İlham İsmayıl: “Rusiya sülhməramlılarının məqsədi Qarabağda azərbaycanlı və erməni davasının qarşısını almaq yox, Qarabağda möhkəmlənməkdir”
Şahin Cəfərli: “Rusiya Qarabağda mövqeyini gücləndirmək üçün münaqişənin alovlanmasında maraqlıdır”
Dekabrın 27-də Qarabağda ermənilərin növbəti təxribatı baş verib. Belə ki, Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qruplaşmasından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Və bəyan edib ki, bu kimi halların təkrarlanacağı təqdirdə, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.
Qeyd edək ki, bir müddət əvvəl də Xocavənd rayonunun Hadrut qəsəbəsində erməni təxribatı həyata keçirilmiş və 4 hərbçimiz şəhid olmuşdu.
Baş verənləri AYNA-ya şərh edən Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl, Ermənistan silahlı qüvvələrinin əvvəlki kimi, indi də Qarabağda fəaliyyət göstərdiyini deyib: “Bundan başqa, dünən Xankəndidən Ağdərə istiqamətinə erməni hərbi maşınları yola düşüb. Maşınların 16-nın arxasında uzaqdan vuran toplar olub. Yəni ki, erməni birləşmləri və silahları hələ də Qarabağdadır. Ermənistan Baş naziri Nikol Paşinyan onların sayının 25 minə yaxın olduğunu deyirdi. Tutaq ki, onların da 10 mini geri qayıdıb. Lakin 15 mini hələ də Qarabağdadır. Onlar da orada olduqca, bu insident davam edəcək. Hal-hazırda Tərtər-Ağdərə istiqamətində minamyot və pulemyotların atəşi gedir. Çünki nə qədər ki, Ermənistan silahlı qüvvələri Qarabağda tərk-silah olunmayıb, Laçın dəhlizindən çıxarılmayıb və dəhlizin başına - Azərbaycan-Ermənistan sərhədinə Azərbaycan Sərhəd Qoşunları nəzarət eləmir, bu, hər gün baş verəcək”.
“Rusiya sülhməramlılarının məqsədi Qarabağda azərbaycanlı və erməni davasının qarşısını almaq yox, Qarabağda məskunlaşmaqdır. Hətta, bu hadisələri bəhanə edib saylarını bir az da artırmağa çalışacaqlar. Ona görə də 10 noyabr bəyanatını ləğv etmək mümkün olmadığı üçün, ən azından, bəyanata korrektələr eləmək lazımdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq sərhədə biz nəzarət eləməliyik, sərhəd-keşik məntəqəsi yaratmalıyıq. Bunu etməsək, onda bizim ərazilərimizə kriminal da girəcək, ideoloq da, terroçu da. Hətta, Livandan yenə də ermənilərin köçünü təşkil edəcəklər. ASALA terror təşkilatı sonuncu hərbi şurasını 2015-ci ildə çağırmışdı, lakin bu şuranı yenidən çağırıblar. Oradan da adamlarını Livana, Livandan Xankəndiyə göndərəcəklər ki, ruslarla əlaqə yaratsınlar, perspektivi olan işləri bir yerdə görsünlər. Bunların hamısı bizə məlum olduğu halda, biz bu sərhədi bağlamasaq, bu hadisələr hər gün bizim başımıza gələcək. Rusiya rəhbərliyindən də tələb etmək lazımdır ki, Qarabağdakı erməni silahlıları tərk-silah olub torpaqlarımızdan çıxsınlar. Çünki Rusiya tərəfi də Qarabağda mövqeyini gücləndirmək üçün münaqişənin alovlanmasında maraqlıdır. Belə olan halda onlar nə birinci, nə də ikinci 5 illikdə Qarabağı tərk edəcəklər”, - həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, problem həlli hərbi yoldan daha çox, diplomatik qaydada həll olunmalıdır: “Düzdür, Azərbaycan Müdafiə Nazirliyi əməliyyat şəraitini daha yaxşı bilir. Deyək ki, Müdafiə Nazirliyi də bir-iki əməliyyat keçirdi və bir neçə erməni terrorçusu öldürüldü. Axı, bu, Qarabağ probleminin həlli olmayacaq. Həm də bu məsələdə Müdafiə Nazirliyinin əməliyyat keçirmək imkanları da məhduddur. Ona görə də problemin həlli üçün diplomatik səylər lazımdır”.
“Ən əsası isə bizim məcburi köçkünlər Xocalıya, Şuşaya, Ağdərəyə köçməlidir ki, bu problem həllini tapsın. Problemin ən əsas həlli bizim ora köçməyimizdir. Hətta, Cəbrayıldan da, Ağdamdan da, Kəlbəcərdən də də qabaq biz Yuxarı Qarabağa köçməliyik, orada müəyyən işlər görməli, tikintilər inşa etməliyik. Çünki belə olan halda, dinc erməni əhalisi dediyimiz ermənilər evlərini bizə satıb, çıxıb gedəcəklər. Problemin əsas həll yolu budur. Bu köçürülmə prosesi isə nəinki yubanır, ümumiyyətlə, addım atılmır. Bizim məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi üçtərəfli bəyanatda da yer alıb. Amma bu günə qədər bir rəsmimiz çıxıb demir ki, məsələn, gələn il bizim tikinti təşkilatlarımız Xocalıda mənzillər inşa edəcək ki, 2022-ci ildə sakinlərimiz ora köçsünlər. Ona görə də tezliklə hərəkətə keçmək lazımdır”, - deyə İsmayıl fikirni yekunlaşdırıb.
Siyasi şərhçi Şahin Cəfərli də AYNA-ya açıqlamasında bu cür insidentlərin sürpriz olmadığını deyib: “Çünki 10 noyabr bəyanatı Dağlıq Qarabağ münaqişəsini tam həll etmir. 10 noyabr bəyanatı bir sülh müqaviləsi deyil və bu bəyanat problemin gələcəyi ilə bağlı bir çox sualları açıq qoyur. Ən əsas problemlərdən biri də odur ki, erməni silahlı qüvvələri hələ də Dağlıq Qarabağ ərazisində qalır. O silahlı qüvvələrin yerli əhali, yaxud Ermənistan silahlı qüvvələri olmasının da elə bir prinsipial əhəmiyyəti yoxdur. Fakt odur ki, Azərbaycan ərazisində yenə də qanunsuz silahlı birləşmələr qalır”.
Politoloqun fikrincə, nə qədər ki, bu silahlı birləşmələr oradadır, əlbəttə ki, onlardan hər an bu cür provokativ addımlar gözləmək mümkündür: “Yəni, problemin kökü oradan qaynaqlanır ki, münaqişə hələ həll olunmayıb və bəzən aktiv, bəzən də passiv şəkildə bu vəziyyət davam edəcək. Problemin həlli isə kifayət qədər mürəkkəb bir məsələdir. Bir tərəfdən bununla bağlı 10 noyabr bəyanatında aydınlıq yoxdur. Düzdür, bəyanatın 4-cü bəndində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Yəni, biz bu maddəyə istinad edərək erməni silahlı qruplaşmalarının oradan çıxarılmasını tələb edə bilərik. Amma Rusiya və Ermənistan tərəfi bəyanatın 1-ci maddəsinə istinad edir. Rusiya Prezidenti Vladimir Putin də bu yaxınlarda keçirdiyi geniş mətbuat konfransında bu suala cavab olaraq 1-ci maddəyə istinad etdi. Həmin maddədə qeyd olunub ki, bundan sonra “tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaq. Belə çıxır ki, erməni silahlı qüvvələri atəşkəs anlaşması qüvvəyə minən anda hansı mövqedə dayanmışdılarsa, orada dayanmağa davam edəcəklər”.
“Bir sözlə, 1-ci maddə ilə 4-cü maddə arasında ziddiyyət var. İndi bu sənədlə bağlı da belə situasiya yaranır ki, mübahisələri çözən tərəf ancaq Moskvadır. Biz də bununla bağlı narazılıq və narahatlığımızı ancaq Rusiyaya bildirə və onlardan tələb edə bilərik ki, məsələ həll olunsun. Amma Rusiyanın da bu sənədlə bağlı öz şərhi var. Şərhi də bundan ibarətdir ki, tərəflər tutduqları mövqelərdə qalır. Bu da o deməkdir ki, bu məsələ hələ davam edəcək”, - Cəfərli vurğulayıb.
Müsahibimizin fikrincə, Rusiya məqsədlərini həyata keçirmək üçün Qarabağda bu cür gərginliklər yarada bilər: “Ona görə də erməni dəstələri gərginliyi bəzən aktiv fazaya keçirə bilər, bəzən də Rusiya onların qarşısını ala bilər. Söhbət isə ondan ibarətdir ki, Rusiyanın əlində həddən artıq vasitələr var və Rusiya istədiyi təqdirdə, hansısa məqsədlərini həyata keçirmək üçün, yaxud da Azərbaycan rəhbərliyindən hansısa məsələləri tələb etmək üçün Qarabağda bu cür gərginliklər yarada bilər. Yəni, bu məsələdə Rusiyanın manevr imkanları həddən artıq genişlənib. Əsas problem də bundan ibarətdir”.
Siyasi şərhçi hesab edir ki, Rusiya Qarabağda sülhməramlı kantingentinin sayını artırmaq üçün münaqişənin alovlanmasının tərəfdarıdır: “Ümumiyyətlə, Rusiyanın sülhməramlı kantingentinin sayını artırmaq istəməsi də sirr deyil. Bunu artıq Putin özü də qeyd edib ki, Azərbaycan istədiyi təqdirdə sayı artıra bilərlər. Əgər bunu dilə gətirirsə, deməli belə bir niyyət də var. Ona görə də bu cür insidentlər məhz Rusiyanın sözügedən niyyətinə xidmət edir. Yəni, göstərsinlər ki, tərəflər arasında gərginlik var, provokasiyalar törədilir, qarşısını almaq üçün də qüvvələri məhdduddur. Məsələn, Azərbaycan bu məsələni Rusiyanın qarşısında qaldıranda ki, niyə sizin qüvvələriniz ermənilərin təxribatlarının qarşısını almır, onda Rusiya cavab verəcək ki, qüvvələri məhdduddur, icazə verək qüvvələrinin sayını artırsınlar. Ona görə də Rusiyanın əlində həddən artıq geniş vasitələr var və əvvəlki dövrlərlə müqayisədə Azərbaycan və Ermənistan üzərindəki təsir və təzyiq vasitələrini artırıb”.