“Mətbuatdan narazısansa, informasiyanın əmtəə olduğunu başa düşərək, müftəyə qaçma və medianın müstəqilliyini sən təmin et”
Bəzən dünyanın “New York Times”ına, “Vashinqton Post”una, “Le Monde”, “Le Figaro”suna qibtə ilə yanaşır, öz-özümüzə düşünürük: necə olur ki, bu nəşrlər milyonlarla tirajla çıxır? Necə olur ki, insanlar hər səhərlərini qəzetlə açırlar. Əlbəttə, kifayət qədər dərin mövzudur. Səbəblər də az deyil. Bunlardan ən başlıcası isə Avropada və Amerikada informasiyaya verilən dəyərdir.
Oxucular qəzetləri pulla almaqla yanaşı, hətta saytlardakı xəbərlərlə tanış olmaqdan ötrü də vəsait ödəməyə razıdırlar. Yetər ki, ən son yeniliklərlə tanış olsunlar. Hələ illər əvvəldən Qərbdə geniş yayılan bu tendensiyaya ölkəmizdə də bir neçə dəfə cəhd edilməsinə rəğmən, demək olar, nəticəsiz qalıb.
AYNA xəbər verir ki, medianın gələcək taleyinə təsir edəcək bu vacib məqam barədə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Şərq” qəzetinə müsahibə verib. Müsahibənin aktuallığını nəzərə alaraq istinadla təqdim edirik:
- İnformasiyanın pulla satılmasına münasibətiniz necədir?
- Çox yaxşı. Azərbaycanda eyni təcrübəni tətbiq etməyə çalışsaq da, alınmayıb.
- Niyə?
- Çünki kütləvilik yoxdur. Tutalım, Azərbaycanda min sayt var. Onlardan biri pullu xidmət göstərməyə başlayanda, digər 999 fəaliyyətlərini eyni qaydada davam etdirərək, yeniliyin formalaşmasına mane olur. Amma bütün saytlar eyni vaxtda pullu xidmət göstərməyə başlasa, bir müddətdən sonra oxucular da informasiyaya vəsait ödəməyə vərdiş edərlər.
- Sözügedən təcrübəni belə vacib edən nədir?
- Birincisi, KİV özü-özünü maliyyələşdirə biləcək və bununla da müstəqilliyini təmin edəcək. İkincisi isə beləliklə, həm də sosial şəbəkələrdəki hərc-mərcliyə son qoyulacaq.
- Haqqında danışdığımız səbəblə əlaqədər olaraq saytların işi, deyəsən, daha ağırdır...
-Əvvəllər belə problem yox idi. Çünki oxucu qəzetdəki xəbəri oxumaq naminə pul verib, onu alırdı. İnternet meydana çıxdıqdan sonra isə vəziyyət dəyişdi. Hamı istəyir ki, hər şey müftə olsun. Bu, Sovet dövründən gələn pis adətdir. Həm də əslində müftə deyil. Axı oxucu onlayn mühitdən istifadə etməkdən ötrü internet pulu, işıq pulu ödəyir. Eyni zamanda həmin texniki cihazı-kompüteri, planşeti, smartfonu və s. alır. Vasitələrə pul ödəmək, vasitələrin vasitəsilə informasiyanı ödənişsiz əldə etmək düzgün deyil.
- Sözügedən praktika dünyada çoxdan mövcuddur...
-Əlbəttə. Məşhur “New York Times” illərdir ki, bu təcrübədən istifadə edir. Məsələn bu gün xəbərin bir abzasını təqdim edir, əgər oxucu davamı ilə tanış olmaq istəyirsə, pul ödəməlidir. Və ya, əksinə, vaxt çatdırsa oxucu onu bu gün pulsuz oxuya bilər. Sabahdan etibarən isə həmin xəbər ödənişli olacaq. Adını çəkdiyim qəzetin saytının bir aylıq abunəsi 99 sent, yəni təxminən bir dollardır. Onun 4-6 milyon abunəçisi var. İndi qazanılan gəliri siz təsəvvür edin.
- Müstəqil gəlir hesabına özü-özünü maliyyələşdirmə KİV-in simasını necə dəyişə bilər?
-Bu, çox mühüm məqamdır. Əgər mətbu nəşr maddi cəhətdən müstəqildirsə, yazdıqlarında da müstəqil olur. Nə yalan, nə qeyri-dəqiq xəbər, nə də xahiş-minnətli yazı yazır. Həmin amili oxucu da bilməlidir. Oxucu, auditoriya anlamalıdır ki, obyektiv informasiya, doğru xəbər istəyirsə, maddi müstəqilliyi özü təmin etməlidir. Ümumiyyətlə, informasiya ən bahalı əmtəədir.
- Nə üçün bu qənaətdəsiniz?
- Çünki infiormasiyalı adam işini düzgün qura bilər. Baş verənlərdən bixəbər olanlar isə bəzən həyatı bahasına başa gələ bilən səhvlərə yol verirlər.
- Deməli, mətbuatın müstəqilliyini təmin etmək üçün ilk təşəbbüs auditoriyadan gəlməlidir?
-Almaniyada milyonlarla tirajla çıxan “Berliner Saytunq” qəzeti var. Bu mətbu orqan reklam vermir. Oxucu deyir ki, əgər sən reklam versən, reklamçınının maraqlarına uyğun davranacaqsan. Bu məqamı nəzərə alaraq qəzetə abunə olur və real informasiyanı tələb edirlər. “Berliner Saytunq” da təkcə abunə hesabına fəaliyyət göstərir və tələbi ödəyir. Nəzərinizə çatdırım ki, bu mətbu orqanla hələ 10-15 il əvvəl Almaniyada olarkən tanış olmuşdum.
- Bəzən bizdə medianın qeyri-dəqiq informasiya verməyindən gileylənirlər...
- Mətbuatdan narazısansa, informasiyanın əmtəə olduğunu başa düşərək, müftəyə qaçma və medianın müstəqilliyini sən təmin et. Yox, pul ödəmək istəmirsənsə, onda nə isə tələb etmə və incimə.