Bölgəmizdə nəhəng maraqlar toqquşması

Siyasət

20.09.2022 - 14:13

Azərbaycan kimin yanında yer almalıdır?

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana üçgünlük səfəri ciddi rezonans doğurub. Pelosi sentyabrın 18-də Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi görüşdən sonra ölkəmizin əleyhinə kəskin bəyanatlar verib. O, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında sentyabrın 12-14-də baş vermiş sərhəd toqquşmaları barədə danışarkən, günahkar qismində Azərbaycanı göstərib.

Onun səfərindən iki gün öncə isə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti keçirilib. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan tərəfindən təsis olunan və sonradan sıraları genişlənən təşkilatın sammitində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Hər iki lider sammitdə nitq söyləyib.

Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü, ABŞ və Qərbin Türkiyənin ardınca Azərbaycana qarşı təzyiqləri artırması, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il müddətində susqunluq nümayiş etdirdiyi halda, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizi ittiham etməsi, eləcə də gərginləşən regional münasibətlər siyasi gündəmin əsas müzakirə mövzusudur. Ekspertlərin qənaətinə görə, digər region dövlətləri kimi, Azərbaycan da geosiyasi seçim qarşısında qalıb və olduqca təhlükəli bir mərhələyə qədəm qoyub.

Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı AYNA-ya açıqlamasında söyləyib ki, ABŞ suveren dövlətlərin daxili işlərinə qarışmaq şakərindən qurtula bilmir: “Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bir milyondan artıq soydaşımızı doğma yurd-yuvasından didərgin salıb. Xocalıda insanlıq əleyhinə cinayət törədib. Qadına, uşağa, qocaya baxmadan milsiz cinayətlər törədib. ABŞ və Qərb isə bu baş verənlərə ciddi etiraz bildirməyib. Nəinki bunu etməyiblər, əksinə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycana qarşı təzyiq siyasətini işə salıblar”.

“Unutmaq lazım deyil ki, Ali Baş Komadanın iradəsi və Azərbaycan ordusunun şücayəti nəticəsində torpaqlarımızı işğaldan azad etmişik. Bu tarixi qələbəyə qısqanc yanaşanlar nəyə görə 30 il ərzində işğal faktına dözüm nümayiş etdiriblər? Heç səslərini də çıxarmayıblar. Ermənistan məğlub olan kimi ABŞ ona dəstək nümayiş etdirməyə başladı. Bütün bunlar bir daha göstərir ki, Amerika ikitirəli siyasət yürüdür”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan düzgün, məntiqli və düşünülmüş xarici siyasət yürüdür: “Dünyada siyasi nizamın pozulduğu, regionda gərginliyin artdığı bir dövrdə torpaqlarımızı düşmən tapdağından azad etdik. Tarixi həsrətimizə son qoyduq. Birmənalı şəkildə söyləmək olar ki, cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasət müasir dövrün çağırışlarına cavab verir. Ermənistan uzun müddət işğalçılıq siyasəti yürütdü. Azərbaycan isə öz hərbi və iqtisadi qüdrətini, eləcə də diplomatik müstəvidə əhəmiyyətini artırırdı. Bu qələbəni şərtləndirən əsas səbələrdən biri bu idi”.

“Ermənistan onda ayıldı ki, artıq “böyük Ermənistan” xülyası “suya düşüb”. Uzun illərdir ölkəmin yürütdüyü balanslaşdırılmış xarici siyasətin nəticəsidir ki, bütün regional problemlərdən kənarda qalmağı bacarmış və daxili sabitliyimizi qoruya bilmişik. Qonşu dövlətlərə nəzər yetirsək, görərik ki, çox ölkədə belə deyil. Azərbaycan Türkiyə ilə birlikdə diplomatik siyasət yürüdür və heç bir diplomatik oyunçudan yana deyil. Milli maraqlara söykənən xarici siyasət yürüdürük və bu, ən düzgün yoldur”, - deyə İbrahimqızı fikrini yekunlaşdırıb.

Politoloq Şahin Cəfərli isə fərqli düşünür. O, AYNA-ya şərhində deyib ki, Rusiya regional kooperasiyaya rəvac verib: “Bununla da prosesləri öz nəzarətində saxlamağa və liderliyi əsasında maraqlarını təmin etməyə çalışır. Elə bir şərait yaranıb ki, hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, problem öz həllini tapmaya bilər”.

“Təsəvvür edin ki, Moskva üçüncü bir oyuncaq “dövlət” yaradıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, sabah Dağlıq Qarabağ erməniləri iddia edə bilər ki, “bu, İrəvanın qərarıdır, bizim yox”. Arqument də qoya bilərlər ki, Ermənistan özü “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımayıb. Rusiya bunu dedirdə bilər. Kifayət qədər ciddi və təhlükəli bir məqamdır”, - deyə analitik vurğulayıb.

Onun qənaətincə, bir müddət sonra Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin delimitasiyası haqqında sənəd imzalanacaq: “Bundan sonra isə kommunikasiya və iqtisadi əlaqələr bərpa olunacaq. Amma bütün bunlar da münaqişəni tam həll etməyəcək. Rusiya yenə hansısa formada nəzarət mexanizmini qoruyub saxlayacaq”.

Cəfərli hesab edir ki, Moskva həm Azərbqaycanı, həm də Ermənistanı məharətlə idarə etməyi bacarır: “Bu xalqların psixologiyasını da çox gözəl bilir. Gah erməniləri cəzalandırır, gah da bizi. Rusiyaya yönəlik siyasət heç bir müsbət nəticəyə gətirib çıxara bilməz. Əksinə, ona yaxınlaşdıqca mövcud problemləri gələcək nəsillərə ötürmüş oluruq. Çox təəssüf ki, imperialist maraqlara xidmət edən lokal toqquşmanın sonuna gəldik. Rusiya Ukraynaya təcavüz edir və bütün dünya ona qarşı dayanıb. Belə olduğu halda onların yanında yer almaq anlaşılan deyil. Bunun doğruduğu fəsadları hiss edəcəyik”.

Müəllif: Azər Niftiyev