Çin alimləri COVID-19-la bağlı yeni iddia irəli sürüb

Dünya

29.11.2020 - 00:47

Virusun su vasitəsilə heyvandan insana keçdiyi bildirilir


Bir qrup çinli alim COVID-19 virusunun 2019-cu ilin yayında Hindistanda ortaya çıxması ilə bağlı ehtimal irəli sürüb.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, alimlər COVID-19 virusunun heyvanlardan insanlara çirkli su ilə keçdiyini iddia edib. İnsanlar və heyvanların xüsusən isti havalarda eyni suyu içdiklərini vurğulayan mütəxəssislər virusun ilk aşkarlandığı Vuhana çatdığını iddia ediblər. Ancaq Qlazqo Universitetinin mütəxəssisi David Robertson məqaləni “çox qüsurlu” olaraq xarakterizə edib və bunun koronavirus haqqında anlayışımıza heç bir şey əlavə etmədiyi qənaətində olduğunu deyib. 


Qeyd edək ki, Çin rəsmiləri daha əvvəl də pandemiya ilə bağlı  başqa ölkələri günahlandırmağa çalışıb. Dəlil olmadan Çin virusun mənbəyinin həm İtaliya, həm də ABŞ ola biləcəyini bildirmişdi. Çin ilə Hindistan arasında siyasi gərginliyin davam etdiyi bu dövrdə Hindistanın bu iddiaya reaksiyası maraq doğurmaqdadır. 


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənbəyini axtararkən elmi sübutlar xəstəliyin Çindən gəldiyini göstərir. Çin qrupu məqalələrində virusun mənşəyini izləmək üçün necə mutasiya etdiyini araşdırmaq üçün filogenetik analizdən istifadə edir. Viruslar da bütün hüceyrələr kimi çoxaldıqca mutasiya edir, yəni özlərini təkrarladıqları zaman DNT-də kiçik dəyişikliklər olur. Bu səbəbdən elm adamları ən az mutasiya olan nümunəni taparaq virusun orijinal versiyasını izləmək mümkün olduğunu iddia edirlər. 


Məqaləyə görə, bu metoddan istifadə edərək, Vuhanda tapılan virusun orijinal virus olmadığı ortaya çıxdı və bunun əvəzinə doqquz ölkə şübhəlilər içərisinə düşür: Banqladeş, ABŞ, Yunanıstan, Avstraliya, Hindistan, İtaliya, Çexiya, Rusiya və ya Serbiya. Tədqiqatçılar həm Hindistan, həm də Banqladeşdə aşağı mutasiya nümunələri qeyd etdikləri və coğrafi qonşu olduqları üçün ilk ötürülmənin orada baş verdiyini ehtimal edirlər. Virusun bir dəfə mutasiya etməsi üçün lazım olan vaxtı təxmin edərək oradan götürülən nümunələrlə müqayisə etdikdə virusun ilk dəfə 2019-cu ilin iyul və ya avqust aylarında ortaya çıxdığını iddia edirlər.

 

Məqalədə "2019-cu ilin mayından iyun ayınadək qeydə alınan ikinci ən uzun istilik dalğası şimal-mərkəzi Hindistan və Pakistanı yıxdı və bu bölgədə ciddi bir su böhranı yaratdı" deyilir. İddialara görə, su çatışmazlığı meymunlar kimi vəhşi heyvanların bir-birləri arasında su uğrunda ölümcül davalar etməsinə səbəb olub və insanın vəhşi heyvanlarla qarşılıqlı əlaqə ehtimalını artırıb.

 

Məqalədə deyilir: "SARS-CoV-2-nin heyvandan insana ötürülməsinin bu qeyri-adi istilik dalğası ilə əlaqəli ola biləcəyini təxmin edirik".

 

Tədqiqatçılar həmçinin Hindistanın zəif sağlamlıq sistemi və daha az ağır olan COVID-19 simptomlarından əziyyət çəkən gənc əhalinin virusun bir neçə ay boyunca gözədəyməz şəkildə yayılmasına imkan verdiyini iddia edirlər. Çinli tədqiqatçılar virusun Çinə gəlməmişdən əvvəl, ehtimal ki, Avropadan keçərək siyahıdakı digər ölkələrə yayıldığını düşünürlər. Alimlər "Bu kontekstdə koronavirus pandemiyası qaçılmazdır və Vuhan epidemiyası bunun yalnız bir hissəsidir" fikrindədirlər. Hindistanın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə 485 nəfərin ölümü ilə COVID-19 səbəbiylə ölənlərin sayı 136,200-ə çatıb.

Müəllif: Ayna.az