Beşi bir-birinə qarşı, altıncısı hamıya: bu, necə əməkdaşlıqdır?!

Aktual

11.11.2021 - 10:23

“Təklif olunan “Altılıq platforması” ölü doğulmuş formatdır və yaranması real deyil”

İkinci Qarabağ müharibəsindən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən, Azərbaycan tərəfindən də dəstəklənən təşəbbüs - “3+3” formatı da adlandırılan “Altılıq platforması” barədə müzakirələr gedir. Qeyd edək ki, rəsmi Ankaranın təklif etdiyi sözügedən format üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan, Ermənistan və regiona qonşu olan üç ölkənin – Rusiya, Türkiyə və İranın iqtisadi əməkdaşlığının qurulmasını nəzərdə tutur.

Bir neçə gün öncə Türkiyə Prezidentinin açıqlaması sözügedən əməkdaşlıq formatın aktuallığını gündəmə gətirdi. Ərdoğan “3+3” formatından danışarkən söylədi ki, region ölkələrinin əməkdaşlığı bu platformada vacibdir və əgər ölkələr razılaşacaqsa, əməkdaşlıq tezliklə başlaya bilər.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da son açıqlamasında “3+3” formatının həyata keçirilməsi perspektivlərindən danışarkən deyib ki, Türkiyə və Azərbaycan prezidentlərinin irəli sürdüyü, “3+3” adlandırılan konsultativ regional mexanizmin yaradılması ideyasını dəstəkləyirlər: “Söhbət Cənubi Qafqaz ölkələrindən və onların qonşularından gedir - bunlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İrandır. Vurğulamaq istərdim ki, bu planların praktiki həyata keçirilməsinin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün potensial iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, onun işə salınması dövlətlərarası münasibətlərdə etimadın artmasına, mövcud ziddiyyətlərin tənzimlənməsinə, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edərdi. Suallar çoxdur. Format həm köhnə problemlərin həlli yollarını, həm də yeni çağırışlar üçün həll yolları təklif edə bilər və etməlidir”.

Amma “Altılıq platforması”nın mümkünlüyü haqqında bədbin fikirlər daha çoxdur. Səbəb isə formatda təmsil olunan ölkələr arasında gərgin siyasi münasibətlərdir. Xüsusilə də, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməməsi, Ermənistanla Türkiyə arasında problemlərin qalması, Rusiyanın Gürcüstanın hələ də işğalda saxladığı ərazilərinə görə münasibətlərinin gərginliyi və s.

Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən həftələrdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı Cənubi Qafqazda "3+3" formatında əməkdaşlıq platformasının yaradılması və Gürcüstanın bu platformada iştirakı ideyasını məqbul hesab etməyib. Təbii ki, ABŞ-ın bu formata münasibətdə Rusiya amilini əsas gətirməsi strateji baxımdan anlaşılandır.

Bununla yanaşı, Gürcüstanın özündə də formata birmənalı münasibət yoxdur. Məsələn, Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi "Altılıq platforması" haqda danışarkən, ölkəsinin hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməli olduğunu deyib. Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili isə Gürcüstanın "3+3" formatında iştirak edə bilməyəcəyini bildirib. Səbəb kimi də Rusiyanın bu formata qoşulmasını göstərib.

Rusiyalı politoloq Aleksey Fenenko hesab edir ki, hələlik Gürcüstan və Ermənistanın bu platformada təmsilçiliyi çətin görünür: “Böyük ehtimal, tezliklə “3+3” yox, “2+2” formatı yarana bilər. Yəni Rusiya-Azərbaycan-Türkiyə-İran formatının işə düşməsi mümkündür. Bakı, Moskva və Ankara üçün indi ən vacib məsələ İranın bu formata qoşulmasına nail olmaqdır. Təbii ki, İran razılıq versə, onda Ermənistan üçün regional problemləri müzakirə etməkdən boyun qaçırmaq artıq çətin olacaq. İrəvan regional dövlətlərlə qarşılıqlı əlaqə qurmalı olacaq. Məncə, sonda Gürcüstan və Ermənistan da platformaya qoşulacaq. Çünki əməkdaşlıqdan kənarda qalmaq onlar üçün sərfəli olmayacaq”.

Ermənistanlı politoloq Aleksandr İskəndəryan isə bildirib ki, “3+3” formatı mümkün deyil: “Gürcüstan, Rusiya, Türkiyə, İran, Ermənistan və Azərbaycanın eyni vaxtda cəlb oluna bildiyi format düşünün. Mümkündürmü? Əlbəttə, cavab “mümkün deyil”dir”.

Politoloq region ölkələri arasında mövcud olan ziddiyyətləri bu formata ciddi maneə hesab edir: “Bu format formal olaraq mövcud olsa da, sazişlər, sənədlər, bəyanatlar imzalansa da, format işləməyəcək. Səbəb isə bu 6 ölkənin maraqlarının nəinki üst-üstə düşməməsi, əksinə, əks qütblərdə olmasıdır. Rusiya, Türkiyə, İran və digər ölkələrin istəkləri bir-biri ilə ziddiyyət təşkil edir”.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə də AYNA-ya şərhində deyib ki, “3+3” formatı bir növ “ölü doğulmuş” platformadır. Onun fikrincə, “Altılıq platforması”nın yaranması real deyil: “İlk növbədə Cənubi Qafqaz ölkələrinə baxaq, görək vəziyyət necədir. Bu gün Gürcüstanla Rusiyanın əlaqələri, diplomatik münasibətləri mövcud deyil. Rusiya Gürcüstanın ərazilərini işğal edib, işğalda saxlamaqdadır. Belə olan halda, Gürcüstanın Rusiya ilə eyni platformada təmsilçiliyi necə real ola bilər? Yoxsa ki, Rusiya Gürcüstanın ərazilərini qaytarır? Düzdür, insani, iqtisadi əlaqələr var. Ruslar Tiflisə, gürcülər də Moskvaya gedə bilirlər, danışırlar. Amma siyasi, diplomatik əlaqələr yoxdur. Ölkələr arasında isə hansısa platformalarda əməkdaşlıq siyasi xarakter daşıyır”.

“Azərbaycanla Ermənistan arasında isə ümumiyyətlə, əlaqələr mövcud deyil. Nəinki siyasi-diplomatik, heç insani əlaqələr də yoxdur. Hələ yaxın illərdə də bu münasibətlərin bərpası mümkün görünmür. Türkiyə ilə Ermənistan arasında da əlaqələr yoxdur və Ermənistan-Azərbaycan münasibətləri bərpa olunmadığı müddətdə Ankara-İrəvan əlaqələri mümkün görünmür. Türkiyə rəhbərliyinin bəyanatları bunu deməyə əsas verir”, - deyə analitik vurğulayıb.

Əlizadə İranın da məsələyə isti yanaşmadığını qeyd edib: “Sentyabr-oktyabr aylarında İranla Azərbaycan arasında yaşanan gərginliyi hamımız gördük. Düzdür, indi rəsmilərin verdikləri açıqlamalara əsaən demək olar ki, vəziyyət nisbətən düzəlib. Amma Tehranın öz siyasəti var ki, bu, bir-iki il üçün hesablanmış siyasət deyil. Bölgədə yaşanan belə anormal vəziyyətdə hansı formatdan, platformadan, əməkdaşlıqdan danışmaq olar? Əlbəttə, mümkün deyil”.

Müəllif: Anar Bayramoğlu