ağuşunda itib-batsan da, özünü axtarışa vermək istəmirsən

İki il əvvələ qədər ermənilərin səyahət tur şirkətlərinin internet səhifələrində elə hey vurnuxurdum - əsəbi, dilxor, kinli, ümidsiz... “Şuşa turu” adlı reklamlara şərh yazan əcnəbilərin və ermənilərin torpağımız haqqında tərifnamələri məni çox qıcıqlandırırdı. Amma heç ağlıma da gəlməzdi ki, indi Cıdır düzündə üçrəngli bayrağımızla çəkdirdiyim fotonu düşmənçiliyi əbədi etməyə köklənən bədnam qonşulara göndərəcəm. Bu qisas hissini yaşadan qəhrəmanlarımıza eşq olsun!

***

Avtobusumuz Zəfər yoluna çıxanda hamının qarışıq hisslərə qapıldığı vəziyyətə düşdüm. Sevinc, kədər, qürur... “Biz indi Şuşaya gedirik?”. Tez-tez hafizəmi təzələyən sualı öz-özümə verirdim. Bu dəfə xəyal olmadığını bildiyim halda həyəcanın təsiri altına düşmüşdüm. Şuşada heç vaxt olmayan, amma onu görmədən, torpağına ayaq basmadan onu sevən biri kimi ora gedirdim. İllərdir, düşmən əlində olan şəhərimiz üçün yas saxlayırdıq, amma indi o şəhərdə bizimkilər var.

Kaş, Füzulinin xarabalıqlarını görməyəydim...

Görmədən olmazdı. 44 günlük müharibədə arxa cəbhədə yatmayan, səksəkədə olan çoxu kimi mənim üçün də Füzulidə düşmənin yaratdığı minalı, betonlu istehkam və orada qəhrəmancasına həlak olan oğullarımız unudulmazdır. İkinci Qarabağ müharibəsində ən çox şəhid verdiyimiz rayon ərazisindən keçmək həm çətin, həm də fəxarətlidir.

Əhmədbəylidən keçib Füzuliyə gedən yolboyu evlərin xarabalıqları bizi müşayiət edir. Elə hey baxdığın hər dağılmış yurd-yuvaya yana-yana baxırsan, deyinirsən: görəsən, o ev kimindir?.

“Diqqət, mina ola bilər”, “minalanmış ərazidən qorunun” kimi təlimat tabloları diqqətdən qaçmır. Qışın bozarmış naturası xarabalıqları daha da dəhşətli edir. Şuşa səfərimizdə eyni avtopusda qazi həmkarım Mail Əsgərovla birlikdə olmaq da bir başqa qürur hissi idi. Mail Füzulidə bir həftə boyunca ağır döyüşlərdə iştirak edib və yaralanıb. O, bizə yolboyu düşmənin qurduğu hiyləgər planlardan, qəhrəman əsgərlərimizin igidliyindən danışırdı.

***

Daşaltıya çatanda 90-lardakı müharibə söz-söhbətləri qulaqlarımda yenidən canlanır. Cəbhədən xəbər gözləyən və televizor qarşısında kədərli oturan doğmalarımı xatırlayıram. Axı Birinci Qarabağ Müharibəsində Daşaltı da çox şəhid vermişdi. Məşhur “Daşaltı əməliyyatı”... İndi bomboş olan Daşaltı susqun halda sahiblərini gözləyir.

Şuşa yolunda bozarmış meşələrdən ötəndə əminəm ki, hamı bunu düşünüb: Bizə qalibiyyət sevincini yaşadan qəhrəman oğullarımız bu meşələrdən necə keçiblər? Günlərlə ac-susuz qalan igidlərimiz... Hansı ağac hansı əsgərin şəhadətinə şahidlik edib, görəsən?

***

Zəfər yolumuzun sonunda Şuşadayıq. Dekabrın son günləri olmasına baxmayarq, nə dumanı, nə çovğunu olan Şuşada. Əvəzində Günəş var.

Gedə-gedə istəyirsən ki, çoxlu gözün olsun, qısa vaxtda hər yerə baxıb, incələyib bitirəsən. Ətrafa baxırsan, adam bilmir, işğalın və müharibənin izlərini hansı küçədən “qoxulasın”.

Addımlarımı ehtiyyatla atıram, elə bilirəm, addım atdığm yerdə müqəddəs şəhid qanı var. Şuşa ziyarətində ara-sıra qulaqlarımda güllə, atəş səslənirdi. Elə bil, yenidən müharibənin içərisinə dönmüşdüm. “Görəsən, burada nə olub”, “Görəsən, bizimkilər ilk dəfə Şuşaya necə ayaq basıblar”, - deyə yarı bildiyim sullara səssizcə cavab axtarırdım.

Divarlarda “... qisasın alındı, rahat uyu” yazıları - şəhərə ilk girən qəhrəmanların şəhər divarlarına yazdıqları yazılar içində ən çox təsirləndiyim “mesajlar” bunlar idi. Qisası alınan Şuşa şəhidlərimizin ruhuna fatihə!

***

Gedirəm. Gözüm nəyi axtarır, nəyi görmək istəyir - heç özüm də bilmirəm. Ara-sıra şəhərdə aktiv olan və daim xidmət göstərən polis maşınlarının səsi gəlir və ayılırsan. Yenə öz-özünə deyirsən: “Şuşa polisi imiş”. Şuşa polisinin mehribanlığı belə, olduğun yeri dərk etməyə yetmir.

Yanımda olan yoldaşlarımdan biri anası ilə telefonda danışır: “Ana, hansı binanı deyirsən, beşmərtəbə çoxdur burada, aşağı düşürəm...” Aygünün anasıgilin Şuşada həm binada mənzili, həm də həyət evləri olub. İndi o, məndən də çox burada olmağa sevinir. Uşaq vaxtı Şuşada olduğu günləri xatırlamağa çalışır.

Şuşaya girişdə birbaşa aşağı küçədən  yolumuza davam edirik. İndi Şuşada kimlər var? Şuşa polis əməkdaşları, hərbçilər, fəhlələr... az sayda əhali. Əslində “əhali” indiki cümlədə böyük çıxır. Gün o gün olacaq ki, şəhərin əzəli sakinləri geri dönüşlə doğma torpaqlarını qızdıracaqlar.

Müharibəsonrası bura ziyarətə gələn hər kəs “Şuşa çörəyi”ndən danışır. Şəhərdə bir neçə market və iki çörək sexi fəaliyyət göstərir. Çörək qoxusuna gəlib o xırtxırtlı çörəkdən dadmadan olmazdı.

***

Hələlik ziyarət etmək imkanında olduğumuz Yuxarı Gövhər Ağa Məscidi, M.P.Vaqifin bərpa edilmiş məqbərəsi, Cıdır düzü, Şuşa qalasının divarlarının əzəməti içində itib-batsan da, heç özünü axtarışa vermək istəmirsən.

Qəhrəman hərbçilərimizin “Şuşa işğaldan azad olundu” qələbə sevincini bəyan etdiyi binanın qarşısındayam. Solda Xurşudbanu Natəvanın evinin xarabalığı yenidən adamı düşmənə lənət oxumağa vadar edir. İnsan həyatlarını oğurlayan, qəsd edən düşmənə lənət olsun!

Elə bilirdim, mənfur düşmən işğal etdiyi torpaqlar arasında ən az xətər yetirdiyi yer bura idi. Amma demək olar ki, yarı xarabalığa çevrilmiş, dağıdılmış evlər də az deyil Şuşada. Düşmən demək olar ki, işğal etdiyi Şuşada ötən illər ərzində heç bir yenilik etməyib, hər yer, hər bina dimdik dayanıb, öz sahiblərini gözləyir, yaralı olsa belə. Vəfalı, sadiq Şuşam!

Qocaman əməkdar jurnalist Eldar İsmayılov yolboyu bizə bələdçilik etdi və onun hər yeri, hər tini olduğu kimi xatırlaması həm qürurverici idi, həm də heyrətləndirici. Bir tərəfdən də düşmənin heç bir ünvanı dəyişməməsi bizim ev sahibləri üçün də müsbət haldır. Hər kəs zamanla doğma yurduna qayıdanda evini tapmaqda çətinlik çəkməyəcək.

Ən əsası odur ki, şuşalılar qayıdacaqlar. Bir daha əsla oranı tərk etməmək üçün qayıdacaqlar.

Xankəndindən Şuşaya baxmaq arzusu ilə!

P.S. Beynəlxalq təlimçilərlə hər zaman mübahisə etdiyim bir məqam olub. Sülh jurnalistikasını təbliğ edənlər “peşəkar jurnalist hissləriylə davranmaz”, “peşəkar jurnalist nifrət nitqindən istifadə etməz” deyirlər. Müharibə görməyən, müharibənin hansısa formada qurbanı olmayanlar üçün bunu demək çox asandır. Təkcə Füzulidə, Şuşada gördüklərim, erməni vəhşiliklərinın canlı tabloları düşmən haqqında hansı normal cümləni qurmağa imkan verər? Mümkün deyil! Jurnalist də insandır! Onun da Vətəni var!

Qeyd. Şuşa səfəri Medianın İnkişafı Agentliyinin (MEDİA) dəvəti və təşkilatçılığı ilə baş tutub.

Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var – Dayan! Ayaq basdığın yerdə şəhid qanı var –
Müəllif: Raminə Eyvazqızı