“Blokadadakı ermənilərlə" danışıq və ya Bakının şərti bəllidir - TƏK YOL VAR

Aktual

20.02.2023 - 15:55

BMTM rəhbəri: “Milli azlıqlarla bağlı onsuz da Azərbaycanın müəyyən siyasəti var”

“Şərt məlumdur: Vardanyan kimi Qarabağa göndərilmiş şəxslə danışıq olmayacaq. Bu adam Xankəndidən çıxmalıdır. Azərbaycanın radikal ideyaları davam etdirən ermənilərlə masaya oturmayacağı birmənalıdır”

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Qarabağın erməni əhalisi ilə Azərbaycan hökumətinin danışıqları məsələsinə toxunulub. Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın Baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini Helqa Maria Şmid də iştirak ediblər.

Çıxışı zamanı Paşinyan Laçın yolunda keçirilən aksiyaya toxunub, Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən “blokadaya alınmasından” şikayətlənib. Azərbaycan lideri isə Laçın yolu ilə bağlı Paşinyanın iddiasını təkzib edib və bildirib ki, yol mülki şəxslər üçün açıqdır. İlham Əliyev Bakının erməni əhali ilə danışmağa hazır olduğunu, lakin bunun üçün şərtlərin mövcudluğunu irəli sürüb.

“Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”, - deyə Prezident Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti blokadanın olmadığını göstərən ikinci fakt kimi bildirib ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib: “Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri, analitik Fərid Şəfiyev AYNA-ya bildirib ki, Əliyev Paşinyanın iddialarının əsassız olduğunu sərrast şəkildə ifşa edib. Politoloq deyib ki, Bakı hər zaman Qarabağın erməni əhalisi ilə danışmağa hazır olduğunu nümayiş etdirib:

- Prezident şərti açıqladı. Əvvəl ondan başlayaq ki, Laçın yolunda baş verənlərin səbəbi nədir. Laçın yolu üzərində baş verənlər 3 səbəblə bağlıdır. Təbii ki, əsas səbəb ekoloji problemlər və Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarıdır. İkinci səbəb 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanata zidd olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə edilməsidir. Nəqliyyat-kommunikasiyanın açılmasına dair Üçtərəfli Birgə Bəyanatda qeyd olunmuş öhdəliklərin yerinə yetirilməməsi də səbəblər arasındadır. Məsələn, Laçın yolunda 2 il müddətində bütün qanunlar pozuldu. Azərbaycan dəfələrlə bildirdi ki, bu qanunsuzluqlara son qoyulmalıdır. Eyni zamanda, Ermənistan tərəfi müxtəlif bəhanələrlə Zəngəzur vasitəsilə Azərbaycandan Naxçıvan regionuna dəhliz açmaqdan imtina etdi.

Bütövlükdə sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi, Rusiya sülməramlı kontingentinin fəaliyyəti, Qarabağ erməniləri arasında radikalların olması və Azərbaycanla dialoqu pozan Ruben Vardanyan kimi Qarabağa dəxli olmayan şəxsin Xankəndiyə gəlişi və geosiyasi aktorlar Laçın yolunda baş verənləri doğuran əsas səbəblərdir. Artıq hər kəs anlamalıdır ki, problem Qarabağ bölgəsinin yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam olaraq həll oluna bilər. Əvvəl-axır bu baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz.

- İrəvan beynəlxalq aləmə çağırış edir ki, Azərbaycan guya etnik təmizləmə aparır, erməni icması ilə danışıqlara getmir, Laçın yolunda baş verənlər ermənilərin bölgədən çıxarılmasına hesablanıb və s. Azərbaycan lideri Münhendə bu məsələyə aydınlıq gətirdi. Sizcə, Bakı kiminlə danışmalıdır?

- Azərbaycan Prezidenti kiminlə danışıla biləcəyini açıq şəkildə bildirdi. Şərt məlumdur: Vardanyan kimi Qarabağa göndərilmiş şəxslə danışıq olmayacaq. Bu adam Xankəndidən çıxmalıdır. Azərbaycanın “Qarabağın müstəqilliyi” və sair bu kimi radikal ideyaları davam etdirən ermənilərlə masaya oturmayacağı birmənalıdır.  Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycanın ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq.

- Yəni Azərbaycan daxili işinə qarışılmasına imkan verməyəcək...

- Təbii ki, Qarabağ erməniləri Azərbaycanın daxili məsələsidir. Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. Məsələn, dillərini inkişaf etdirmək hüququ. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Əlbəttə, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycanın daxili işi kimi baxırıq. Bu baxımdan, dialoq lazımdır. Dünya, Avropa təcrübəsinə baxaq: məsələn, macar azlığının kompakt yaşadığı Slovakiya. Onların ərazi muxtariyyəti yoxdur və bu heç bir etiraza səbəb olmur. Orada və bir sıra Avropa ölkələrində milli azlıqların heç bir ərazi statusu yoxdur.

- Necə düşünürsünüz, beynəlxalq aləm sülhlə bağlı, erməni azlıqla bağlı hansı fikirdədirlər?

- Müəyyən optimizm var, lakin bu, şərtidir. Danışıqlar, Avropanın, ABŞ-ın prosesdə rolu onu göstərir ki, əsas beynəlxalq oyunçular Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdırlar. Lakin Ermənistan çalışır ki, sülh danışıqları uzansın, onun maraqlarına uyğun olsun. Azərbaycanın siyasəti, mexanizmləri isə öz yerindədir. Hadisələr göstərir ki, bizim o 5 prinsipə əsaslanan sülh təklifimiz əsas olaraq götürülür. Qarabağdakı etnik ermənilərlə danışıqlar və onların ehtiyaclarının öyrənilməsi də gec-tez olmalıdır. 30 il bu ərazi işğal altında idi. İndi də Rusiya sülhməramlıların nəzarətindədir. Yenə deyirəm, təmaslar olmalıdır. Lakin Prezident İlham Əliyev tərəfindən bizim şərtlərimiz elan olunub. Daxili məsələlərimiz Azərbaycan Konstitusiyası çərçivəsində həll olunmalıdır. Bunu beynəlxalq aləm də belə qəbul etməlidir. Milli azlıqlarla bağlı onsuz da Azərbaycanın müəyyən siyasəti var. Ölkəmizdə ruslar, gürcülər, yəhudilər və digər azsaylı xalqlar yaşayır. Məsələn, Azərbaycan büdcəsindən rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər maliyyələşir. Belə mexanizmimiz varsa, niyə də erməni əhaliyə tətbiq olunmasın?! Burada əsas məsələ orada yaşayan erməni əhalinin Azərbaycanın suverenliyini, konstitusiyasını, qanunvericiliyini qəbul etməsidir.

Müəllif: Anar Bayramoğlu